Azər Həsrət: “Onların dayandırıldığını görmədiyimizə görə də istər-istəməz elə AK Partinin özündən şübhələnirik”
Türkiyənin sosial media seqmentində və bəzi mətbuat resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin köhnə çıxışlarından montaj edilmiş videomaterialların və dezinformasiyaların yayılması halları baş verir.
Bununla bağlı Azərbaycan Respublikası Media və Yayım Şurası rəsmi xəbərdarlıq və açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir.
Vurğulanır ki, Prezident İlham Əliyevin səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.
“Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır", - açıqlamada qeyd olunub.
Türkiyənin sosial media seqmentində və bəzi mətbuat resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin köhnə çıxışlarından montaj edilmiş videomaterialların və dezinformasiyaların yayılmasınəyə xidmət edə bilər?
Azərbaycan Prezidenti adından yayılan bu dezinformasiya nə deməkdir, maraq nədir və əslində AKP iqtidarı o kampaniyanı durdura bilərdimi və niyə dirdurmadı?
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Türkiyənin aidiyyəti qurumları bu dezinformasiya kampaniyasını dayandırmalı idi, amma dayandırmayıb.
“Təəssüflər olsun ki, bu halı müşahidə edirik. Belə bir uyğunsuz və iki qardaş xalq və dövlət arasında nifaq salacaq vəziyyət hələ də davam edir. Əlbəttə ki, qardaş Türkiyədə özəlliklə də dezinformasiya ilə mübarizə qurumları bunun qarşısını almalı idilər. Amma biz görürük ki, onlar faktiki olaraq buna çox biganə yanaşırlar. Heç bir addım atılmır. Bu yalanların daha geniş tirajlanmasına hətta AK Parti trolları da könüldən dəstək verir. Bunun özü çox pis bir örnək təşkil edir və əlbəttə ki, haqlı olaraq da Azərbaycan xalqının, Azərbaycan ictimai rəyinin narazılığına səbəb olur. Azərbaycan Prezidenti həmişə sözü üzə deyən olub, yarımçıq fikirlər səsləndirməyib. Ümumiyyətlə, Azərbaycan Prezidentinin fikirləri, bütün çıxışları, danışdığı hər şey əlçatandır. Kimlərsə onun çıxışlarını bu və ya digər şəkildə kontekstdən çıxararaq, montaj edərək Türkiyə ictimai rəyini çaşdırmağa çalışırsa, bu o deməkdir ki, həmin o kimlərsə həm də qardaş Türkiyənin özünə böyük zərbə vurur. Yəni bunu anlamaq çətin olmasın gərək. Ona görə də mən düşünürəm ki, Türkiyənin müvafiq qurumları əslində hərəkət etməli idilər. Amma etmirlər. Biz onu görmürük. Onların dayandırıldığını görmədiyimizə görə də istər-istəməz elə AK Partinin özündən şübhələnirik. Yəni sən baş verən hadisələrə uyğun tədbirlər görmürsənsə, demək ki, ən azından o hadisələrdə yaxud o paylaşımlarda, təbliğatda maraqlısan”.
A.Həsrətin sözlərinə görə, hər halda biz biraz da fərqli düşünürük, “mümkündür ki, AK Parti trollarının özləri bunun arxasındadırlar” deyirik. “Belə bir durum varsa, bu iki qardaş xalq arasına məqsədli şəkildə nifaq salmaqdan başqa bir şey deyil. Kampaniya aparanlar bilməlidir ki, Azərbaycanla Türkiyənin arasını vurmaq bu iki xalqa, bir millətin iki dövlətinə ən böyük xəyanətdir. İndi kim var bu xəyanətin arxasında, artıq özləri hesablarını götürsünlər”-deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA