Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Varşavada Konstitusiya Məhkəməsi ətrafında gecə ərzində baş verən qarşıdurma zamanı hakimiyyətin hərəkətləri ölkənin Konstitusiyanı pozaraq prezident respublikasına çevrilməsinin qarşısını almaq üçün zəruri olub.
"Dünən gecə Varşavada Konstitusiya Məhkəməsində baş verən hadisələr o qədər də zərif deyildi, amma bunun alternativi Polşanın konstitusiyaya zidd olaraq prezident respublikasına çevrilməsinə razılıq vermək olardı. Polşa hələ də parlament tərəfindən seçilmiş koalisiya hökuməti tərəfindən idarə olunur" – deyə Sikorski sosial mediada yazıb.
Polşa diplomatiyası rəhbərinin bəyanatı Baş nazir Donald Tusk hökuməti ilə Prezident Karol Navrotski arasında Konstitusiya Məhkəməsinə nəzarət uğrunda münaqişənin kəskin şəkildə artması fonunda verilib.
Hökumətin məhkəmə islahatlarına qarşı çıxan Navrotski dünən gecə baş verən hadisəni konstitusiya quruluşunun pozulması və dövlət qurumunun zorla ələ keçirilməsi adlandırıb. O, həmçinin siyasi vəziyyəti sabitləşdirmək üçün parlament fraksiyalarının nümayəndələri ilə təcili məsləhətləşmələr aparılacağını elan edib.
Hökumət öz növbəsində qanunun aliliyini bərpa etməyə və məhkəmənin tam fəaliyyətini təmin etməyə sadiq olduğunu bildirir.
Tahir TAĞIYEV