Polşa baş naziri Donald Tusk və prezident Karol Navrotski, eləcə də onları dəstəkləyən siyasi qüvvələri arasındakı qarşıdurma artıq ölkədə tammiqyaslı siyasi böhrana səbəb olub. Bundan başqa, vəziyyəti gərginləşdirən daha bir məqam baş verənlərdə xarici təsir faktorudur. Avropa İttifaqı açıq şəkildə Tusk hökumətinə dəstək verir. Donald Tusk özü isə iddia edir ki, vəziyyətin bu həddə çatmasında Rusiyapərəst qüvvələrin rolu böyükdür. Kreml bunu inkar edir, amma Polşa hökumətinin Konstitusiya Tribunalına qarşı addımlarını da pisləyir. İndi Polşada qarşı-qarşıya dayanan qüvvələrə müxtəlif xarici qüvvələrdən dəstək tərəflərin öz mövqeyini daha israrlı şəkildə müdafiə etməsinə səbəb olmaqdadır. Elə bu da siyasi böhranın yaxın tezlikdə həllini istisna edir. Əksinə, hökumət prezidenti, prezidentə bağlı qüvvələr isə hökuməti istefaya göndərməyə çalışır. Eyni zamanda Polşada baş verənlər Avropa İttifaqının nüfuz və mövqeyinə ciddi zərbə vurur.
Bir daha xatırladaq ki, Polşada Konstitusiya Tribunalı ətrafında yaranan qalmaqal ölkədə prezidentlə baş nazir arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Ziddiyyət prezident Karol Navrotskinin parlamentin aşağı palatası olan Seym tərəfindən seçilmiş Konstitusiya Tribunalı hakimlərinin bu qurumda fəaliyyətə başlamasını qadağan etməsindən sonra başlanıb. Xatırladaq ki, bu il Seym Konstitusiya Tribunalına altı yeni hakim seçdi. Navrotski onlardan yalnız ikisinin and içməsinə razılıq verdi. Qalan hakimlər parlamentdə and içdilər, lakin prezident və tribunal rəhbərliyi onların səlahiyyətlərini tanımadı. Bu fonda hakimlərdən biri olan Anna Korvin-Petrovskayanın Konstitusiya Tribunalının sədri Bohdan Şvençkovskini və onun müavini Bartomeş Soçanskini vəzifələrindən kənarlaşdırdığını bildirməsi, prezidentin və əsas müxalifət partiyası olan “Hüquq və Ədalət” Partiyasının buna qarşı çıxması ölkədə siyasi qarşıdurmaya və etiraz aksiyalarına yol açdı. Polşa baş naziri Donald Tusk polyaklara müraciətində prezidenti qanunun aliliyini məhv etməkdə günahlandırdı, eyni zamanda prosesdə kənar qüvvələrin, konkret Rusiyanın əlinin olduğunu bildirdi. O qeyd edib ki, demokratiyanı və qanunun aliliyini məhv etmək istəyən bəzi siyasi qüvvələr və təşkilatlar Rusiyapərəst qüvvələr tərəfindən dəstəklənir və həmçinin internet üzərindən Rusiya botları ordusunun yardımından istifadə edirlər. Onun sözlərinə görə, bu təşkilatlar və siyasətçilər hətta Kremlin baş ideoloqu tərəfindən ictimai şəkildə təriflərnirlər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşada baş verən siyasi böhranda Rusiyanın izinin olduğu barədə səsləndirilən fikirlərə ironik münasibət bildirib: “Bu nəqarəti sevirəm! ABŞ-də seçkilər? Ruslardır! İspaniyada miqrantlar? Ruslardır! Polşada konstitusiya çevrilişi? Əlbəttə ruslardır! Həqiqətdə isə Polşada konstitusiya çevrilişi baş verib. Polşa baş naziri Donald Tuskun liberalları “Hüquq və Ədalət” Partiyasından olan mühafizəkarları sıxışdırırlar.Oxşar hadisələr Ukraynada da baş verib”. Polşanın “Wprost” nəşri yazır ki, Konstitusiya Tribunalına nəzarətlə bağlı qızğın mübahisə həqiqətən də Rusiyanın diqqətini cəlb edib. İndi Moskva Polşa hökumətinə hücum etmək fürsəti görür, bundan yararlanır. Nəşr yazır ki, Rusiya Konstitusiya Tribunalındakı qalmaqala görə sevinclə əllərini ovuşdurur və artan qarşıdurmanı məmnuniyyətlə izləyir. Qeyd olunur ki, Polşada siyasi xaos nə qədər böyükdürsə, bu, bir o qədər Moskvanın xoşuna gəlir. Üstəlik, sonuncu münaqişədə heç bir tərəfi dəstəkləmir, sadəcə hadisələrin gedişatını məmnuniyyətlə izləyir. Bununla belə, nəşr Moskvavının Tusk hökumətinə qarşı olanlara rəğbət bəslədiyini də iddia edir. Bu şəraitdə Polşadakı hadisələr Avropa İttifaqı rəhbərliyini də prosesə müdaxilə etməyə vadar edib. Qurumun Qanunun Aliliyi üzrə məsul komissarı Maykl Makqrat xatırladıb ki, Venesiya Komissiyası yeni hakimlərin seçilməsinin Seymin səlahiyyətlərinə aid olduğunu açıq şəkildə bildirib. Makqrat xatırladıb ki, Polşa prezidenti Seym tərəfindən seçilmiş Konstitusiya Tribunalının hakimlərinin and içməsini dərhal qəbul etməli və onların öz işinə başlamasına imkan verməlidir. Amma Polşa prezidenti bu yanaşmanı qəbul etmir. Belaruslu ekspert Andrey Boqodel bildirir: “Polşadakı hadisələr təkcə ölkədə deyil, bütün Avropa İttifaqındakı real vəziyyəti əks etdirir. Brüssel tərəfindən təyin olunmuş siyasi hakimiyyət digər ölkələri yedizdirməkdən və silahlandırmaqdan bezmiş vətəndaşlarını unudub. Artıq Avropa İttifaqının birliyi təhlükə altındadır. Və biz bunu Varşavada çox aydın şəkildə görürük. Polşa daxilində vəziyyət çıxılmaz hala gəlib. İki paralel məhkəmə qurumu fəaliyyət göstərir. Heç bir tərəf digərinin legitimliyini tanımır ki, bu da hüquq sistemini iflic edir”.
İndi Polşa həm məhkəmə dəyişikliklərinin tərəfdarlarının, həm də əleyhdarlarının etirazları ilə çalxalanmaqda davam edir. Ölkə həm də Tusk hökumətinə qarşı etimadsızlıq səsverməsini gözləyir. Artıq keçmiş baş nazir Mateuş Moravetski parlamentdə müvafiq səsvermənin hazırlanması üçün lazımi prosesdurlara başlandığını bildirib. Lakin Tuskun lideri olduğu “Vətəndaş Koalsiyası” partiyasının parlament çoxluğu nəzərə alınmaqla, onun istefaya göndərilmə ehtimalı azdır, lakin o, ölkədə dərinləşən böhranla üzləşir. Üstəlik, prosesə kənar müdaxilə faktoru da vəziyyəti çətinləşdirir. Polşada, eləcə də Fransada, İtaliyada, Almaniyada baş verən son etirazlar isə Avropa İttifaqının mövqeyinə də mənfi müstəvidə ciddi təsir edir. Qurumun geosiyasi, geoiqtisadi güc mərkəzi kimi rəqibləri, o cümlədən Rusiya qarşısında mövqeyini zəiflədir.
Tahir TAĞIYEV