Demoqrafik inkişaf hər bir ölkənin sosial-iqtisadi və siyasi gələcəyini müəyyən edən əsas amillərdən biridir. Əhalinin artımı, yaş strukturu, doğum və ölüm göstəriciləri dövlətin əmək potensialına, iqtisadi imkanlarına və sosial təminat sisteminə birbaşa təsir göstərir. Son illərdə Azərbaycanda müşahidə olunan mühüm demoqrafik tendensiyalardan biri doğum sayının və doğum əmsalının azalmasıdır. Aparılan hesablamalar göstərir ki, Azərbaycanda 2025-ci ildə 95 875 uşaq doğulub. Dövlət Statistika Komitəsinin cədvəlinə görə, bu, 1950-ci ildən bəri ən aşağı illik göstəricidir. 2015-ci ildə isə 166 210 uşaq doğulmuşdu. Azalma 42 faizdir.
Enmə bu il də davam edib: birinci yarımildə doğum ötən ilin eyni dövrünə görə 10,6 faiz azalıb, yanvar-avqustda 56 404 uşaq doğulub, hər min nəfərə düşən doğum 9,3-dən 8,2-yə enib. Lakin bunun nə qədər ciddi olduğu mübahisəlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vəziyyətin kritik həddə çatmadığını deyib. İqtisadçı Natiq Cəfərli isə “məmləkət demoqrafik fəlakətə doğru gedir” fikrindədir. Düzdür, əhali sayı hələ də artır: iyulun 1-nə 10 milyon 273 min nəfər qeydə alınıb. Amma artım tempi azalır. Nəslin özünü əvəzləməsi üçün adətən bir qadına 2,1 uşaq nisbəti olmalıdır. Azərbaycan 2016-cı ildən bu həddin altındadır. Statistika Komitəsinin hesablamasına görə, 2025-ci ildə hər qadın nəsli özünü təxminən 61 faiz əvəzləyir. Azalma hər yerdə eyni deyil. Şəhərdə bir qadına 1,2, kənddə 1,6 uşaq düşür. Bu ilin birinci yarısında hər min nəfərə doğum ölkə üzrə 8 olub, Dağlıq Şirvanda isə 10,1, Lənkəran-Astarada 9,9. Rəqəmlərin içində bir-birindən asılı olmayan iki ayrı proses var. Birincisi 1990-cı illərin izidir. 1991-ci ildə 190 353 uşaq doğulmuşdu, 2001-ci ildə isə 110 356. Müharibə və iqtisadi böhran illərində doğulan bu azsaylı nəsil indi valideynlik yaşındadır. Ona görə 20-29 yaşlıların sayı 10 ildə təxminən 27 faiz azalıb. Təkcə bu amil doğumu aşağı salmağa kifayət edir. Amma bu dalğa dəyişə bilir. 2000-ci illərin ortalarından doğum yenidən artmışdı və bu gün 15-19 yaşlılar 20-24 yaşlılardan xeyli çoxdur: 817 minə qarşı 672 min. Yaxın illərdə valideynlik yaşına çatanların sayı artacaq. İkinci proses isə dalğa ilə izah olunmur: hər qadına düşən uşaq sayı 2,1-dən 1,4-ə enib. Yəni valideynlik yaşında insanlar azalmaqla yanaşı, onların hər biri də daha az uşaq doğur. Yeni nəsil də indiki kimi az uşaq doğsa, doğum sayında ciddi bərpa olmaya bilər. Nikah statistikası da eyni istiqaməti göstərir. 2013-cü ildə 86 852 nikah qeydə alınmışdı, 2025-ci ildə 48 546. Bu ilin birinci yarısında isə nikah 22,5 faiz azalıb. Qadınların ilk nikah yaşı isə 10 ildə daha az dəyişib: 23,6-dan 24,1-ə. Yəni əsas fərq gec evlənmədə deyil, evlənənlərin sayındadır. Bu rəqəmlər yalnız rəsmi qeydə alınmış nikahlara aiddir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya görə, azalma daha çox insanların düşüncə tərzi ilə bağlıdır. O, ölkənin kritik həddə çatmayacağına inandığını bildirib və vəziyyəti inkişaf etmiş ölkələrlə müqayisə edib. Rəqəm bu müqayisəni qismən təsdiqləyir: “Eurostat”a görə, Avropa İttifaqında 2024-cü ildə bir qadına 1,34 uşaq düşüb. Amma Azərbaycanda göstərici cəmi on ildə 2,1-dən 1,4-ə enib. Natiq Cəfərli isə səbəbi iqtisadiyyatda görür. O, mənzilə çıxış imkanlarının məhdud olması, mənzillərin baha olması amilini önə çəkir, reproduktiv yaşda gənclərin kütləvi köçünün artdığını deyir. Bütün uşaqlara verilən aylıq uşaq pulu yoxdur. Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, bu ödəniş 2006-cı ildə ünvanlı sosial yardım tətbiq olunandan sonra ləğv edilib. O, pulun bərpasını təklif edir və əlavə edir: “Yaxşı olardı ki, çoxuşaqlı ailə statusu üçün tələb olunan uşaq sayı beşdən üçə endirilsin”. Təsir artıq məktəblərə qədər çatır. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov martda parlamentdə deyib ki, 2015-ci ildə məktəblərdə 1,5-1,6 milyon şagird oxuyurdusa, bu tempdə bir neçə ilə bu rəqəm 1 milyona enə bilər. Bu isə təxminən 50 min müəllimin işini riskə atır.
Sonrakı növbə əmək bazarı və pensiya sistemidir. 0-4 yaşlı uşaqların sayı 2015-ci ildəki 851 mindən 2026-cı ilin əvvəlinə 539 minə enib. Hesab edilir ki, pensiyaların maliyyələşdirilməsi dövlət büdcəsinin əsas yük istiqamətlərindən birinə çevriləcək. Yanvar-avqust aylarındakı temp qalsa, 2026-cı ildə təxminən 85 min uşaq doğulacaq. Statistika Komitəsinin cədvəlində ən aşağı göstərici hesab edilən 1950-ci ilin göstəricisi 90 280-dir. Doğum səviyyəsinin azalmasının bir neçə əsas səbəbi var. Qeyd edildiyi kimi, mənzil qiymətlərinin və gündəlik yaşayış xərclərinin artması, gənclərin işlə təmin olunmasında çətinliklər, gəlirlərin ailə ehtiyaclarını tam qarşılamaması övlad sahibi olmaq qərarına təsir göstərir. Bir çox gənc ailə iqtisadi sabitliyə nail olana qədər uşaq sahibi olmağı təxirə salır. Digər tərəfdən, qadınların təhsil və karyera imkanlarının genişlənməsi, şəhərləşmə, həyat tərzinin dəyişməsi və ailələrin daha azuşaqlı olmağa üstünlük verməsi də bu prosesə təsir edən amillərdəndir. Digər mühüm nəticə əmək bazarında baş verə biləcək dəyişikliklərlə bağlıdır. Doğulan uşaqların sayının uzun müddət aşağı səviyyədə qalması gələcəkdə əmək resurslarının azalmasına səbəb ola bilər. Bu, sənaye, kənd təsərrüfatı, tikinti, təhsil və səhiyyə kimi sahələrdə kadr çatışmazlığı riskini artıracaq. Əmək qüvvəsinin azalması iqtisadi artım tempinə, istehsal imkanlarına və ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Problemin həlli üçün kompleks dövlət siyasətinin həyata keçirilməsi vacibdir. Gənc ailələrə mənzil əldə etməkdə güzəştlərin verilməsi, uşaq müavinətlərinin və sosial dəstəyin artırılması, əlçatan uşaq bağçalarının yaradılması, analıq və atalıq məzuniyyəti imkanlarının genişləndirilməsi mühüm addımlar ola bilər. Eyni zamanda, qadınların əmək bazarında iştirakını dəstəkləyən çevik iş şəraitinin yaradılması ailə və karyera arasında tarazlığın qorunmasına kömək edər. Azərbaycanda doğum göstəricilərinin azalması yalnız statistik dəyişiklik deyil, ölkənin gələcək inkişafına təsir edə biləcək strateji məsələdir. Bu tendensiyanın qarşısını almaq üçün ailələrin sosial rifahının yüksəldilməsi, gənclərin gələcəyə inamının artırılması və uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsi üçün əlverişli şərait yaradılması zəruridir. Demoqrafik sabitlik yalnız doğum sayının artırılması ilə deyil, həm də insanların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə mümkündür.
Ramil QULİYEV