Qarşıdakı dövrdə əsas vəzifələrimiz qəbul edilmiş dəstək alətlərinin tam tətbiqi və onların iqtisadi təsirinin mütəmadi qiymətləndirilməsi, sənaye və istehsal layihələri üçün uzunmüddətli maliyyələşmə mexanizmləri yaradılması, qeyri-neft-qaz ixracının həcminin və coğrafiyasının genişləndirilməsi, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın təşviqi, 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdışa dair ikinci dövlət proqramının icrasını təmin etməkdən ibarətdir.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat olub: “2027-ci il üçün qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilib”.