Mərkəzi Bank banklara niyə mesaj verir ki, pullarınızı bizdə saxlamayın, bir-birinizə verin?
Azərbaycan Mərkəzi Bankının banklara ünvanladığı yeni mesaj maliyyə sektorunda diqqətçəkən bir istiqaməti ortaya qoyur: bankların sərbəst vəsaitləri Mərkəzi Bankda yerləşdirmək əvəzinə, banklararası pul bazarında dövr etməli, imkan daxilində isə kreditləşməyə yönəldilməlidir. İlk baxışdan bu, bankların likvid vəsaitlərinin daha səmərəli bölüşdürülməsinə xidmət edən texniki qərar təsiri bağışlaya bilər. Lakin məsələnin arxasında həm pul-kredit siyasətinin effektivliyi, həm bank sektorunda rəqabət, həm də real iqtisadiyyatın maliyyələşdirilməsi ilə bağlı daha geniş məqsədlər dayanır.
Mərkəzi Bankın sədri Taleh Kazımovun açıqlamasından aydın olur ki, tənzimləyici qurum bankların sərbəst likvidliyinin, özündə toplanmasından daha çox, banklararası bazarda hərəkət etməsində maraqlıdır. Hazırda bankların vəsaitlərini Mərkəzi Bankda 5 faizlə yerləşdirmək imkanı var. Bu, bank üçün nisbətən risksiz gəlir mənbəyidir. Bank vəsaitini Mərkəzi Bankda saxlayır, müəyyən gəlir əldə edir və digər bankın ödəmə qabiliyyəti ilə bağlı risk daşımır. Belə şəraitdə bankın könüllü şəkildə bu imkandan imtina edib vəsaitini başqa banka verməsi üçün iqtisadi əsas olmalıdır.
Deməli, banklararası bazarın inkişafı təkcə Mərkəzi Bankın çağırışı ilə mümkün deyil. Burada əsas məsələ gəlirlilik və risk nisbətidir. Əgər bir bank öz sərbəst vəsaitini Mərkəzi Bankda 5 faizlə yerləşdirə bilirsə, başqa banka borc verərkən ya daha yüksək gəlir əldə etməli, ya da bu əməliyyatın ona başqa iqtisadi üstünlüklər qazandıracağına əmin olmalıdır. Çünki banklararası kreditləşmədə qarşı tərəfin öhdəliklərini vaxtında yerinə yetirməməsi riski də mövcuddur. Buna görə banklar yalnız faiz gəlirini deyil, borc verdikləri bankın maliyyə vəziyyətini, likvidliyini və etibarlılığını da nəzərə alırlar.
Bəs Mərkəzi Bank niyə bankların vəsaitlərini özündə saxlamaqdansa, bir-birinə verməsini istəyir?
Bunun əsas səbəblərindən biri banklararası pul bazarının inkişaf etdirilməsidir. Təsəvvür edək ki, bir bankın sərbəst vəsaiti çoxdur, lakin həmin vəsaiti yerləşdirə biləcəyi kifayət qədər kredit tələbi yoxdur. Digər bankda isə əksinə, kreditləşmə imkanları və müştəri tələbi var, amma əlavə maliyyə resursuna ehtiyac yaranıb. Banklararası bazar məhz bu fərqi aradan qaldırmaq üçün mövcuddur. Bir bankın istifadə etmədiyi vəsait digər bankın maliyyə resursuna çevrilə bilər.
Bu mexanizm bankların likvidlik idarəetməsini də asanlaşdırır. Banklar hər dəfə yeni depozit cəlb etmədən və ya başqa maliyyə mənbələrinə müraciət etmədən qısamüddətli vəsait ehtiyaclarını ödəyə bilərlər. Nəticədə bank sistemində resursların bölgüsü daha çevik xarakter alır. Eyni zamanda, banklararası bazarda əməliyyatların artması faizlərin real tələb və təklif əsasında formalaşmasına, Mərkəzi Bankın pul-kredit siyasətinin bazar faizlərinə ötürülməsinə də kömək edə bilər.
Burada başqa bir mühüm məqam da var. Mərkəzi Bank valyuta bazarında dollar aldıqda bunun müqabilində bazara manat buraxır. Bu əməliyyat bank sistemində manat likvidliyini artırır. Mərkəzi Bankın sədri ilin sonunadək əlavə 500 milyon – 1 milyard dollar həcmində valyuta alışının mümkünlüyünü açıqlayıb. Belə alışlar davam etdikcə bank sistemində əlavə manat resursları yarana bilər. Bu vəsaitlərin hansı kanallarla yerləşdirilməsi və idarə olunması pul siyasəti baxımından əhəmiyyət daşıyır.
Əgər bankların sərbəst vəsaitləri əsasən Mərkəzi Bankda yerləşdirilirsə, tənzimləyici qurum həmin likvidliyin idarə edilməsində daha böyük rol oynayır. Banklararası bazarın genişlənməsi isə bu vəsaitlərin kommersiya bankları arasında yenidən bölüşdürülməsinə imkan verir. Bununla belə, bir məqamı dəqiqləşdirmək lazımdır: bankların Mərkəzi Bankdakı depozitlərini başqa banklara köçürməsi öz-özlüyündə iqtisadiyyata əlavə pul daxil olması demək deyil. Bu, ilk növbədə, mövcud likvidliyin banklar arasında yenidən bölüşdürülməsidir. Həmin vəsaitlərin real sektora kredit kimi çatması isə növbəti mərhələdən asılıdır.
Məsələn, əlavə likvidlik əldə edən bank bu vəsaiti sahibkarlara və əhaliyə kredit şəklində təqdim edə bilər. Kredit faizlərindən əldə etdiyi gəlir banklararası borclanmanın xərcindən yüksək olarsa, bu əməliyyat bank üçün iqtisadi baxımdan sərfəli olacaq. Ancaq burada da avtomatik nəticə gözləmək olmaz. Bankın kredit vermək imkanını yalnız sərbəst pul vəsaiti müəyyən etmir. Kapital adekvatlığı, kredit riskləri, problemli borclar, girov təminatı və bazarda real kredit tələbi də mühüm rol oynayır.
Digər tərəfdən, banklararası bazarın inkişafı banklar arasında qarşılıqlı etimadın mövcudluğunu tələb edir. Bir bank digərinə vəsait yerləşdirərkən həmin bankın maliyyə dayanıqlığını qiymətləndirməlidir. Maliyyə sistemində hər hansı gərginlik yaranarsa, banklar bir-birinə borc verməkdən çəkinə bilərlər. Belə vəziyyətdə Mərkəzi Bankın likvidlik təminatçısı kimi rolu yenə də vacib olaraq qalır. Ona görə də məqsəd Mərkəzi Bankın banklararası bazardan tamamilə çəkilməsi deyil, bazarın onun daimi vasitəçiliyinə ehtiyac duymadan işləyə bilməsidir.
Məsələnin digər tərəfi bankların kredit siyasəti ilə bağlıdır. Azərbaycanda bankların sərbəst vəsaitlərinin bir hissəsinin kreditləşməyə yönəldilməsi arzuolunan olsa da, bunun üçün təkcə maliyyə resurslarının mövcudluğu kifayət etmir. Banklar kredit verməkdə maraqlı olmalıdırlar. Bunun üçün sahibkarlıq mühitində investisiya fəallığı, biznes layihələrinin gəlirliliyi və borcalanların ödəmə qabiliyyəti də mühüm şərtlərdir. Kredit riski yüksək, gəlirlilik perspektivi zəifdirsə, bankın əlində sərbəst vəsait olsa belə, onu kreditə çevirməkdən çəkinməsi mümkündür.
Beləliklə, Mərkəzi Bankın banklara ünvanladığı mesajın mahiyyəti sadəcə vəsaitlərin bir hesabdan digərinə köçürülməsi deyil. Söhbət banklararası maliyyə bazarının dərinləşdirilməsindən, likvidliyin daha səmərəli bölüşdürülməsindən və bankların real iqtisadiyyatın maliyyələşdirilməsində iştirakının artırılmasından gedir. Lakin bu siyasətin nəticə verməsi üçün banklara iqtisadi stimul yaranmalı, banklararası əməliyyatların riskləri idarə olunmalı və kredit bazarında real tələbat mövcud olmalıdır.
Əks halda, Mərkəzi Bankın çağırışına baxmayaraq, banklar öz vəsaitlərini daha təhlükəsiz hesab etdikləri alətlərdə saxlamağa üstünlük verəcəklər. Əsas məsələ banklarda pulun olub-olmaması deyil, həmin pulun hansı şərtlərlə və hansı risklər hesabına iqtisadiyyata yönəldilməsidir.
Akif NƏSİRLİ