Son dövrlərdə Azərbaycanda əhalinin xarici valyutaya, xüsusilə ABŞ dollarına münasibətində müəyyən dəyişikliklər müşahidə olunur. Əvvəllər insanlar öz yığımlarını qorumaq və gələcəkdə yarana biləcək iqtisadi risklərdən sığortalanmaq məqsədilə dollar almağa üstünlük verirdilərsə, hazırda bəzi vətəndaşların dollar sataraq manat əldə etməsi diqqət çəkir. 2026-cı ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya özünü həm nağd, həm də qeyri-nağd seqmentdə aydın büruzə verib.
Mərkəzi Bankın yaydığı məlumatda deyilir: "2026-cı ilin 9 ayında mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışı 759 milyon ABŞ dolları qədər üstələyib. Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi son bir ildə 3.3 faiz bəndi azalaraq, 2026-cı ilin sentyabrında 25.7 faizə enib". Mərkəzi Bank əlavə edib ki, valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı bir şəraitdə qurum valyuta alışları həyata keçirib: "9 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 33.4 faiz artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib". İqtisadçılar isə bildirirlər ki, bu il Yaxın Şərqdə gərginliyin artması fonunda neftin bahalaşması ölkənin gəlirlərinə müsbət təsir göstərib. Bununla belə, ekspertlər bu müsbət amilə rəğmən, ölkədə iqtisadi fəallığın aşağı düşdüyünü və Ümumi Daxili Məhsulda (ÜDM) artımın cüzi olduğunu (bu ilin 9 ayında cəmi 1.5 faiz) vurğulayırlar.
Əhalinin dollar satmasının əsas səbəblərindən biri gündəlik xərclərin artmasıdır. Qiymətlərin yüksəlməsi, ailə büdcəsinə düşən yükün ağırlaşması və müxtəlif sosial ehtiyaclar insanların əvvəllər topladıqları valyuta ehtiyatlarından istifadə etməsinə səbəb olur. Xüsusilə gəlirləri manatla olan, lakin yığımlarını dollar şəklində saxlayan ailələr gündəlik tələbatlarını qarşılamaq üçün dollarlarını manata çevirirlər. Digər mühüm səbəb manatın məzənnəsinin uzun müddətdir sabit saxlanılmasıdır. Azərbaycanda manatın ABŞ dollarına qarşı məzənnəsinin sabit olması əhalidə milli valyutaya müəyyən etimad yaradır. Bu şəraitdə bəzi vətəndaşlar dollar saxlamaqdansa, manatla depozit yerləşdirməyə və faiz gəliri əldə etməyə üstünlük verirlər. Çünki bankların manatla əmanətlər üzrə təklif etdiyi faiz dərəcələri dollar əmanətləri ilə müqayisədə daha yüksəkdir. Dollar satışına təsir edən digər amil əhalinin maliyyə davranışlarının dəyişməsidir. Bəzi insanlar daşınmaz əmlak almaq, avtomobil əldə etmək, təmir işləri aparmaq və ya biznes fəaliyyətinə başlamaq üçün uzun müddət saxladıqları dollar ehtiyatlarını satışa çıxarırlar. Bu baxımdan dollar satışı hər zaman iqtisadi çətinlik əlaməti kimi qiymətləndirilməməlidir. Bəzən bu, sadəcə olaraq vəsaitin bir maliyyə formasından digərinə keçirilməsidir.
Samirə SƏFƏROVA