ABŞ-da keçiriləcək aralıq seçkilər nəticəsində Demokratlar Partiyasının həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu ələ alması ölkənin xarici siyasət kursuna, o cümlədən Azərbaycanla münasibətlərinə təsirsiz ötüşməyə bilər. Xüsusilə, Konqresdə siyasi qüvvələr nisbətinin dəyişməsi Vaşinqtonun Cənubi Qafqaz siyasətində, Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmasında, hərbi və iqtisadi əməkdaşlıq məsələlərində yeni müzakirələrə yol aça bilər. Bu baxımdan Demokratların Konqresdə üstünlük qazanmasının ABŞ-ın Azərbaycana münasibətində hansı dəyişikliklərə səbəb ola biləcəyi diqqət mərkəzindədir.
Demokratlar Partiyasının ABŞ Senatında və Nümayəndələr Palatasında çoxluğu ələ keçirməsi Vaşinqtonun Azərbaycanla bağlı siyasətinə necə təsir göstərəcək? Konqresdə Demokratların üstünlük qazanması Azərbaycana qarşı siyasi təzyiqlərin artmasına, Ermənistanın daha çox dəstəklənməsinə və ikitərəfli münasibətlərdə müəyyən məhdudiyyətlərin yaranmasına gətirib çıxara bilərmi? Yoxsa ABŞ-ın strateji və iqtisadi maraqları iki ölkə arasında əməkdaşlığın davam etdirilməsini şərtləndirəcək?
Elşad Həsənov: "Demokratlar Konqresdə çoxluğu ələ keçirdikdən sonra Azərbaycana təzyiqlər arta bilər"
Politoloq Elşad Həsənov "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri Donald Tramp administrasiyasının siyasətinə ciddi zərbə vurub. Onun sözlərinə görə, demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə etməsi qarşıdakı dövrdə ABŞ-ın daxili və xarici siyasətində müəyyən dəyişikliklərə səbəb ola bilər.
Politoloq qeyd edib ki, seçkilərin nəticələri Tramp administrasiyasının iqtisadi və xarici siyasətindən narazılığın artdığını göstərir. Onun fikrincə, ABŞ vətəndaşlarının həyat şəraitinin ağırlaşması, yanacağın bahalaşması və İranla müharibənin ölkə iqtisadiyyatına vurduğu zərər respublikaçıların məğlubiyyətində mühüm rol oynayıb.
Həsənovun sözlərinə görə, Tramp seçkiqabağı kampaniyası zamanı yanacağın qiymətini aşağı salacağını vəd etsə də, reallıqda bunun əksi baş verib. Eyni zamanda, ABŞ-ın İranla müharibəyə cəlb olunması ölkəyə həm maliyyə, həm də insan itkiləri baxımından ciddi zərər vurub. Politoloq hesab edir ki, İsrailin baş naziri Benyamin Netanyahunun təkidlərindən sonra Trampın İranla müharibəyə başlaması Amerika cəmiyyətində ciddi narazılıq yaradıb.
O bildirib ki, demokratların Konqresin hər iki palatasında üstünlük əldə etməsi Trampın fəaliyyətinə parlament nəzarətinin güclənməsi deməkdir. Demokratlar artıq administrasiyanın qərarlarını araşdırmaq, müəyyən sərəncam və qərarların qarşısını almaq, hətta prezidentin fəaliyyətini hüquqi müstəvidə müzakirəyə çıxarmaq niyyətlərini açıqlayıblar. Trampın özü də qarşıdakı dövrdə prezidentliyinin daha çox veto hüququndan istifadə etməklə xarakterizə oluna biləcəyini etiraf edib.
Politoloq seçkilərin diqqətçəkən nəticələrindən biri kimi Miçiqan ştatında demokrat Abdul El-Seyedin qələbəsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, El-Sayedin Respublikaçılar Partiyasının namizədi Maykl Rocersi məğlub etməsi ABŞ Senatında ilk dəfə müsəlman senatorun təmsil olunması ilə nəticələnib. Bundan başqa, Minnesota ştatından İlhan Ömərin yenidən Nümayəndələr Palatasına seçilməsi də diqqət çəkən hadisələrdəndir.
Elşad Həsənov hesab edir ki, yeni Konqresin fəaliyyətə başlaması ilə ABŞ-ın Azərbaycan siyasətində də müəyyən dəyişikliklər baş verə bilər. Onun fikrincə, demokratların hakimiyyətdə olduğu əvvəlki dövrlərdə Vaşinqtonla Bakı arasında münasibətlər kifayət qədər soyuq olub. Respublikaçıların hakimiyyətə qayıtmasından sonra isə münasibətlərdə müsbət dinamika yaranıb. Xüsusilə Trampın prezidentliyi dövründə 907-ci düzəlişin tətbiqinin dayandırılması və Azərbaycana yardım imkanlarının yenidən gündəmə gəlməsi ikitərəfli münasibətlər baxımından əhəmiyyətli addımlar olub.
Politoloq vurğulayıb ki, yeni seçilmiş demokratlar arasında Ermənistanın maraqlarını müdafiə edən və Azərbaycana münasibətdə sərt mövqe nümayiş etdirən siyasətçilər də var. Onun qənaətinə görə, Abdul El-Sayedin 907-ci düzəlişin yenidən qüvvəyə minməsi və Qarabağdan köçmüş ermənilərin məsələsinin Konqresdə qaldırılması istiqamətində mövqeyi gələcəkdə Azərbaycan üçün əlavə siyasi təzyiq amilinə çevrilə bilər.
Həsənovun sözlərinə görə, demokratların Ermənistana dəstəyinin güclənməsi ehtimalı var. O, bu baxımdan Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Ermənistana səfərini və İrəvana dəstək bəyanatlarını xatırladıb. Politoloq hesab edir ki, yeni Konqresdə də oxşar yanaşmaların yenidən gündəmə gəlməsi mümkündür.
Bununla belə, Elşad Həsənov düşünür ki, demokratların Azərbaycanın maraqları baxımından mühüm əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsinin reallaşmasına ciddi maneə yaratmaq imkanları məhduddur. Onun fikrincə, layihə artıq ABŞ-ın strateji və iqtisadi maraqları ilə bağlıdır. Bu marşrutun açılması Vaşinqtona Cənubi Qafqazda mövqelərini gücləndirmək, regionun nəqliyyat və logistika imkanlarından yararlanmaq baxımından mühüm üstünlüklər qazandıra bilər. Buna görə də layihənin Trampın adı ilə əlaqələndirilməsi onun yalnız bir prezidentin siyasi təşəbbüsü kimi qiymətləndirilməsinə əsas vermir.
Politoloq hesab edir ki, seçkilərdən sonra ABŞ-ın Yaxın Şərq siyasətində də müəyyən yumşalma müşahidə oluna bilər. Demokratların İranla müharibəyə qarşı çıxması, münaqişənin diplomatik yollarla həllinə üstünlük verməsi regionda gərginliyin azaldılması üçün yeni imkanlar yarada bilər.
Həsənovun fikrincə, İranla müharibənin davam etməməsi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki qonşu ölkədə baş verən hərbi qarşıdurma orada yaşayan azərbaycanlıların vəziyyətinə, eləcə də bütövlükdə regionun təhlükəsizliyinə mənfi təsir göstərir.
Politoloq sonda bildirib ki, yeni Konqresin yanvar ayından fəaliyyətə başlaması ilə ABŞ-ın həm daxili, həm də xarici siyasətində yeni mərhələ gözlənilir. Bu mərhələdə demokratların Azərbaycan və Ermənistanla bağlı mövqelərinin hansı istiqamətdə dəyişəcəyini diqqətlə izləmək lazım gələcək.
Dəniz NƏSİRLİ