İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Xokkey Federasiyasının şikayətini təmin edərək, Beynəlxalq Xokkey Federasiyasını (IIHF) Rusiya yığmalarının beynəlxalq yarışlarda iştirakına icazə verməyə məcbur edib.
Qərara əsasən, Rusiya milli komandaları 2026/2027-ci il mövsümündə IIHF-nin himayəsi altında keçirilən müvafiq yarışlarda iştirak edə biləcəklər. CAS IIHF Şurasının Rusiya komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qəbul etdiyi beş qərarı ləğv edib. Məhkəmənin qərarı yekun xarakter daşıyır və şikayət verilə bilməz.
Rusiya Xokkey Federasiyası bu qərarı alqışlayıb. Rusiya idman naziri və Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyaryov bildirib ki, CAS Rusiyanın əsas tələblərini əsaslı hesab edib.
Qərar Avropa ölkələrində ciddi narazılıqla qarşılanıb. Beynəlxalq Xokkey Federasiyası CAS-ın qərarına hörmətlə yanaşacağını və onu icra edəcəyini bildirsə də, təhlükəsizliklə bağlı əvvəlki narahatlıqların aradan qalxmadığını vurğulayıb.
Xüsusilə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Almaniya qərardan narahatlığını ifadə edib. Almaniya Xokkey İttifaqının rəhbəri Frank Lutz bildirib ki, Rusiyanın turnirə buraxılması ölkə üçün təhlükəsizlik, siyasi və iqtisadi baxımdan ciddi nəticələr yarada bilər. Almaniya tərəfi Rusiya xokkeyçilərinin yarışlara qayıtmasının əleyhinə olduğunu açıqlayıb.
İsveç Xokkey Federasiyasının rəhbəri Anders Larsson da qərardan məyus olduğunu bildirib. Bununla belə, İsveç yığmasının dünya çempionatını boykot etməsini dəstəkləmədiyini qeyd edib.
Finlandiya, Çexiya və Ukrayna da Rusiya yığmasının beynəlxalq yarışlara qayıtmasına qarşı çıxan ölkələr sırasındadır.
Kanada Xokkey Federasiyası isə dekabrın 26-da başlayacaq gənclər arasında dünya çempionatında CAS qərarının hansı nəticələrə səbəb olacağının hələ aydın olmadığını bildirib.
Qeyd edək ki, 2027-ci il Xokkey üzrə Dünya Çempionatı mayın 14-dən 30-dək Almaniyada keçiriləcək. Rusiya yığmasının beynəlxalq yarışlarda iştirakı ilə bağlı yekun təşkilati məsələlərin həlli isə IIHF-nin qarşısında duran əsas vəzifələrdən biridir.
CAS-ın Rusiya xokkey yığmalarının beynəlxalq yarışlara qayıtması ilə bağlı qərarında ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımların və Moskvanın xeyrinə həyata keçirdiyi siyasi-diplomatik lobbiçiliyin nə dərəcədə rolu olub? Bu qərarı beynəlxalq idmanda Rusiyaya qarşı mövcud siyasi təcridin zəifləməsinin göstəricisi hesab etmək olarmı?
Akif Nağı: "İdman da siyasətin içərisindədir"
Politoloq Akif Nağı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, idmanın siyasətdən kənarda qalması ilə bağlı fikirlər reallığı əks etdirmir. Onun sözlərinə görə, bu gün idman yarışlarından tutmuş konsert və festivallara qədər müxtəlif sahələrdə siyasi maraqlar özünü göstərir.
Politoloq hesab edir ki, ABŞ və Rusiya arasında münasibətlərin müəyyən qədər yumşalması idman sahəsində də özünü göstərə bilər. Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Rusiyaya qarşı əvvəlki administrasiyadan fərqli, daha yumşaq mövqe nümayiş etdirir. Bunun arxasında həm şəxsi və biznes maraqları, həm də ABŞ-ın dövlət maraqları dayana bilər. Vaşinqton Rusiyanı daha böyük təhlükəyə çevirməmək və onu müəyyən mənada neytrallaşdırmaq xəttini seçmiş ola bilər.
Akif Nağının fikrincə, Rusiya ilə münasibətlərdə hərbi təzyiq və qarşıdurma yeganə çıxış yolu deyil. Tramp administrasiyası Moskvanı zərərsizləşdirmək üçün fərqli yanaşmalara üstünlük verə bilər. Sanksiyaların yumşaldılması və enerji sahəsində müəyyən razılaşmaların gündəmə gəlməsi də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Politoloq qeyd edib ki, Rusiyanın ən çox narazı qaldığı məsələlərdən biri ölkə idmançılarının beynəlxalq yarışlardan təcrid edilməsidir. Bu vəziyyət Rusiyada ciddi narazılıq doğurur. Bir sıra idmançılar başqa ölkələrin bayraqları altında çıxış etməyə məcbur olurlar. Rusiyada xokkeyin xüsusi populyarlığını nəzərə alsaq, beynəlxalq idman təmaslarının bərpası istiqamətində ilk addımların məhz bu idman növündən başlanması mümkündür.
Lakin Akif Nağı hesab edir ki, Rusiya idmançılarının beynəlxalq yarışlara qayıtması ciddi problemlər yarada bilər. Çünki Ukraynaya qarşı müharibə nəticəsində Rusiyaya münasibətdə həm Ukraynada, həm də Avropanın bir sıra ölkələrində güclü etiraz və narazılıq formalaşıb. Bu münasibətlərin idman meydanlarına da keçməsi istisna deyil.
Onun sözlərinə görə, Rusiya komandalarının beynəlxalq yarışlarda iştirakı zamanı azarkeşlərin etirazları, müxtəlif təxribatlar və oyunların pozulması kimi hallar baş verə bilər. Bu isə yarışların nüfuzuna mənfi təsir göstərə bilər. Hətta Rusiya komandaları ilə qarşılaşacaq ölkələrdə ictimai narazılıq yarana, həmin ölkələrin hökumətləri öz qərarlarına görə tənqid oluna bilər.
Politoloq vurğulayıb ki, Rusiyaya qarşı münasibətin yumşaldılması ilə bağlı təşəbbüslər müəyyən siyasi dəyişikliklərin əlaməti sayıla bilər. Ancaq bu prosesin nə qədər davamlı və effektiv olacağı hələ sual altındadır.
Akif Nağının qənaətinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsi, işğal etdiyi ərazilərdən geri çəkilmək niyyətində olmaması və NATO-nun 1997-ci il sərhədlərinə qayıtması kimi tələblər irəli sürməsi münasibətlərin normallaşmasına ciddi maneələr yaradır. Rusiya öz mövqeyindən geri çəkilmədiyi və müharibəyə görə məsuliyyətini qəbul etmədiyi müddətdə onun beynəlxalq təcridinin aradan qaldırılması real görünmür.
Dəniz NƏSİRLİ