Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini noyabr ayında dərc etməyi planlaşdırır. Bu barədə Ermənistanın Baş naziri Paşinyan parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Yeni Konstitusiyanın layihəsini dərc edəcəyik, ictimai müzakirələrə başlayacaq, təkliflər təqdim olunacaq və nəzərdən keçiriləcək. Bu proses yeni Konstitusiya layihəsinin ictimaiyyətimiz tərəfindən kifayət qədər müzakirə olunduğundan əmin olana qədər davam edəcək”, - deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, hökumətin qarşıda duran ən vacib vəzifələrindən biri Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsidir. Bu kontekstdə müxalifət yeni Konstitusiyanın qəbul edilməsinin müqavilənin imzalanmasına və hərtərəfli sülhün bərqərar olmasına zəmanət verib-verməməsi məsələsini gündəmə gətirir:
“Yaxın vaxtlarda səylərimiz bu suallara cavab tapmağa yönələcək. Əgər Ermənistanın hakim çoxluğu bu suala aydın şəkildə müsbət cavab versə və bununla bağlı yaranan suallara da inandırıcı cavablar təqdim etsə, əminəm ki, yeni Konstitusiyanın qəbul edilməsi prosesini belə müsbət cavablar fonunda davam etdirəcəyimiz təqdirdə Ermənistan Respublikasının vətəndaşlarının böyük əksəriyyəti seçki məntəqələrinə gedib yeni Konstitusiyanın lehinə səs verəcək.
Əgər müsbət cavablar alsaq və parlament müxalifəti buna qarşı səs versə, bu, müxalifətin Azərbaycanla sülhə qarşı çıxması demək olacaq. Belə bir halda, şübhəsiz ki, müxalifətə ictimai təzyiq göstəriləcək. Və inanıram ki, Ermənistanda hakim çoxluq bu təzyiqə rəhbərlik etməli olacaq".
Tahir TAĞIYEV