ABŞ və İran arasında savaşdan ən çox təsirlənən regionda yerləşən ölkələrdir. Elə o səbəbdən onlar savaşın yeni mərhələsinin başlanmasına qarşıdırlar. Bu, həm də o kontekstdə özünü göstərir ki, İran yeni hərbi əməliyyatlar olacağı halda region ölkələrində təkcə ABŞ hərbi bazalarını yox, həm də infrastrukturu hədəf alacağını bəyan edir. Mümkün hərbi əməliyyatların qarşısının alınması üçün danışıqlar hələ ki, istənilən nəticəni vermir. Məhz belə bir vaxtda Məkkə Birgə Müdafiə Sazişinə imza atan ölkələr İranı bu sazişə qoşulmağa dəvət etməklə, həm yeni müharibənin qarşısını almağa, həm də Yaxın Şərqdə cərəyan edən hadisələrə yön verilməsində təsir imkanlarını artırmağa çalışırlar.
Hörmüz boğazının blokadası ərəb ölkələrindən Avropa, Asiya və Qərb yarımkürəsinə normal neft tədarükü üçün hələ də ən böyük maneədir. ABŞ və İsrailin İrana qarşı gözlənilən yeni hərbi əməliyyatları isə bu boğaz ətrafında vəziyyətin daha da gərgin müstəviyə daxil olacağını istisna etmir. Eyni zamanda, İrana bağlı qüvvələrin, xüsusən də Husilərin yeni savaş halında daha aktiv şəkildə əməliyyatlara cəlbi gözlənilir. Hadisələrin bu səpkidə inkişafı, İranla yanaşı, region ölkələrini də olduqca narahat edir. Onlar Vaşinqton və Təl-Əvivin müharibəyə meylli mövqeyindən narazılıq etsələr də, hələlik bunun qarşısını da ala bilmirlər. Məhz belə bir vaxtda region ölkələri müharibənin önlənməsi, enerji məhsullarının ixracında yaranan problemin qarşısını almaq üçün kifayət qədər maraqlı bir gediş etmək qərarına gəliblər. Söhbət Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında üçtərəfli hərbi sazişə dördüncü oyunçunun - İranın daxil edilməsi təşəbbüsündən gedir. Hələ bu ilin avqust ayında, Məkkədə bu üç ölkə arasında məlum paktın imzalanmasından iki həftə sonra İran rəsmiləri İslam Respublikasının sözügedən alyansa qoşulmaq üçün dəvət aldığını bildiriblər. O vaxt şiə İranı sünni müsəlman ölkələrinin hərbi paktına qoşulmağa tərəddüd etsə də, son aylar ərzində artıq çox şey dəyişib. İranpərəst Yəmən Husi qrupu Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparır. ABŞ-ın da İrana qarşı zərbələri istənilən vaxt bərpa oluna bilər və amerikalıların Səudiyyə Ərəbistanı və Türkiyədəki bazalardan istifadə etməsi, iranlıların isə bu iki ölkəni atəşə tutması mümkündür. Və bu fonda Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru Əhməd Çaudri dəvətin qüvvədə qaldığını təsdiqləyib. İran üzrə analitik Həmidrza Əzizi qeyd edir: “Sazişin İran üçün yaratdığı əsas məsələ onun gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyidir. Bu mexanizmin İranı əhatə edən regional təhlükəsizlik platformasına, yoxsa İranı balanslaşdırmağa çalışan koalisiyaya çevrilməsi barədə fərqli yanaşmalar mövcuddur. Məkkə sazişi İran üçün həm potensial təhlükə, həm də müəyyən imkanlar yaradır. Bir tərəfdən, bu mexanizm gələcəkdə İranı regional təhlükəsizlik sistemindən kənarda saxlaya və onun maraqlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, region dövlətlərinin ABŞ-dən təhlükəsizlik asılılığını azaltması İranın uzun müddətdir müdafiə etdiyi regional təhlükəsizlik konsepsiyası ilə müəyyən mənada üst-üstə düşür”.
İranın indiki şəraitdə Məkkə sazişinə qoşulması ölkənin bu paktda yer alan dövlətlərlə müharibəyə daxil olma ehtimalını aradan qaldırır. Bu günlərdə isə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman, Türkiyə kəşfiyyatının rəisi İbrahim Kalın və Pakistan ordusunun baş qərargah rəisi Asim Munir İranda səfərdə olublar. Burada iştirakçı ölkələrin region məsələlərdə birgə əməkdaşlığı əsas müzakirə predmeti olub. O da məlumdur ki, Səudiyyə Ərəbistanı belə təmaslar sayəsində husilərin ölkənin neft ixracına yaratdığı problemlərin aradan qalxmasına ümid edir. Eyni zamanda iddialar da səslənir ki, İranın Məkkə sazişinə daxil edilməsi ilə ABŞ-ın bu ölkəyə hücumlarının qarşısının alınması da üzv ölkələrin əsas məqsədləri sırasında yer alır. Rusiyalı politoloq Yelena Suponina bildirir: “Pakistan nümayəndələrinin İranın üçtərəfli pakta qoşulması ilə bağlı açıqlaması uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Bu mümkündür, lakin hazırda ehtimal olunmur. Bu cür açıqlamalar Yaxın Şərqdəki gərginliyi azaltmaq istəyindən irəli gəlir və Donald Trampın tez-tez qeyd etdiyi İranda rejim dəyişikliyi planlarının regiondakı bir çox ölkə üçün qəbuledilməz olduğunu nümayiş etdirir. Bu ölkələr İranla normal münasibətlər qurmaq istəyir”. Məkkə Müdafiə Sazişinə hər hansı üzv dövlətə edilən hücumun bütün tərəflərə edilən hücum kimi qəbul olunmasını nəzərdə tutulur. Bu razılaşma, regional təhlükəsizliyin dinamikasını dəyişdirən və Yaxın Şərqdə daha geniş bir münaqişə riskini artıran səkkiz ay davam edən İran-ABŞ münaqişəsi kontekstində getdikcə daha vacibdir. İran da bunun fərqindədir və əslində, sözügedən sazişin ABŞ qarşısında əsas müdafiə vasitələrindən birinə çevrilə biləcəyini yaxşı başa düşür. Amma İranın Məkkə sazişinə qoşulması halında ABŞ və İsrailin bu üç ölkə tərəfindən dayandırıla biləcəyi də dəqiq deyil. Hər halda, Məkkə sazişinə üzv ölkələr ilk növbədə ABŞ ilə hərbi müstəvidə üz-üzə gəlməkdə maraqlı deyil. Lakin ABŞ də üzv ölkələrin mövqeyini nəzərə almağa məcburdur.
Tahir TAĞIYEV