44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhər döyüşlərinə hazırlıqsız olması və əks-hücumları düzgün planlaşdıra bilməməsi onların müdafiə imkanlarını zəiflədib. Azərbaycan Ordusunun sürətli irəliləyişi qarşısında Ermənistan qüvvələri daha çox dağlıq ərazilərdə mövqe tutmağa çalışıb.
Bu fikirləri ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı zamanı deyib.
O qeyd edib ki, Ermənistan qüvvələri şəhərləri müdafiə etmək əvəzinə, əsasən dağlıq ərazilərdə və şəhərlərdən kənarda mövqelənməyə üstünlük verib.
Liam Kollinz Hadrut istiqamətində Ermənistan qüvvələrinin həyata keçirdiyi əks-hücumların da ciddi çatışmazlıqları üzə çıxardığını vurğulayıb.
"Ermənistan tərəfi Hadrutun itirilməsinin qarşısını almağa çalışaraq qüvvələri hissə-hissə döyüşə cəlb edib. Əks-hücumlar zamanı Ermənistan qüvvələri açıq dağ yollarında və artilleriya mövqelərində Azərbaycan Ordusunun zərbələrinə məruz qalaraq daha ağır vəziyyətə düşüblər. Bu isə onların geri çəkilməsini sürətləndirib və Azərbaycan Ordusunun əraziləri daha çevik şəkildə azad etməsinə şərait yaradıb", - deyə o əlavə edib.