Noyabrın 11-nə keçən gecə Ukraynaya məxsus 150 pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Leninqrad vilayətinə hücum edib. Bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, hücumun əsas hədəfi Kinqisepp rayonunda yerləşən Ust-Luqa limanının ərazisi olub.
Drozdenko Telegram kanalında yazıb: “Bir neçə pilotsuz uçuş aparatının limana düşməsi nəticəsində yanğın baş verib. Üç işçi xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur”.
Hadisə şahidlərinin yaydığı görüntülərdə liman ərazisində genişmiqyaslı yanğın baş verdiyi görünür. NASA-nın istilik anomaliyalarını izləyən FIRMS sistemi də ərazidə bir neçə yanğın ocağı qeydə alıb.
Ust-Luqa Rusiyanın Baltik dənizindəki ən böyük, ölkə üzrə isə Qara dəniz sahilində yerləşən Novorossiysk limanından sonra ikinci ən böyük limanıdır. Sankt-Peterburqdan təxminən 120 kilometr məsafədə yerləşir.
Limanın ərazisində neft, neft məhsulları, kömür, kükürd, mineral gübrələr, qaz kondensatı, mayeləşdirilmiş təbii qaz (LNG) və konteyner yüklərinin daşınması üçün terminallar fəaliyyət göstərir.
“Reuters” agentliyinin məlumatına görə, 2025-ci ildə Ust-Luqa limanı vasitəsilə gündəlik təxminən 700 min barel neft ixrac edilib. Həmin il limandan ümumilikdə 32,8 milyon ton neft məhsulu da xaricə göndərilib.
Qeyd edək ki, Ukrayna dronları bundan əvvəl də sentyabrın 1-də Ust-Luqa limanına hücum etmişdi.
Hava limanlarında uçuşlar dayandırılıb, təyyarələr başqa şəhərlərə yönləndirilib
Dron hücumu təhlükəsi ilə əlaqədar Leninqrad vilayətində yerləşən Pulkovo hava limanı müvəqqəti olaraq təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb. Sankt-Peterburqa İstanbul və Hurqadadan uçan iki sərnişin təyyarəsi Helsinkiyə eniş edib. Hurqadadan Sankt-Peterburqa istiqamətlənən daha bir təyyarənin heyəti isə Kalininqradda eniş etmək məcburiyyətində qalıb.
Bununla yanaşı, Leninqrad vilayətinə doğru hərəkət edən dronlar Tver şəhərində yaşayış binalarının üzərində vurulub. Hadisə nəticəsində dağıntı və xəsarət alanların olmadığı bildirilir.
Smolenskdən təxminən 60 kilometr məsafədə yerləşən Yartsevo şəhərində isə dron qalıqlarının çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində mənzillərdən birində yanğın baş verib.
Vilayətin qubernatoru Vasili Anoxin hadisə nəticəsində iki nəfərin həlak olduğunu bildirib. Daha 10 nəfər yanğından xilas edilib.
Ümumilikdə, həmin gecə Rusiyanın müxtəlif regionları üzərində 37 pilotsuz uçuş aparatının ələ keçirildiyi və ya vurulduğu açıqlanıb.
Həmin gecə Rusiyanın Adıgeya Respublikasının ərazisi də dron hücumuna məruz qalıb. Dron qalıqlarının düşməsi nəticəsində Krasnodardan avtomobillə təxminən 15 dəqiqəlik məsafədə yerləşən Novaya Adıgeya aulunda çoxmərtəbəli yaşayış binasının damında yanğın baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Tahir TAĞIYEV