Türkmənistanın Belçikadakı səfiri Sapar Pəlvanov Avropa Neft və Qaz İstehsalçıları Beynəlxalq Assosiasiyasının ("IOGP Europe") Avropa şöbəsinin idarəedici direktoru Fransua-Regis Mouton de Lostalo ilə Türkmənistan təbii qazının Avropa bazarına tədarükü perspektivlərini və Xəzər bölgəsində enerji inkişafı məsələlərini müzakirə edib. Belçikadakı Türkmənistan səfirliyinin məlumatına görə, təşkilatın Avropa enerji siyasəti üzrə nümayəndəsi Enea Belardinelli də görüşdə iştirak edib. Xüsusi diqqət, Xəzər bölgəsində enerji infrastrukturunun inkişafı da daxil olmaqla, Türkmənistan təbii qazının Avropa bazarına nəqli perspektivlərinə yönəldilib.
"IOGP Europe" nümayəndələri Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün enerji təchizatının şaxələndirilməsinin vacibliyini, eləcə də enerji keçidində təbii qazın davamlı əhəmiyyətini vurğulayıblar. "IOGP Europe" ilə Türkmənqaz dövlət şirkəti arasında birbaşa əməkdaşlığın qurulması, eləcə də assosiasiyada təmsil olunan aparıcı beynəlxalq enerji şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi imkanlarını müzakirə edən tərəflər Avropa İttifaqının enerji təhlükəsizliyinin cari məsələləri, enerji mənbələrinin şaxələndirilməsi, təbii qazın enerji keçidində rolu və Türkmənistan ilə Avropa enerji birliyi arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Görüşdən sonra tərəflər enerji təhlükəsizliyinin gücləndirilməsinə, peşəkar mübadilənin inkişafına və Türkmənistanla Avropa enerji icması arasında tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş əlaqələrin davam etdirilməsində və praktiki əməkdaşlıq sahələrinin araşdırılmasında qarşılıqlı maraqlarını ifadə ediblər.
"IOGP Europe" "Shell", BP, "TotalEnergies", "ExxonMobil", "Chevron" və "Equinor" da daxil olmaqla aparıcı beynəlxalq neft və qaz şirkətlərinin maraqlarını təmsil edən, Brüsseldə yerləşən sənaye birliyidir. Türkmənistan səfirliyinin veb saytına görə, təşkilat enerji təhlükəsizliyi, iqlim siyasəti və enerji sektorunun tənzimlənməsi üzrə Aİ institutları ilə fəal əməkdaşlıq edir, neft-qaz sənayesinin maraqlarını təşviq edir və Aİ enerji siyasətinin əsas sahələrinin müzakirələrində iştirak edir. Aparılan müzakirələr fonunda isə görünən odur ki, Transxəzər qaz kəməri məsələsi də yenidən aktuallaşır. Çünki türkmən qazının Avropaya nəqli üçün ən əlverişli marşrut məhz budur.
Ramil QULİYEV