Faiq Ələkbərli: “Xarici ölkələrdə, xüsusilə Qərb dövlətlərində Qarabağ məsələsinə dair belə əsərlərin nəşr olunması dünya ictimaiyyətinin məlumatlandırılması baxımından əhəmiyyətlidir”
Amerikalı müəlliflər Liam Collins və John Spencer-in Qarabağ münaqişəsinin tarixi köklərini və 44 günlük Vətən müharibəsinin əsas hadisələrini təhlil edən “The War for Karabakh” adlı kitab yazıblar.
Bu kitab Qarabağın tarixi, Azərbaycanın bu müharibədə qələbəsi, bu kimi əhəmiyyətli məsələlərin xarici müəlliflər tərəfindən kitab şəklində araşdırılmasının beynəlxalq daxili mesajlar nöqteyi-nəzərindən nə kimi əhəmiyyəti var?
Amerikalı hərbi ekspertlər Liam Collins və John Spencer-in müəllifi olduğu “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh: Strategy, Technology, and Victory) kitabı Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ildəki antiterror tədbirlərində əldə etdiyi qələbəni Qərb hərb elmi və obyektiv analitik müstəvisində qiymətləndirən ilk irimiqyaslı tədqiqatlardan biridir.
Bu əsərin beynəlxalq və daxili mesajlar baxımından əhəmiyyəti bir neçə əsas istiqamətdə özünü göstərir.
Beynəlxalq müstəvidə əhəmiyyətinə diqqət yetirək.
Müəlliflər (o cümlədən Vest-Point Akademiyasının və ABŞ xüsusi təyinatlı qüvvələrinin mütəxəssisləri) sübut edirlər ki, Azərbaycanın qələbəsi təkcə texnologiya və ya PUA-larla deyil, 20 ildən artıq aparılan ardıcıl dövlət və ordu quruculuğu, strategiya, liderlik və birləşmiş qoşun növlərinin əlaqəli fəaliyyəti sayəsində əldə olunub. Bu, beynəlxalq hərbi dairələrdə Azərbaycanın hərbi sənətini və taktiki inkişafını elmi fakta çevirir.
Kitabın Cambria Press tərəfindən nəşr olunması və Qərb hərbi akademiyalarında tədrisə/müzakirəyə çıxarılması, mövzu ilə bağlı müəyyən dairələrdə mövcud olan birtərəfli və ya qərəzli təbliğat narrativlərini elmi-praktiki əsaslarla neytrallaşdırır.
Müəlliflərin müharibə iştirakçıları, komandirlər, mülki şəxslərlə intervyular aparması və bölgəyə (Şuşa, Hadrut, Füzuli, Zəngilan, Qubadlı istiqamətlərinə) dəfələrlə səfər etməsi araşdırmanın qərəzsizliyini və beynəlxalq səviyyədə etibarlılığını artırır.
Kitab Azərbaycan cəmiyyətinə və dövlətinə mesaj verir ki, qazanılmış tarixi qələbə təsadüfi və ya birtərəfli amillərin nəticəsi deyil, milli gücün, iqtisadi potensialın, Ali Baş Komandanın strateji idarəçiliyinin və cəmiyyət-ordu birliyinin harmoniyasından doğan qanunauyğunluqdur.
Müstəqil, xarici və tanınmış hərbi ekspertlər tərəfindən yazılmış belə fundamental əsər ölkə daxilində vətəndaşlarda dövlətin gücünə və gələcək təhlükəsizliyinə olan etimadı daha da artırır, həmçinin Azərbaycana qarşı yönələn dezinformasiya cəhdlərinə qarşı intellektual immun sistem yaradır.
Azərbaycanın Baku Book Center (Bakı Kitab Mərkəzi) və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə təqdim olunan bu əsər yerli hərbi mütəxəssislər və gənclər üçün müasir savaşın təhlili baxımından dəyərli dərslik rolunu oynayır.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, amerikalı müəlliflərin belə bir kitab ərsəyə gətirməsi müsbət haldır və bu beynəlxalq auditoriyaya Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək zəfər əldə etdiyini çatdırır.
“Düşünürəm ki, Qarabağ məsələsi, münaqişənin tarixi kökləri və 44 günlük Vətən müharibəsi ilə bağlı belə bir kitabın ərsəyə gəlməsi müsbət haldır.
Etiraf edim ki, hələ həmin kitabı oxumamışıq. Bununla belə, ümid edirik ki, əsərdə tarixi həqiqətlər, Azərbaycanın haqlı mövqeyi, Qarabağın tarixən Azərbaycan torpağı olması, Azərbaycan türklərinin bu ərazilərdəki tarixi varlığı və torpaqlarımızın işğalı faktları öz əksini tapıb.
Münaqişənin mahiyyətini araşdırarkən çar Rusiyasının, Sovet Rusiyasının, eləcə də Fransa və digər dövlətlərin, onların ideoloqlarının bu prosesdə oynadığı mənfi rola da diqqət yetirilməlidir. Ümid edirik ki, kitabda münaqişənin yalnız zahiri tərəfləri deyil, onun arxasında dayanan siyasi maraqlar, ideoloji yanaşmalar və geosiyasi qüvvələr də obyektiv şəkildə təhlil olunub.
Əlbəttə, belə bir kitabın nəşri mühüm hadisədir. Lakin burada əsas məsələ yalnız kitabın çap olunması deyil, onun hansı tarixi həqiqətləri və ideyaları ifadə etməsidir. Qarabağ münaqişəsinə yanaşarkən bütün tarixi və siyasi detalları nəzərə almaq, məsələyə birtərəfli deyil, hərtərəfli və obyektiv münasibət göstərmək vacibdir.
Xarici ölkələrdə, xüsusilə Qərb dövlətlərində Qarabağ məsələsinə dair belə əsərlərin nəşr olunması dünya ictimaiyyətinin məlumatlandırılması baxımından əhəmiyyətlidir”.
F.Ələkbərlinin fikrincə, əgər bu kitabda Azərbaycanın haqlı maraqları və mövqeyi də düzgün şəkildə əks olunubsa, onun nəşrini, şübhəsiz ki, müsbət və təqdirəlayiq hadisə hesab etmək olar.
“Ən başlıcası, Azərbaycanın tarixi həqiqətlərinin və haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə, xüsusilə ingilisdilli ölkələrdə-ABŞ-da və digər Qərb dövlətlərində daha geniş şəkildə çatdırılması olduqca vacibdir. Bu istiqamətdə nəşr olunan hər bir sanballı əsər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edə bilər”-deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA