Əli Mustafa: “Ərazi iddiası irəli sürməklə regionda normal qonşuluq münasibətləri şəraitində yaşamaq mümkün deyil”
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib. O, hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməsi olduğunu deyib.
Paşinyanın fikrincə, Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır. O qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Baş nazir dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb: “Dünyada baş verənləri gördükdə anlayırıq ki, dünya nizamı, əslində, dağılır. Xoşbəxtlikdən, bu dövrdə biz sülhə nail ola bildik. Lakin vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Paşinyanın belə bir açıqlama ilə çıxış etməsi maraqlıdır: “Bununla o, məsuliyyətini dərk edən bir dövlət, hökumət başçısı kimi danışır. Eyni zamanda dünyada nə baş verdiyini bilən, anlaya, beynəlxalq münasibətlər sistemini oxuya bilən siyasətçi kimi məsələlərə münasibət bildirir. Yəni anlayır ki, ənənəvi paradiqmalar dağılıb gedir. O mənada ki, bu gün Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməklə Ermənistan dövlətinin var olması mümkün deyil. O üzdən, yeni düzən qurulur və burada kiçik, orta dövlətlərin başına hər bir şey gələ bilər. O cümlədən, Ermənistanı da hansısa risklər gözləyir. Ona görə də Paşinyan çalışır ki, Azərbaycanla dayanıqlı və uzunmüddətli sülh müqaviləsi imzalasın. Ermənistanın mövcud Konstitusiyası ölkənin var olmasına yox, yox olmasına xidmət edir. Ona görə də Paşinyan haqlı olaraq yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü ilə çıxış edir. Çünki Türkiyə və Azərbaycana qarşı ərazi iddiası irəli sürməklə regionda normal qonşuluq münasibətləri şəraitində yaşamaq mümkün deyil. Bütün bunları Paşinyan dərk etdiyi üçün vəziyyəti cəmiyyətə izah etməyə çalışır. Ermənistanda keçirilən sonuncu seçkilər onu göstərdi ki, erməni xalqı reallıqları dərk edir və Paşinyanı dəstəkləyir, onun siyasi kursunu qəbul edir. Fikrimcə, bütün bunlar Paşinyana əminlik verir və cəsarətlə proseslərin üzərinə gedir. Bir sıra məsələlərlə bağlı daha açıq danışır. Yeni tezislərlə çıxış edir”.
Vidadi ORDAHALLI