Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir. Bunu Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda respublika elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan radiosunun birəsrlik inkişaf yolu milli mətbuat tarixinin ən şərəfli səhifələrindən biridir. Bu yubileyə həsr olunmuş konfrans yalnız keçmişə nəzər salmaq deyil, həm də gələcəyin media mənzərəsini elmi müstəvidə müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.
Ə.İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan radiosunun yubiley tədbirlərinə bu il Şuşa şəhərindən start verilib. İyul ayında Prezident İlham Əliyevin də iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Süni intellekt və yeni formatlar” mövzusunda tədbir təşkil olunub. Həmin tədbir yerli televiziya və radio kanalları ilə yanaşı, xarici qonaqların da marağına səbəb olub və geniş fikir mübadiləsi aparılıb.
Şura sədri qeyd edib ki, 1926-cı il noyabrın 6-da Bakı səmasında səslənən ilk radio efiri xalqın ictimai, mədəni və mənəvi həyatında yeni mərhələnin başlanğıcı olub. Ötən bir əsr ərzində Azərbaycan radiosu milli yaddaşın, mədəni irsin və mənəvi xəzinənin qorunmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, radionun ən böyük xidmətlərindən biri Azərbaycan ədəbi dilinin saflığının qorunması, orfoepik normalarının formalaşması və geniş xalq kütlələrinə çatdırılmasıdır. Radio nitqi milli nitq mədəniyyətinin meyarına çevrilib, diktor və jurnalistlərin fəaliyyəti ilə dilimizin zənginliyi və gözəlliyi yaşadılıb.
Ə.İsmayılov vurğulayıb ki, vizual medianın geniş yayıldığı müasir dövrdə də radio özünəməxsus kommunikasiya imkanlarını qoruyub saxlayır. Radio dinləyicisi ilə birbaşa emosional bağ yaradır, insanın təxəyyülünü hərəkətə gətirir və ictimai həyatın nəbzini tutmağa imkan verir.
Konfransın proqramında nəzərdə tutulan üç bölmənin radionun tarixi, nəzəri və müasir inkişaf istiqamətlərini əhatə etdiyini bildirən sədr elmi müzakirələrin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, radiojurnalistikanın inkişafı möhkəm elmi-nəzəri bazaya və müasir metodoloji yanaşmalara əsaslanmalıdır.
Şura sədri rəqəmsallaşmanın radionun ənənəvi funksiyalarını aradan qaldırmadığını, əksinə, yeni imkanlarla zənginləşdirdiyini bildirib. Onun sözlərinə görə, podkastlar, onlayn yayımlar, rəqəmsal platformalar və intellektual audiosistemlər radionun auditoriya ilə əlaqəsini yeni keyfiyyət mərhələsinə yüksəldir. Rəqəmsallaşma milli ənənələrin unudulması kimi qiymətləndirilməməlidir. Əksinə, bu proses bir əsrlik zəngin irsin və milli-mənəvi dəyərlərin daha geniş auditoriyaya çatdırılması, qlobal media məkanında mövqeyinin möhkəmləndirilməsi və gənc nəslə daha cəlbedici formada təqdim edilməsi üçün yeni imkanlar yaradır.
O, Azərbaycan radiosunun birəsrlik tarixinin formalaşmasında və inkişafında əməyi olan hər kəsə ehtiramını ifadə edib, bu milli irsin gələcəkdə də qorunacağına və rəqəmsal dövrün imkanlarından səmərəli istifadə etməklə daha da inkişaf edəcəyinə əminliyini bildirib.