Ermənistan üçün 2027-ci il iqtisadiyyat, dövlət quruluşu və təhlükəsizliyi baxımından dönüş nöqtəsi ola bilər. Xüsusilə, İrəvan yeni konstitusiya qəbul edə, milli sərhədlərinə nəzarəti ələ keçirə və "Tramp Yolu"nun tikintisinə başlaya bilər.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan gələn ilin büdcəsini parlamentə təqdim edərkən açıqlayıb. O deyib ki, büdcə gəlirlərinin 3,6 milyard dolları keçəcəyi proqnozlaşdırılır: “Qeyd etmək lazımdır ki, 2017-ci illə müqayisədə 2027-ci il üçün büdcə gəlirlərinin artımı 191% təşkil edir. Əlbəttə ki, inqilabdan əvvəlki son il olduğu kimi, 2017-ci illə müqayisələri ətalətdən aparırıq, amma indi onu ilk dəfə yenidən seçildiyimiz 2021-ci illə də müqayisə edə bilərik. 2021-ci illə müqayisədə artım 114% və ya təxminən 2,1 dəfə olacaq”. O, həmçinin qeyd edib ki, kapital xərclərinin artımı 2017-ci illə müqayisədə 223% və ya təxminən 3,2 dəfə, 2021-ci illə müqayisədə isə 253% və ya 3,5 dəfə artacaq. Təhsil və elm sahəsində də 2,3-2,8 dəfə artım müşahidə olunub. İcmalara verilən qrant və subvensiyaların ümumi sayı 2017-ci illə müqayisədə 157% və ya 2,5 dəfə, 2021-ci illə müqayisədə isə təxminən 70% və ya 1,7 dəfə artıb: “Bu rəqəmləri təqdim etdikdən sonra düşünürəm ki, bir suala cavab vermək vacibdir: bu böyük büdcədir, yoxsa kiçik? Bu çox vacib bir sualdır, amma bu mövzu ilə bağlı şərhlər verərkən demək istəyirəm ki, büdcə heç vaxt çox böyük olmur. Heç vaxt elə bir ölkə olmayıb və olmayacaq da ki, “Bilirsiniz, bu bizim üçün böyük bir büdcədir” desin. Buna görə də, büdcə nə qədər böyükdürsə, ehtiyaclar, xərclər və gözləntilər bir o qədər çox olur. Bu, təbii bir prosesdir, çünki bir ölkədə həyat səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşlarının gözləntiləri də bir o qədər yüksəkdir!”. Lakin baş nazirin gələn il üçün planları yalnız mühasibat uçotu ilə məhdudlaşmır. Görünür o, tarixə Ermənistanın ən böyük islahatçılarından biri kimi düşmək niyyətindədir. 2027-ci il bu yolda həlledici il olacaq.
Birincisi, Paşinyanın sözlərinə görə, noyabr ayında hökumət yeni Konstitusiya layihəsini dərc edəcək və bu layihədə Müstəqillik Bəyannaməsinə istinad olmayacaq, çünki orada Azərbaycana qarşı ərazi iddiaları yer alır: “Yeni Konstitusiyanın layihəsini dərc edəcəyik, ictimai müzakirələrə başlayacaq, təkliflər təqdim olunacaq və nəzərdən keçiriləcək. Bu proses yeni Konstitusiya layihəsinin ictimaiyyətimiz tərəfindən kifayət qədər müzakirə olunduğundan əmin olana qədər davam edəcək”.
Baş nazir qeyd edib ki, hökumətin qarşıdakı ən vacib vəzifələrindən biri Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsidir. Müxalifət nümayəndələri də öz növbəsində ondan yeni Konstitusiyanın Bakı ilə davamlı sülhə zəmanət verib-vermədiyini soruşublar. Paşinyan komandasının yaxın gələcəkdə bu suala cavab axtaracağını bildirib: "Əgər Ermənistanın hakim çoxluğu bu suala aydın və müsbət cavab verərsə və sonrakı sualları inandırıcı şəkildə cavablandırarsa, onda icazə verin, öz inamımı bildirim: əgər bu cür müsbət cavablarla yeni Konstitusiyanın qəbul edilməsi prosesinə başlasaq, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti seçki məntəqələrinə gedib "hə" səs verəcək. Əgər müsbət cavablar alsaq və parlament müxalifəti buna qarşı səs verərsə, bu, müxalifətin Azərbaycanla sülhə qarşı çıxdığı anlamına gələcək. Bu halda, şübhəsiz ki, müxalifətə ictimai təzyiq göstərilməyə başlayacaq. Və inanıram ki, hakim çoxluq bu təzyiqə rəhbərlik etməli olacaq". Paşinyan həmçinin bildirib ki, İrəvan artıq TRIPP layihəsini həyata keçirməyə başlayıb: "Ermənistan hökuməti, sonrakı proseslər təşkil olunmazdan əvvəl belə, öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil və elektrik xətləri üzrə layihələndirmə işlərinə başlayacaq. Biz vaxt itirmək istəmirik. TRIPP inkişaf şirkəti yaradılan kimi Ermənistan hökuməti tamamlanmış işi ona təhvil verəcək". Nikol Paşinyan əmindir ki, bu layihə Ermənistana 30 ildən çox davam edən blokadanı aradan qaldırmağa kömək edəcək: "TRIPP layihəsi nəticəsində Ermənistanın bütün istiqamətlərdə - həm şərq-qərb, həm də şimal-cənub istiqamətində maneələrin aradan qaldırılacağı dəqiq və birmənalı şəkildədir. Lakin bütün bu istiqamətlərdə maneələrin aradan qaldırılması bütün infrastrukturun TRIPP layihəsinin bir hissəsi olacağı anlamına gəlmir. TRIPP layihəsinə Nrnadzor-Karçevan dəmir yolu, eləcə də elektrik xətləri və avtomobil yolu daxil olacaq. Qaz və neft boru kəmərləri məsələləri daha sonra müzakirə olunacaq". Müvafiq sənəd bir gün əvvəl parlamentdə təsdiqləndi, lakin yalnız hakim “Vətəndaş Müqaviləsi” Partiyası onu dəstəklədi. “Güclü Ermənistan” partiyasından olan millət vəkili Tiqran Abrahamyan bildirib ki, onun partiyası buna səs verə bilərdi, lakin bunun üçün layihənin həyata keçirilməsinin əvvəlcə planlaşdırıldığı kimi Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə əlaqələndirilməsi lazım idi. Paşinyan bu cür şərhlərə cavab verməyib. O deyir ki, müxalifət "Tramp yolu"nu dəstəkləmir, çünki o, Rusiya və Avrasiya İqtisadi Birliyindəki (AİB) müəyyən dairələrin əmrləri ilə hərəkət edir və bunun qaçılmaz olaraq onlar üçün fəlakətlə nəticələnəcəyi gözlənilir. Bu arada, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycanla sərhədin demarkasiyasının növbəti mərhələsi barədə hələlik məlumatının olmadığını, lakin bunun tezliklə ortaya çıxacağını bildirib. O, layihənin həyata keçirilməsini sürətləndirmək üçün növbəti demarkasiya olunmuş hissənin "Tramp yolu"nun bir hissəsi olan Sünik bölgəsindəki ərazi ola biləcəyini bildirib. Bundan əlavə, 2027-ci ildə Ermənistan təhlükəsizlik qüvvələri sərhədin nəzarətini rusiyalı həmkarlarından təhvil almağa davam edəcək. Paşinyan hesab edir ki, bu proses orta müddətdə başa çatdırılmalıdır, lakin müəyyən islahatlar tələb olunacaq.
Məlum olduğu kimi, Ermənistan sərhədçiləri artıq dövlət sərhədinin bəzi hissələrini və əvvəllər rusların idarə etdiyi nəzarət məntəqələrini nəzarətə götürüblər. Bunlara “Zvartnots” Beynəlxalq Hava Limanı, “Aqarak” (İranla sərhəd) və “Marqara” və “Axurik” (Türkiyə ilə sərhəd) nəzarət məntəqələri daxildir. Rusiya sərhədçilərinin Ermənistan sərhədçiləri ilə əvəz edilməsi prosesi tədricən baş verir və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının imkanlarından asılıdır.
Tahir TAĞIYEV