Polşanın keçmiş Baş naziri və yeni "İnkişaf Plus" siyasi alyansının lideri Mateuş Moravetski Donald Tusk hökumətinə etimadsızlıq səsverməsi keçirmək niyyətində olduğunu açıqlayıb və keçmiş spiker Marek Yurekin rəhbərlik etdiyi müvəqqəti kabinetin yaradılmasını təklif edir. Moravetski hesab edir ki, müvəqqəti hökumət 2027-ci il parlament seçkilərinə qədər fəaliyyət göstərməlidir. O, bu açıqlamanı ölkənin Konstitusiya Məhkəməsi ətrafında gərginləşən münaqişə fonunda verib.
Moravetski sosial media platforması X-də yazıb: "Biz Tusk hökumətinə etimadsızlıq səsverməsi təklifi təqdim edirik. Bizim təklifimiz seçkilərə qədər Marek Jurekin sədrliyi ilə müvəqqəti kabinetin yaradılmasıdır".
O, həmçinin Konstitusiya Məhkəməsinin yenidən qurulmasına çağırış edərək bildirib ki, solçu Razem qrupundan tutmuş mühafizəkar və sağçı qruplara qədər müxtəlif siyasi qüvvələrin nümayəndələri dəyişikliklərə ehtiyac olduğunu qəbul edirlər. Bununla belə, Moravetski qurumun nəzarətini ələ keçirməkdə ittiham etdiyi şəxslərin islahatlarda iştirakını məqbul hesab etmədiyini vurğulayıb.
"Bu koalisiyanın fəlakətlə nəticələnən hakimiyyətinin sonu yalnız başlanğıc olacaq - dünənki dramatik səhnələrin təkrarlanmaması üçün bundan sonrakı hadisələr üçün konkret bir plana ehtiyac var" – deyə siyasətçi bildirib.
Konstitusiya Məhkəməsini əhatə edən böhran oktyabrın 30-da hakim Anna Korvin-Piotrowskanın məhkəmə sədri Boqdan Şvençkovskinin və onun müavininin müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıldığını və qurumun rəhbərliyini öz üzərinə götürəcəyini elan etməsi ilə daha da dərinləşib.
Əvvəlki rəhbərlik isə bu hərəkətlərin qanunsuz olduğunu deyib. Polşa prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq ölkəyə qayıdıb və hadisələri konstitusiya quruluşunun pozulması adlandırıb. Tusk hökuməti isə qanunun aliliyini bərpa etməyə və parlament tərəfindən seçilmiş hakimlərin çalışmasına icazə verməyə çalışdığını iddia edir. Məhkəmənin tərkibi və səlahiyyətləri ilə bağlı mübahisə 2015-ci ildən bəri davam edir və bu hakimlərin təyinatı, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı fikir ayrılıqları ilə əlaqələndirilir.
Tahir TAĞIYEV