ABŞ-da ara seçkilərdə Respublikaçıların ağır məğlubiyyətindən sonra Ağ Evdə vəzifədən azad edilmələrlə bağlı xəbərlər yayılıb. “Daily Mail” qəzetinin məlumatına görə, Ağ Evdəki şəxsi iqamətgahından seçkilərin nəticələrini izləyən prezident Donald Trampın qəzəbli olduğunu və bəzi yüksək vəzifəli məmurların kabinet dəyişikliklərini gözlədiyi bildirilir.
"Seçki məğlubiyyəti İran müharibəsi ilə əlaqələndirilib. Müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubionun vəzifədən azad edilməsi Ağ Evdə müzakirə olunur" – deyə qəzet qeyd edir.
Ağ Evin Aparat rəhbəri Suzi Uayls da seçki məğlubiyyətindən sonra vəzifədən azad edilməsi gözlənilənlər arasındadır. Mənbələr iddia edir ki, Uayls seçkilərdən əvvəl Trampa Respublikaçıların qalib gələcəyinə dair zəmanət verib.
“Daily Mail” qəzetinə danışan Ağ Ev rəsmisi deyib ki, İran müharibəsi olmasaydı, vəziyyət çox fərqli ola bilərdi: “Düşünürəm ki, Prezident sonda Heqseti vəzifədən azad edəcək".
Digər yüksək vəzifəli respublikaçı isə "Rubio bitdi" deyib. “CBS News”a danışan mənbələrə görə, Tramp seçkilərdə məğlubiyyətindən sonra müşavirlərindən müdafiə naziri Heqsetin vəzifəsində qalıb-qalmamalı olduğunu soruşub.
Qeyd olunub ki, Florida qubernatoru Ron DeSantis adı Heqsetin yerinə potensial namizəd kimi çəkilir, lakin Tramp hələ qərar verməyib.
Ağ Evin sözçüsü Anna Kelli isə iddiaları təkzib edərək bildirib ki, Tramp Heqsetə tam etibar edir. Pentaqonun sözçüsü Şon Parnell də “Fox News” bildirib ki, onun mümkün əvəzedicisi barədə məlumatlara baxmayaraq, Heqset Trampın prezidentlik müddətinin sonuna qədər ABŞ hərbi naziri vəzifəsində qalacaq.
Tahir TAĞIYEV