Türkiyənin Bakıdakı səfirliyinin 29 oktyabrda təşkil etdiyi Cümhuriyyət ziyafətinə illərdən sonra ilk dəfə dəvət olunmadım...
Belə olacağını əvvəldən bilirdim.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Son zamanlar AK Parti iqtidarından gələn məlum yanlışlara susmadım...
Əvvəl kiçik dini cərəyanları qabağa verdilər, nəbzimizi yoxlamaq istədilər. Yanlış oldu...
Sonra..
Cənab Ərdoğanın BMT kürsüsündə Azərbaycanı hədəfə alaraq "üstümüzə hicabla yürüməsi" də yanlış idi...
Onun ardınca "Saralın - Maralın" Azərbaycanı əxlaqdan uzaq düşməkdə suçlamaları isə yanlışdan törəmə yanlışlar oldu...
Prezident İlham Əliyev yanlışa və yanlışdan törəmə yanlışlara susmadı...
Bizlər də susmadıq. İlk etirazı ən açıq və qəti səviyyədə ifadə edənlərdən biri mən oldum.
Əliyev nə istəyirdi ki...?!
Dedi daxili işlərimizə qarışmayın.
Azərbaycan nə İrandır, nə də Türkiyə. Arada böyük fərqlər var.
İranda dövlət siyasəti ilə inanclı kəsim arasında balans yaratmaq problemi yoxdur. Zatən mollaların özləri hakimiyyətdədir. Türkiyədə də belədir - Dövlətin siyasəti və dindar islamçı kəsimin ikisi də bir əldədir. Onların da balansa ehtiyacı yoxdur.
Azərbaycanda isə dövlətlə inanclı təbəqənin arasında balansdan danışmağın sadəcə yeri yoxdur. Çünki dövlət yuxarıda, din və dindarlar onun himayəsi altındadır.
Demək, dövlətin dediyi və etdiyi qanundur. Bunun əksinə gedənlər işlərimizə müdaxilə etdilər... AK Parti iqtidarı kimi…
Qardaşlıqdan sui-istifadə etmək olmazdı...
Qardaşlıq o deyil ki hamı eyni olsun, ya bir-birinin yanlışına sussun..
Qardaşlıq uğura sevinməkdir, çətinə çiyin verməkdir, yanlışı mərdanə şəkildə üzə deməkdir, deyib də umu-küsü, intriqa aparmamaqdır...
Bu səbəbdən dövlət başçısı İlham Əliyev sözünü dedi, dövlətinin yanında durmalı olan vətənsevərlər olaraq bizlər də susmadıq...
Danışmayanlar da oldu.
"Danışsam, qardaşlığımıza xələl gələr" kimi yanlış düşüncəyə qapıldılar..
Hamı göründü...
Mən ən başdan susmadım...
Bir lokma tikənin acı deyiləm ki qorxam ki, səfirlik ziyafətlərə çağırmaz…
Atatürk kimi heç bir şəxsi təmənnası olmayan dövlət adamının adını hava limanından götürüb qaytarmayanların, qardaş dediyi ölkənin içinə ərkyana deyil, təmənna və pis xislətlə əl uzadanların süfrəsində əyləşməyi özümə şərəf bilmirəm...
Məni Türkiyə Cümhuriyyətinin səfirlik binasında arzuolunmaz şəxs sayanlara tək cavabım var - heç sizlər də mənim üçün arzuolunan deyilsiniz...
Türkiyə Cümhuriyyətinin Azərbaycanda səfirliyinin AK Parti hökumətinin nümayəndəliyi statusuna qədər kiçilməsi bizlərin günahı deyil…
Atatürkçü Türkiyə Cümhuriyyətinin yolunda baş qoyaram. Azərbaycanı siyasi-ideoloji olaraq xilafətə oxşatmaq istəyən AK Parti iqtidarının yolunda yox...
Daxili işimizə "hicab altında" müdaxilə edənlərin yolu "xilafət yoludur". Xilafət yolu ilə bizimki tutmaz...
Bizim yolumuz başqadır....
Rəhmətlik Süleyman Dəmirəl sərrast demişdi, xatırlayaq ruhu bir daha şad olsun - siyasət məscidə girməməlidir, girdisə müsəlmanlar bölünəcək...
Tahir TAĞIYEV