Elşad Həsənov: “Apardığı səhv siyasət nəticəsində Birləşmiş Ştatlar seçiciləri ondan üz döndərdilər”
ABŞ prezidenti Donald Tramp reytinqinin enməsi və İranla müharibənin tənqid olunması fonunda seçkiqabağı çıxışlarını ləğv edib.
Noyabrın 3-nə təyin edilmiş ABŞ Konqresinə aralıq seçkilərinə dörd gün qalmış ABŞ prezidenti Donald Tramp respublikaçı ştatlarda nəzərdə tutulan iki seçkiqabağı mitinqi ləğv edib. İctimai çıxışlar əvəzinə o, diqqətini seçicilərə telefon müraciətləri üzərində cəmləşdirmək niyyətindədir. Halbuki, əvvəllər Tramp respublikaçı namizədləri dəstəkləmək məqsədilə 32 mitinq keçirəcəyini vəd etmişdi, amma buna əməl etmədi.
Onu da qeyd edək ki, Demokrat Partiyası Konqresin hətta bir palatasına belə nəzarəti bərpa edə bilsə, Tramp administrasiyasının qanunvericilik təşəbbüslərini bloklamaq, federal büdcəni nəzarətdə saxlamaq və Ağ Evlə bağlı araşdırmalara başlamaq imkanı qazanacaq.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, artıq Respublikaçılar Partiyası anlayır ki, Konqresə keçirilən aralıq seçkilərdə uduzacaqlar: “Bunun səbəbi Trampın apardığı səhv siyasətlə əlaqədardır. Bu səbəbdən onlar bu vəziyyətə düşüblər. Məhz buna görə də onun reytinqi kəskin şəkildə aşağı düşüb. Çünki seçicilərə verilən vədlər yerinə yetirilmədi. Söhbət prezident seçkilərində Trampın verdiyi vədlərdən gedir. Ancaq Tramp prezident olandan sonra inflyasiya artdı, yanacağın qiyməti yüksəldi. Əhalinin xərcləri bu səbəbdən xeyli artıb. Ona görə də ABŞ cəmiyyətində Trampdan narazılıq artıb. Xüsusən də İranla aparılan müharibəyə görə yanacağın qiyməti artıb. Bununla əlaqədar ABŞ-ın bir sıra şəhərlərində etiraz mitinqləri keçirilib. Üstəlik, İranla müharibəyə görə ABŞ 50 milyard dollar pul xərcləyib. Hələ bura ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarına dəyən ziyan daxil deyil. Bu səbəbdən Trampın seçicilərin qarşısına çıxmağa üzü yox idi. Seçicilərə nə deyərdi? Ukraynada gedən müharibə dayanmayıb, İranla qarşıdurma davam edir və bu səbəbdən Hörmüz boğazı bağlıdır. Fikrimcə, seçkidən sonra ABŞ-da siyasi qarşıdurmalar güclənəcək. Trampın impiçment məsələsi gündəmə gələcək. Trampın apardığı səhv siyasət nəticəsində Birləşmiş Ştatlar seçiciləri ondan üz döndərdilər. Bu da seçicilərin hüququdur. Bəzi məlumatlara görə, seçkidən sonra ABŞ yenidən İrana qarşı hərbi əməliyyatlara başlayacaq. Hesab edirəm ki, bu, Trampa qarşı narazılığı dahada artıracaq”.
Vidadi ORDAALLI