ABŞ Hörmüz boğazında yerləşən İranın Qeşm adasına zərbə endirib. “The Wall Street Journal” və CNN-in məlumatına görə, hücum noyabrın 2-də həyata keçirilib. ABŞ administrasiyasının adı açıqlanmayan rəsmiləri zərbələrin müdafiə xarakteri daşıdığını və məqsədin Hörmüz boğazında gəmiçiliyi və ABŞ-ın bölgədəki obyektlərini qorumaq olduğunu bildiriblər.
Məlumata görə, ABŞ son həftələrdə İrana qarşı bir neçə məhdud və gizli hərbi əməliyyat da həyata keçirib. Jurnalist Barak Ravid isə yazıb ki, noyabrın 2-də İranın İslam İnqilabı Keşikçiləri Korpusu Qeşm adasından Hörmüz boğazında Amerika təyyarəsinə raket atıb. Buna cavab olaraq ABŞ qırıcısı İranın yer-hava raket qurğusunu məhv edib.
İranın IRNA agentliyi Qeşm adasında beş partlayış baş verdiyini bildirib. Yerli sakinlər də səmada iki təyyarə gördüklərini söyləyiblər.
Qeyd olunur ki, Qeşm adası qlobal neft və qaz daşımaları baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazında yerləşir. Bölgədəki hərbi qarşıdurma beynəlxalq enerji bazarları və dəniz ticarəti üçün ciddi risklər yaradır.
ABŞ rəsmilərindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. ABŞ Prezidenti Donald Tramp isə İranla sülh razılaşmasının mümkünlüyünə dair nikbin fikirlər səsləndirib.
ABŞ-ın İranın Qeşm adasına zərbə endirməsi Vaşinqtonun Tehranla hərbi qarşıdurmanı yenidən genişləndirmək niyyətindən xəbər verirmi, yoxsa bu, Hörmüz boğazında gəmiçiliyi qorumaq məqsədi daşıyan məhdud hərbi əməliyyatdır?
ABŞ-ın bir tərəfdən İranla sülh razılaşmasının mümkünlüyündən danışması, digər tərəfdən bu ölkənin ərazisinə zərbələr endirməsi hansı siyasi və hərbi strategiyadan xəbər verir?
Züriyə Qarayeva: "Əsas təhlükə qarşılıqlı hərbi reaksiyaların nəzarətdən çıxmasıdır"
Politoloq Züriyə Qarayeva ABŞ-ın İranın Qeşm adasına zərbə endirməsi ilə bağlı yayılan məlumatları Vaşinqtonun Tehran üzərində hərbi təzyiqi davam etdirdiyini göstərən mühüm siqnal kimi qiymətləndirir.
Politoloq "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, hadisəni ABŞ-ın İrana qarşı genişmiqyaslı müharibəyə başlamaq qərarı kimi təqdim etmək hələ tezdir. Onun sözlərinə görə, yayılan məlumatlar təsdiqlənərsə və əməliyyat konkret raket qurğusuna qarşı həyata keçirilibsə, bu, zərbənin məhdud və hədəflənmiş hərbi cavab xarakteri daşıdığını göstərə bilər.
Bununla belə, Hörmüz boğazı kimi strateji əhəmiyyətli ərazidə baş verən istənilən hərbi insidentin daha geniş qarşıdurmaya çevrilməsi riski var. Xüsusilə İranın mümkün cavab tədbirləri, bölgədəki Amerika hərbi obyektlərinin təhlükəsizliyi və beynəlxalq enerji daşımalarının davamlılığı vəziyyəti daha da həssaslaşdırır. Politoloq hesab edir ki, əsas təhlükə tərəflərin əvvəlcədən genişmiqyaslı müharibə planlaşdırmasından daha çox, qarşılıqlı hərbi reaksiyaların nəzarətdən çıxması ehtimalıdır.
Züriyə Qarayeva qeyd edib ki, Vaşinqtonun bir tərəfdən diplomatik razılaşma imkanlarını gündəmdə saxlaması, digər tərəfdən hərbi əməliyyatları davam etdirməsi təzyiq və danışıqların paralel aparılması strategiyası kimi izah oluna bilər. ABŞ administrasiyası hərbi üstünlüyündən istifadə etməklə İranın danışıqlardakı mövqeyini zəiflətməyə, eyni zamanda genişmiqyaslı müharibənin siyasi və iqtisadi xərclərindən yayınmağa çalışa bilər.
Politoloqun fikrincə, ABŞ Prezidenti Donald Trampın sülh razılaşmasına dair nikbin açıqlamaları ilə məhdud hərbi zərbələrin eyni vaxtda baş verməsi də bu yanaşmaya uyğundur. Lakin belə siyasətin ziddiyyətli tərəfləri var. Hərbi təzyiq diplomatik güzəştlərə şərait yarada biləcəyi kimi, İran rəhbərliyinin mövqeyini sərtləşdirərək danışıqları da çətinləşdirə bilər.
O vurğulayıb ki, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması yalnız hərbi vasitələrlə mümkün deyil. Bunun üçün tərəflərin qarşılıqlı öhdəliklərini nəzərdə tutan siyasi razılaşmalara ehtiyac var. Əks halda, məhdud hərbi əməliyyatların davam etməsi regional qeyri-sabitliyi dərinləşdirə və beynəlxalq enerji təhlükəsizliyinə əlavə təhdidlər yarada bilər.
Dəniz NƏSİRLİ