Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri, iş adamı Samvel Karapetyan saxlanılıb. Karapetyan noyabrın 4-də səhər saatlarında onun və və “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində aparılan axtarışlardan sonra saxlanıb.
Bundan başqa, Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkəti ilə bağlı cinayət işi çərçivəsində daha 36 nəfər saxlanılıb.
Şirkətin İdarə Heyətinin üzvü Vardan Makaryan da saxlanılıb. O, əvvəllər Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Administrasiyasının rəhbəri vəzifəsində çalışıb, həmçinin Armen Sarkisyanın prezidentliyi dövründə Administrasiyanın rəhbərinin səlahiyyətlərini icra edib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, istintaq çərçivəsində eyni vaxtda 65 mənzildə və şirkətlərin ünvanlarında axtarış aparılıb. İstintaq Komitəsinin məlumatına görə, “Ermənistanın Elektrik şəbəkələri” şirkətinə vurulduğu bildirilən ziyanın məbləği 64,5 milyard dram (təxminən 180 milyon ABŞ dolları) təşkil edir.
Tahir TAĞIYEV