Elşad Həsənov:"Azərbaycana qarşı bu cür məkrli planlar və təxribat cəhdləri nəticəsiz qalacaq"
İrandan Azərbaycana silahlı şəxslərin sızma cəhdinin qarşısının alınması ciddi təhlükəsizlik məsələsidir. Bu hadisəyə yalnız sərhəd pozuntusu kimi deyil, mümkün siyasi, hərbi və kəşfiyyat məqsədləri baxımından da yanaşmaq lazımdır.
Azərbaycana iri partiyada silah idxalının hazırlıq mərhələsi sayıla bilərmi?
Silahlı şəxslərin Azərbaycana keçməkdə məqsədi nə olub və onların arxasında hansı qüvvələr dayanıb?
İrəli sürülən ehtimalları bir-birindən ayırmaq vacibdir. Çünki silahlı şəxslərin sızması ilə Azərbaycana iri partiyada silah gətirilməsi arasında əlaqə ola bilər, amma bunu təsdiqləyən konkret faktlar olmadan belə nəticəyə gəlmək düzgün olmaz.
Dövlət Sərhəd Xidmətinin 2 noyabr 2026-cı il tarixli məlumatına əsasən, hadisə Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Rəsmi açıqlamada bildirilir ki, İran istiqamətindən Azərbaycana doğru hərəkət edən sərhəd pozucuları müşahidə edilib.
Onlara dayanmaq əmri verilib və xəbərdarlıq atəşi açılıb.
Sərhəd pozucularından biri silahlı müqavimət göstərərək sərhədçilərə atəş açıb.
Həmin şəxs zərərsizləşdirilib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, DSX və Hərbi Prokurorluq birgə istintaq tədbirləri aparır.
Lakin rəsmi məlumatda şəxslərin kimliyi, konkret sayı, silahlarının növü və Azərbaycana keçməkdə məqsədləri açıqlanmayıb.
Hadisənin mümkün məqsədlərini bir neçə istiqamətdə nəzərdən keçirmək olar.
Ekspertlər hesab edirlər ki, birinci ehtimal – silah və digər qanunsuz vasitələrin qaçaqmalçılığı.
İran-Azərbaycan sərhədindən qanunsuz keçid cəhdləri müxtəlif məqsədlər daşıya bilər. Burada əsas məsələ həmin şəxslərin sadəcə sərhədi keçmək istəyib-istəməməsi deyil, onların konkret olaraq nəyi və kimə çatdırmaq niyyətində olmasıdır.
Sərhəddən qanunsuz keçməyə cəhd edən şəxslər müəyyən ərazilərin, sərhəd mühafizəsinin və mümkün keçid yollarının öyrənilməsi məqsədini güdə bilərlər. Bununla belə, hazırkı hadisədə belə bir məqsədin olduğu təsdiqlənməyib.
Üçüncü ehtimal – Azərbaycanda fəaliyyət göstərən qanunsuz şəbəkələrlə əlaqə.
Əgər sərhədi keçmək istəyən şəxslərin Azərbaycanda onları gözləyən əlaqələndiriciləri, qəbul məntəqələri və ya müəyyən tapşırıqları yerinə yetirəcək şəxsləri olubsa, bu, hadisənin daha geniş əməliyyatın tərkib hissəsi olduğunu göstərə bilər.
Silahlı müqavimət göstərilməsi bu ehtimalın araşdırılmasını zəruri edir. Ancaq silahlı müqavimət faktı özlüyündə terror və ya təxribat məqsədini sübut etmir.
İri partiyada silah gətirilməsinin hazırlıq mərhələsi ola bilərmi?
Ekspertlər hesab edirlər ki, belə bir ehtimalı istisna etmək olmaz. Silahlı şəxslərin sərhədi keçməsi gələcəkdə Azərbaycana daha böyük həcmdə silah gətirilməsi üçün ilkin mərhələ ola bilər.
Faktlar ortaya çıxarsa, o zaman hadisəni daha böyük silahlandırma planının ilkin mərhələsi kimi qiymətləndirmək üçün əsas yarana bilər.
Politoloq Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, İranda Azərbaycanın özünə tabe edilməsini, ölkəmizdə teokratik, yəni dini dövlət qurulmasını istəyən müəyyən qüvvələr mövcuddur. "Bu qüvvələr uzun illərdir öz məqsədlərinə çatmağa çalışırlar, lakin indiyədək heç bir ciddi nəticə əldə edə bilməyiblər.
Təəssüf ki, həmin qüvvələrin Azərbaycanda da tərəfdarları və əlaltıları var. Onların əsas fəaliyyət göstərən nümayəndələrinin bir çoxu illər ərzində həbs olunub, hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb. Buna baxmayaraq, onlar öz əməllərindən əl çəkmirlər və Azərbaycana qarşı məkrli fəaliyyətlərini davam etdirməyə çalışırlar.
İrandan Azərbaycana silahlı şəkildə keçmək istəyən qüvvələrin qarşısı alınıb. Onların bir qismi zərərsizləşdirilib, digərləri isə həbs olunaraq qanun qarşısında cavab veriblər. Bundan əvvəl də müasir dronlar vasitəsilə ölkəmizə narkotik vasitələrin və silahların keçirilməsinə cəhdlər olub. Lakin sərhədçilərimizin sayıqlığı nəticəsində bu cəhdlərin vaxtında qarşısı alınıb, dronlar vurulub, narkotik vasitələr aşkarlanaraq götürülüb".
E. Həsənovun vurğuladığına görə, bütün bunlar göstərir ki, həmin qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini müxtəlif vasitələrlə həyata keçirməyə çalışırlar. "Onların məqsədi ölkəmizdə müəyyən qarşıdurmalar yaratmaq, insanları radikallaşdırmaq və Azərbaycanı öz siyasi-dini təsirləri altına salmaqdır.
Burada narkotik vasitələr məsələsinə də xüsusi diqqət yetirmək lazımdır. Çünki narkotiklərin yayılması, insanları asılı vəziyyətə salmaq və onların iradəsinə təsir göstərmək müəyyən hallarda daha geniş təhlükəli planların tərkib hissəsinə çevrilə bilər. Beyni ideoloji təsirlərlə yuyulmuş, fanatikləşdirilmiş insanlar sonradan müxtəlif təxribatlara cəlb oluna, hətta əllərinə silah verilərək ölümə göndərilə bilərlər. Bu baxımdan narkotik vasitələrin ölkəmizə keçirilməsinə qarşı mübarizə həm də milli təhlükəsizliyimizin qorunması deməkdir.
Məhz buna görə də İranla olan sərhədlərimizin mühafizəsi yüksək səviyyədə təşkil olunub. Müasir elmi-texniki nailiyyətlərdən istifadə edilir, sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sərhədimizin hər bir hissəsi diqqət və nəzarət altındadır. Mövcud təhlükələr nəzərə alınaraq bu istiqamətdə tədbirlər daim gücləndirilir.
Biz bilirik ki, İrandakı müəyyən qüvvələr Azərbaycanda qarşıdurma yaratmağa, ölkəmizi öz təsirləri altına salmağa çalışırlar. Ancaq bu cür cəhdlərin uğur qazanması mümkün deyil. Azərbaycan dünyəvi dövlətdir, öz müstəqil siyasəti və dövlətçilik ənənələri olan ölkədir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətlərindən biri, beynəlxalq miqyasda tanınan və nüfuz qazanan ölkədir. G20 sammitinə dəvət olunması da ölkəmizin beynəlxalq mövqeyinin göstəricilərindən biridir.
Ona görə də hesab edirəm ki, Azərbaycana qarşı bu cür məkrli planlar və təxribat cəhdləri nəticəsiz qalacaq. Hər hansı təhlükə yarandığı təqdirdə, onun qarşısı vaxtında alınacaq. Sərhədçilərimizin sayıqlığı, peşəkarlığı və şücaəti sayəsində ölkəmizə narkotik vasitələrin, silahların və digər təhlükəli vasitələrin keçirilməsinə yönəlmiş cəhdlər bundan sonra da qətiyyətlə önlənəcək.
Azərbaycanın təhlükəsizliyi, dövlət müstəqilliyi və dünyəvi inkişaf yolu bizim üçün dəyişməz prioritetdir"-E. Həsənov qeyd etdi.
İradə SARIYEVA