Yaxın Şərqin ən varlı 50 ailəsi açıqlanıb. Səkkiz ölkədən iş adamları və ailələrin yer aldığı siyahıda ümumi sərvət 361,9 milyard dollardır.
“Forbes” siyahısında Türkiyədən ümumilikdə 11 şəxs və ailənin adı var və onların ümumi sərvəti 53,2 milyard dollardır. Bu məbləğ ümumi siyahıda açıqlanan 361,9 milyard dollarlıq ümumi aktivlərin təxminən 14,7%-ni təşkil edir.
Siyahıdakı türk iş adamları və ailələri arasında Hamdi Ulukaya, Koç ailəsi, Şahenk ailəsi, Bayraktar ailəsi, Murat Ülker, Şaban Cemil Kazancı, Erman Ilıcak, Hamdi Akın və ailəsi, Feridun Geçgel, Topbaş ailəsi və Eczacıbaşı ailəsi var.
Siyahıda ən yüksək sırada yer alan türk ABŞ-da yerləşən Chobani brendinin qurucusu Hamdi Ulukayadır. 10,7 milyard dollarlıq sərvəti ilə Ulukaya Orta Şərqdə ümumilikdə beşinci yerdə qərarlaşıb. Koç ailəsi 7,4 milyard dollarlıq aktivlərlə siyahıda 11-ci, Şahenk ailəsi isə 6,9 milyard dollarlıq aktivlərlə 16-cı yerdə qərarlaşıb. Müdafiə sənayesinə yatırdığı investisiyalarla tanınan Bayraktar ailəsi 5,2 milyard dollarlıq sərvətlə 25-ci, Yıldız Holdinqin aparıcı fiquru Murat Ülker isə 5,1 milyard dollarlıq sərvətlə 26-cı yerdə qərarlaşıb.
Yaxın Şərqin ən varlı ailələri siyahısına israilli Ofer ailəsi başçılıq edir. 69,1 milyard dollarlıq sərvəti ilə Ofer ailəsi siyahıdakı ümumi sərvətin təxminən 19%-ni təşkil edir.
İkinci yeri 25,9 milyard dollarla Səudiyyə Ərəbistanından olan Əlvalidin ailəsi, 17,1 milyard dollarla üçüncü yeri Birləşmiş Ərəb Əmirliklərindən olan Sajvani ailəsi tutur.
Tahir TAĞIYEV