Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Amerika tərəfindən Moskvada terror aktına hazırlıq barədə məlumat alıb. TASS FSB-yə istinadən xəbər verir ki, daxil olan məlumatlar əsasında müvafiq işlər görülür.
"Moskvada terror aktına hazırlıq barədə tərəfdaş kanallar vasitəsilə Amerika tərəfindən məlumat aldıq, müvafiq tədbirlər görülür” - deyə. FSB-dən bildirib.
Rusiya agentliyi iddia edilən terror hücumu, mümkün hədəflər və ya görülən tədbirlər barədə başqa heç bir məlumat verməyib.
ABŞ-ın Moskvadakı səfirliyi isə Tsaritsyno Muzey-Qoruğunun ərazisində kütləvi insan tələfatı ilə nəticələnə biləcək insident təhlükəsi barədə xəbərdarlıq edib.
Amerika diplomatik missiyası insanları muzeyi və ətraf ərazini ziyarət etməməyə çağırıb.
Səfirlik 31 oktyabrda verilən xəbərdarlıqda ABŞ hakimiyyət orqanlarının cavab tədbirlərini müvafiq Rusiya hakimiyyət orqanları ilə əlaqələndirdiyini bildirib. İddia edilən təhlükənin təfərrüatları və nədən qaynaqlandığı barədə heç nə açıqlanmayıb.
Diplomatik missiya ABŞ vətəndaşlarına Dolskaya küçəsi 1 ünvanında yerləşən muzey-qoruğa yaxınlaşmamağı, ayıq-sayıq olmağı və izdihamlı yerlərdən qaçmağı tövsiyə edib. Amerikalılara həmçinin yerli xəbərləri izləmək, mobil telefonlarını aktiv vəziyyətdə saxlamaq və şəxsiyyəti təsdiq edən sənədləri üzərlərində gəzdirmək tövsiyə olunub.
Səfirlik vətəndaşları şəxsi təhlükəsizlik planlarını nəzərdən keçirməyə və sağlamlıq və təhlükəsizlik riskləri barədə xəbərdarlıqlar almaq üçün Smart Traveler Qeydiyyat Proqramına (STEP) qeydiyyatdan keçməyə çağırıb.
RİA xəbər agentliyinin Rusiya hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, Moskvanın cənubunda yerləşən saray muzeyi və park kompleksi olan Tsaritsyno Muzey-Qoruğu müvəqqəti olaraq bağlanıb və parka giriş hazırda məhdudlaşdırılıb. Hüquq-mühafizə orqanları ilə əlaqəsi olduğu bildirilən Rusiyanın Baza Telegram kanalı da parkın artıq bağlandığını və yalnız çıxışlar üçün açıq olduğunu bildirib.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir" deyə məlumatda bildirilir.
2024-cü ilin mart ayında ABŞ səfirliyi ekstremistlərin Moskvada hücum planları olduğu barədə xəbərdarlıq edib. Xəbərdarlıqdan bir neçə gün sonra silahlı şəxslər Moskvanın kənarındakı Crocus City Hall konsert məkanına hücum edərək 140-dan çox insanın ölümünə səbəb olub.
Tahir TAĞIYEV