ABŞ-də Respublikaçıların Konqresə keçirilən aralıq seçkilərdə məğlub olması barədə xəbərlər fonunda neft qiymətləri yüksəlib. Belə ki, investorlar Vaşinqtonun İranla müharibədə növbəti addımını gözləyir. Aralıq seçkilərdə demokratlar Konqresə nəzarəti ələ keçiriblər. Son iki ildə prezident Donald Trampın Respublikaçılar Partiyası hər iki palatada üstünlüyünü saxlayırdı.
"Brent" markalı neftin fyuçersləri 82 sent və ya 0.8 faiz bahalaşaraq bir barel üçün 104.42 dollara çatıb. ABŞ-ın "Qərbi Texas" markalı neftinin fyuçersləri isə 50 sent və ya 0.5 faiz artımla 96.59 dollara yüksəlib. "Phillip Nova" şirkətinin bazar təhlili şöbəsinin rəhbəri Priyanka Saçdeva "Reuters" agentliyinə bildirib: "Prezident Trampın ziddiyyətli siqnalları – bir tərəfdən hərbi zərbələrin davam etməsi, digər tərəfdən isə gərginliyin artması ehtimalını azaltmağa yönəlmiş bəyanatları – treyderlərin bazarın istiqamətinə dair dəqiq qərar verməsini çətinləşdirib". O, Hörmüz boğazı ətrafında neft tədarükünün pozulması risklərinin hələ də aradan qalxmadığını, ABŞ-də xam neft ehtiyatlarının gözlənilmədən azalmasının da qiymətlərə fundamental dəstək verdiyini vurğulayıb. Yayılan xəbərlərə görə, Amerika qüvvələri İranın Qeşm adasına "müdafiə xarakterli" zərbələr endirib və ABŞ obyektlərinə qarşı istifadə edilən zenit raketlərinin hədəf alındığı açıqlanıb. Rəsmi şəxslərdən birinin dediyinə görə, zərbələr məhdud miqyaslı olub və genişmiqyaslı döyüş əməliyyatlarının yenidən başlanması demək deyil. İranın yüksək vəzifəli rəsmilərindən biri "Reuters"ə müsahibəsində İran və ABŞ-nin müharibəyə son qoyacaq razılaşmadan hələ də çox uzaq olduqlarını deyib. Tramp isə "The Financial Times" qəzetinə bildirib ki, Birləşmiş Ştatların yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur.
Tahir TAĞIYEV