Ceyhun Məmmədov:"Bu açıqlamalar bir daha göstərir ki, Saral öz səhvini dərk etmir və yanlış mövqeyində israr etməkdə davam edir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabiq baş müşaviri Oktay Saral Azərbaycan dövlətindən və ya Prezident İlham Əliyevdən üzr istəməyəcəyini bəyan edib.
O.Saral verdiyi açıqlamada Azərbaycandan və ya Prezident İlham Əliyevdən üzr istəməsini tələb edəcək bir vəziyyətin olmadığını bəyan edib. O, sözlərində azərbaycanlıları və ya Azərbaycan dövlətini incidəcək bir şey etmədiyini, sadəcə öz fikrini söylədiyini vurğulayıb.
"Azərbaycanıdan üzr istəniləcək bir vəziyyət yoxdur.
Mən hökumət sözçüsü deyiləm. Prezidentlik adından hökumət sözçüsü bu duyğu və düşüncələri ifadə edən adamdır. Mən Prezidentlik adından danışmamışam.
Mən baş müşavir olsam da, insanam. Yəni insanın duyğuları yoxdurmu? Biz maşın deyilik ki! Mənim öz duyğularım var”-deyə Saral deyib.
O. Saralın Azərbaycana qarşı səsləndirdiyi fikirlərdən geri çəkilməməsi və üzr istəməkdən imtina etməsi ciddi suallar doğurur. Türkiyə Prezidentinin sabiq baş müşaviri Azərbaycanda hicab məsələsi ilə bağlı elə bir mövqe ortaya qoymuşdu ki, bu, ölkəmizin daxili işlərinə müdaxilə və dövlətimizin qərarlarına hörmətsizlik kimi qiymətləndirildi. Onun açıqlamalarında Azərbaycanın dövlətçilik prinsiplərinə və milli həssaslıqlarına münasibətdə qəbuledilməz yanaşma vardı.
Daha sonra Saral vəzifəsindən ayrıldı. Lakin bu addımdan sonra da o, Azərbaycandan və Prezident İlham Əliyevdən üzr istəməyə ehtiyac görmədiyini bəyan edir, əvvəlki mövqeyində qaldığını bildirir.
Burada haqlı olaraq belə bir sual yaranır: Əgər bu məsələ Türkiyə rəhbərliyi tərəfindən ciddi siyasi problem kimi qiymətləndirilibsə, Saralın bu qədər arxayın şəkildə əvvəlki mövqeyində qalması nə ilə bağlıdır?
Əgər ona qarşı həqiqətən prinsipial siyasi münasibət göstərilmiş olsaydı, belə bir açıqlamanın nəticələrini və məsuliyyətini daha ciddi şəkildə dərk etməsi gözlənilirdi. Vəzifədən ayrılmaqla məsələni bitmiş hesab etmək, eyni zamanda Azərbaycana qarşı səsləndirilən fikirlərdən geri çəkilməmək siyasi məsuliyyət anlayışı ilə uzlaşmır.
Bütün bunlar istər-istəməz belə bir təəssürat yaradır ki, Saralın açıqlamaları təkcə şəxsi mövqedən ibarət olmaya bilər. Onun hansı siyasi mühitə arxalandığı, bu məsələdə kimlərin maraqlarının üst-üstə düşdüyü və niyə özünü bu qədər arxayın hiss etdiyi araşdırılmalıdır.
Əlbəttə, bu, onun yuxarıdan, AKP-dən idarə olunduğunun sübutu kimi də görsənir. Lakin hadisələrin gedişi belə bir ehtimalı və siyasi məsuliyyət məsələsini gündəmə gətirir.
Azərbaycanla Türkiyə arasındakı münasibətlər şəxslərin siyasi ambisiyalarından və şəxsi bəyanatlarından daha böyükdür. Qardaşlıq münasibətləri qarşılıqlı hörmət, suverenliyə ehtiram və məsuliyyət tələb edir. Azərbaycanın dövlətçilik prinsiplərinə hörmətsiz yanaşmanın isə vəzifədən ayrılmaqla və ya “üzr istəməyə ehtiyac yoxdur” deməklə aradan qalxması mümkün deyil.
Saralın üzr istəməsi nəyin əlamətidir?
Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a açıqlamasında təəssüflə bildirib ki, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniya səngimir.
"Təəssüflər olsun ki, Türkiyədə Azərbaycana qarşı aparılan bu təxribatçı kampaniyanın şahidi oluruq. Burada söhbət yalnız Azərbaycan dövlətinin deyil, bütövlükdə Azərbaycan xalqının hədəfə alınmasından gedir. Belə yanaşmalar Azərbaycan-Türkiyə münasibətlərinə ciddi xələl gətirir.
Oktay Saralın son açıqlamalarına gəldikdə isə hesab edirəm ki, bu cür bəyanatların səsləndirilməsi özü yanlış addımdır. Mövcud siyasi vəziyyətdə münasibətlərin normallaşmasına ehtiyac olduğu halda, məsələnin yenidən gündəmə gətirilməsi və əvvəlki mövqedə israr edilməsi qəbuledilməzdir. Bu açıqlamalar bir daha göstərir ki, Saral öz səhvini dərk etmir və yanlış mövqeyində israr etməkdə davam edir.
Əslində, hər bir insan etdiyi səhvi başa düşməli, ondan nəticə çıxarmalı və yanlış davranışını düzəltməyə çalışmalıdır. Saral da səsləndirdiyi fikirlərin Azərbaycan xalqına qarşı hörmətsizlik olduğunu anlamalı və buna görə üzr istəməlidir.
Təəssüf ki, biz bunun əksini görürük. Yanlış mövqe davam etdirilir, Azərbaycana qarşı eyni fikirlər yenidən səsləndirilir. “Mən nə üçün üzr istəməliyəm?” sualına gəldikdə isə cavab aydındır: Azərbaycan xalqının heysiyyətinə toxunan, ona qarşı hörmətsizlik kimi qəbul edilən ifadələrə görə üzr istəmək lazımdır.
Bu, sadəcə diplomatik münasibətlərin deyil, həm də qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinin tələbidir"-deyə C. Məmmədov bildirdi.
İradə SARIYEVA