Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanın təşkilat daxilində səsvermə hüququnun məhdudlaşdırılması barədə qərar qəbul ediblər. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, Ermənistan bir neçə ildir təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün KTMT-nin Nizamnaməsinə əsasən bu qərarın qəbul edilməsi təklif olunub və razılaşdırılıb.
“Ermənistanın bir neçə ildir öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar təşkilatın Nizamnaməsini rəhbər tutaraq onun səsvermə hüququndan məhrum edilməsi təklif olunub və bu barədə qərar qəbul edilib”, – deyə Peskov “Yunaşev Live” Telegram kanalına açıqlamasında bildirib.
Ermənistanın rəhbər vəzifələrə namizəd irəli sürmək hüququ da məhdudlaşdırılıb. Peskovun açıqlamasına görə, KTMT sammitinin iştirakçıları Ermənistanın təşkilatda məsul vəzifələrə öz nümayəndələrini təyin etmək üçün namizəd irəli sürmək hüququnun da məhdudlaşdırılmasına qərar veriblər.
O bildirib ki, məsələ sammitdə müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Kremlin rəsmi saytında dərc olunan sənədlər siyahısına əsasən, KTMT ölkələri Ermənistanla bağlı təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin tətbiqinə qərar veriblər.
Həmin maddəyə görə, üzv dövlət KTMT-nin büdcəsinə olan borcunu iki il ərzində ödəmədikdə, Kollektiv Təhlükəsizlik Şurası onun kvota üzrə vəzifələrə namizəd irəli sürmək hüququnu dayandıra və səsvermə hüququndan məhrum edə bilər.
Bu məhdudiyyətlər dövlət borcunu tam ödəyənədək qüvvədə qalır.
Beləliklə, qəbul edilən qərar Ermənistanın KTMT-də iştirak imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bununla yanaşı, sənəddə nəzərdə tutulan məhdudiyyətlərin təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsaslandığı və maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olduğu bildirilir.
Tahir TAĞIYEV