Bəhruz Quliyev: “Problem sülh müqaviləsinin mətnində deyil, Ermənistanın siyasi, hüquqi sistemində saxlanılan ziddiyyətlərdədir”
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan yaxın vaxtlarda vacib bir suala cavab tapmaq niyyətindədir: Yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanla tam sülh müqaviləsi bağlamaq üçün kifayətdirmi?
Hökumət rəhbəri bu barədə parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı danışıb.
Paşinyan bu barədə deyib: “Keçən həftə parlament müxalifəti çox haqlı və vacib bir sual verdi - yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaqmı? Yaxın vaxtlarda bütün səylərimizi bu suallara cavab tapmağa yönəldəcəyik”.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılmasını tələb edir. Məgər Paşinyanın buna şübhəsi var? Bu, nə oyunbazlıqdır?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev hesab edir ki, Paşinyanın yeni Konstitusiyanın qəbul edilməsinin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına gətirib çıxarıb-çıxarmayacağı barədə səsləndirdiyi fikirlər müəyyən suallar doğurur: “Əslində, bu sualın cavabı kifayət qədər aydındır. Problem sülh müqaviləsinin mətnində deyil, Ermənistanın siyasi və hüquqi sistemində hələ də saxlanılan ziddiyyətlərdədir. Azərbaycanın mövqeyi əvvəldən birmənalı olub. Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad mövcuddur. Həmin bəyannamədə isə keçmiş Dağlıq Qarabağla bağlı birləşmə aktına istinad edilir. Bu, mahiyyət etibarilə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hüquqi-siyasi əsaslarının saxlanılması deməkdir. İndi Paşinyan soruşur ki, yeni Konstitusiyanın qəbulu sülhə təminat verəcəkmi? Fikrimcə, burada məsələni bir qədər başqa istiqamətə yönəltmək cəhdi var. Axı Azərbaycan sülh müqaviləsinin imzalanması üçün öz şərtini açıq şəkildə ortaya qoyub. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, ilk növbədə bu narahatlığı aradan qaldırmalıdır. Bunun başqa cür izahına ehtiyac yoxdur. Digər tərəfdən, Paşinyanın bu məsələdə tərəddüdü onun ölkə daxilində üzləşdiyi siyasi müqavimətlə də bağlıdır. Ermənistanda revanşist qüvvələr hələ də mövcuddur və onlar sülh prosesini öz siyasi maraqlarına uyğun şəkildə manipulyasiya etməyə çalışırlar. Paşinyan isə bir tərəfdən sülhdən danışır, digər tərəfdən daxili siyasi məsuliyyəti müxalifətin üzərinə yönəltməyə çalışır”.
Politoloq onu da qeyd etdi ki, baş nazirin müxalifəti yeni Konstitusiyaya qarşı çıxacağı təqdirdə sülhə qarşı çıxmış kimi təqdim etməsi də siyasi taktikanın tərkib hissəsidir: “Amma burada əsas məsələ müxalifətin mövqeyi deyil, Ermənistan hakimiyyətinin konkret hüquqi və siyasi qərar qəbul etmək iradəsidir. Bir məqamı da unutmaq olmaz ki, Azərbaycan müharibə istəmir, regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarıdır. Lakin sülh birtərəfli güzəştlər hesabına qurula bilməz. Sülh qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınmasına əsaslanmalıdır. Paşinyan bilməlidir ki, sülh müqaviləsi sadəcə imza atmaqdan ibarət deyil. Bu, həm də siyasi düşüncənin dəyişməsi, keçmişin ərazi iddialarından imtina edilməsi və gələcəyə real təminat verilməsidir. Ona görə də İrəvanın qarşısında duran əsas sual yeni Konstitusiyanın sülhə kifayət edib-etməyəcəyi deyil. Əsas sual budur ki, Ermənistan həqiqətən Azərbaycanla sülh şəraitində yaşamağa hazırdırmı? Əgər hazırdırsa, bunu sözlə deyil, konkret hüquqi və siyasi addımlarla sübut etməlidir. Azərbaycanın mövqeyi bəllidir. Bizə davamlı sülh üçün qarşılıqlı etimad və hüquqi təminat lazımdır. Bunun alternativi isə yeni siyasi manipulyasiyalardır”.
Vidadi ODAHALLI