Tural İsmayılov: “Azərbaycanın gücünü elə səviyyəyə çatdırmaqdır ki, heç bir qüvvə ölkəmizə qarşı təzyiq və təhdid siyasətinin nəticə verəcəyinə ümid etməsin”
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində diqqət çəkən bəyanatlar verib. “Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq”-deyə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Prezident Əliyev qeyd edib ki, bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir.
Prezidentin bu mesajı necə oxunmalıdır?
Politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin bu fikri Azərbaycanın gələcək təhlükəsizlik fəlsəfəsini və dövlətçilik strategiyasını ifadə edən mühüm siyasi mesajdır. “Bu bəyanatın əsas mahiyyəti ondan ibarətdir ki, ölkənin təhlükəsizliyi başqalarının xoş niyyətinə, siyasi vədlərinə və ya dəyişkən beynəlxalq münasibətlərə bağlana bilməz. Azərbaycan elə güclü dövlət olmalıdır ki, ölkəmizə qarşı hər hansı təhdid yaratmaq cəhdi əvvəlcədən ciddi çəkindirici amillərlə üzləşsin.
Burada söhbət təkcə hərbi qüdrətdən getmir. Güclü ordu, dayanıqlı iqtisadiyyat, müdafiə sənayesinin inkişafı, texnoloji imkanlar, müstəqil xarici siyasət və milli həmrəylik vahid təhlükəsizlik sisteminin əsas sütunlarıdır. Müasir dünyada dövlətin gücü bu amillərin kompleks şəkildə inkişafı ilə ölçülür. Azərbaycanın qarşısında duran strateji vəzifə də əldə etdiyi siyasi və hərbi üstünlükləri davamlı dövlət gücünə çevirməkdir”.
T.İsmayılov qeyd etdi ki, 44 günlük Vətən müharibəsi və sonrakı proseslər Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün siyasi iradəyə və real imkanlara malik olduğunu nümayiş etdirdi. “Ancaq dövlətçilik baxımından gücün əhəmiyyəti qazanılmış qələbəni qorumaq, yeni risklərin qarşısını almaq və gələcək nəsillər üçün təhlükəsiz inkişaf mühiti yaratmaqla ölçülür.
Prezidentin mesajında diqqətçəkən əsas məqam çəkindirmə prinsipidir. Yəni məqsəd yeni qarşıdurmalar yaratmaq deyil, Azərbaycanın gücünü elə səviyyəyə çatdırmaqdır ki, heç bir qüvvə ölkəmizə qarşı təzyiq və təhdid siyasətinin nəticə verəcəyinə ümid etməsin. Bu, sülhün qorunmasına güc vasitəsilə təminat yaratmaq yanaşmasıdır”.
T.İsmayılov vurğuladı ki, Azərbaycanın gələcək inkişaf strategiyasında güclü dövlət, güclü ordu və milli birlik bir-birini tamamlayan anlayışlardır:“Dövlətin suverenliyinə və ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı hazırlıqlı olmaq müasir geosiyasi reallıqların tələbidir. Prezidentin səsləndirdiyi fikir də məhz bu reallıqdan doğan uzunmüddətli strateji hədəfi ortaya qoyur”.
İradə SARIYEVA