İranın Azərbaycanla sərhəd bölgəsində, Araz çayının cənubunda ballistik raket buraxılış qurğuları yerləşdirdiyi iddia olunur. Sosial şəbəkələrdə yayılan foto və məlumatlarda Şərqi Azərbaycan əyalətinin Culfa şəhəri yaxınlığında ən azı iki raket qurğusunun və bir neçə hərbi maşının hərəkəti əks olunub. Məlumat İsrailin “JFeed” platforması və “Araz News” saytı tərəfindən yayılıb. Lakin bu iddianın rəsmi təsdiqi barədə məlumat yoxdur. Xəbər Azərbaycan hakimiyyətinin ölkəyə qarşı istənilən xarici təcavüzə qətiyyətlə cavab veriləcəyi barədə bəyanatı fonunda diqqət çəkir.
İranın Azərbaycanla sərhəd bölgəsində ballistik raket buraxılış qurğuları yerləşdirməsi ilə bağlı yayılan məlumatlar hansı hərbi və siyasi məqsədlərdən xəbər verə bilər? Bu iddialar təsdiqlənərsə, Tehranın belə bir addımını Azərbaycana qarşı potensial təzyiq və ya hərbi çəkindirmə cəhdi kimi qiymətləndirmək olarmı? Bu vəziyyət Azərbaycanın milli təhlükəsizliyi və regionda hərbi-siyasi qüvvələr balansı baxımından hansı riskləri yaradır?
İranın Azərbaycanla münasibətlərində dəfələrlə gərginlik yaradan addımlar atması rəsmi Bakının təhlükəsizlik məsələlərinə daha həssas yanaşmasını zəruri edir. Tehranın hərbi təhdidləri, sərhəd yaxınlığında keçirdiyi təlimlər və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilən davranışları iki ölkə arasındakı etimadı zəiflədən əsas amillərdəndir.
Əli Orucov: "Tehran rejimi Azərbaycan üçün təhlükə yaradan ölkələrdəndir"
Politoloq Əli Orucov məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, İran Azərbaycanla münasibətlərdə heç vaxt ardıcıl olaraq mehriban qonşuluq və dostluq prinsiplərinə əməl etməyib. Onun sözlərinə görə, müxtəlif vaxtlarda Azərbaycanın hava məkanının pozulması, ərazi sularına qanunsuz daxilolmalar, sərhədlərimiz yaxınlığında hərbi təlimlərin keçirilməsi və hədələyici bəyanatlar Tehranın siyasətində müşahidə olunan hallardır.
Politoloq qeyd edib ki, İranın Azərbaycana münasibətdə narahatlıq doğuran davranışları bununla məhdudlaşmır. Onun fikrincə, Tehran Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışıb, dini amildən istifadə edən radikal qruplara dəstək verib və digər təxribatçı fəaliyyətlərdə iştirak edib. Əli Orucov İranın Ermənistanla münasibətlərini və Qarabağın işğalı dövründə tutduğu mövqeyi də Azərbaycan üçün əlavə narahatlıq mənbəyi kimi qiymətləndirib.
Politoloq, xüsusilə ABŞ və İsrailin İrana qarşı fevral ayında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Naxçıvana pilotsuz uçuş aparatları ilə iki zərbə endirilməsi məsələsinə diqqət çəkib. Onun sözlərinə görə, bütün bu hadisələr Tehran hakimiyyətinin Azərbaycan üçün yarada biləcəyi təhlükələrin ciddi qiymətləndirilməsini tələb edir.
Əli Orucov hesab edir ki, SEPAH generallarının və İranın mühafizəkar siyasi dairələrinin Azərbaycana qarşı səsləndirdiyi təhdidlər də diqqətdən kənarda qalmamalıdır. Araz çayının cənubunda ballistik raket qurğularının yerləşdirilməsi ilə bağlı məlumatların rəsmi təsdiqini tapmadığını qeyd edən politoloq, bununla belə, regiondakı hərbi risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Onun fikrincə, Azərbaycan mümkün təhlükələrə qarşı adekvat tədbirlər görməli, müdafiə qabiliyyətini daha da gücləndirməli və paralel olaraq diplomatik kanallarla Tehrana ciddi xəbərdarlıq mesajları çatdırmalıdır. İranın atacağı hər hansı aqressiv addımın ağır nəticələr doğura biləcəyi qarşı tərəfə aydın şəkildə bildirilməlidir.
Politoloq düşünür ki, İranın Azərbaycanla açıq hərbi qarşıdurmaya getməsi ehtimalını məhdudlaşdıran mühüm amillər mövcuddur. Bunlara Azərbaycanın güclü dövlət və ordu potensialı, Türkiyə, Pakistan, İsrail və Böyük Britaniya ilə strateji münasibətləri, eləcə də Cənubi Azərbaycanda milyonlarla soydaşımızın yaşaması faktoru daxildir.
Əli Orucovun qənaətinə görə, bütün bu amillər Azərbaycanın təhlükəsizlik imkanlarını gücləndirsə də, mövcud vəziyyətdə arxayınlaşmaq olmaz. Bakı mümkün ssenarilərə hazır olmalı, həm hərbi müdafiə imkanlarını, həm də diplomatik mövqeyini gücləndirməlidir.
Akif NƏSİRLİ