Əli Orucov: “Trampın ziddiyyətli fikirləri və ardıcıl olmayan addımları…”
ABŞ Prezidenti Donald Trampın İranla müharibənin faktiki olaraq başa çatması barədə bəyanatı rəsmi Tehranın sərt etirazı ilə qarşılanıb. İran rəsmiləri ölkənin qırmızı xətlərindən geri çəkilməyəcəklərini və Trampın müharibənin gedişatına nəzarət edə bilməyəcəyini vurğulayıblar.
Tramp bəyan edib ki, İranla müharibə bitmək üzrədir. İran tərəf isə ABŞ prezidentinin sözlərini təkzib edərək bildirib ki, Trampın sözləri həqiqətə uyğun deyil, o, manipulyasiya edir.
Nə baş verir?
Ekspertlər qeyd edir ki, hazırda ABŞ–İran qarşıdurmasında diqqətçəkən bir mərhələ yaşanır. Tramp müharibənin hərbi baxımdan faktiki başa çatdığını iddia edir, Tehran isə Vaşinqtonun bu açıqlamalarını həqiqəti əks etdirməyən məlumat və manipulyasiya kimi qiymətləndirir.
Burada söhbət təkcə iki ölkənin bir-birinə zidd bəyanatlarından getmir. Hər iki tərəf həm hərbi, həm diplomatik, həm də informasiya müstəvisində öz mövqeyini gücləndirməyə çalışır.
Noyabrın 9-da Ağ Evdə jurnalistlər qarşısında çıxış edən Tramp bildirib ki, İran hərbi baxımdan, demək olar, sıradan çıxarılıb. Onun sözlərinə görə, hazırda yeni hərbi əməliyyatlara ehtiyac görünmür və münaqişənin tezliklə başa çatması üçün imkan var.
Lakin Tramp ABŞ ordusunun zərurət yaranarsa yenidən zərbə endirməyə hazır olduğunu da bildirib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Vaşinqtonu mövcud olmayan danışıqlar barədə saxta məlumatlar yaymaqda ittiham edib.
İranın xarici işlər naziri Abbas Əraqçi də ABŞ-la planlaşdırılan görüş barədə xəbərləri təkzib edib.
Tehranın mövqeyi budur: ABŞ İranın hərbi müqavimətini qırdığını və danışıqların irəlilədiyini göstərməklə özünə siyasi üstünlük qazandırmağa çalışır.
Ekspertlərə görə, burada bir neçə mühüm amil var. Bunlardan biri hərbi amildir. Ekspertlər hesab edir ki, ABŞ İranın hərbi infrastrukturuna ciddi zərbələr endirdiyini bildirir. Lakin bu, İranın hərbi imkanlarının tamamilə aradan qalxması demək deyil.
Müharibə enerji bazarlarına, neft qiymətlərinə və beynəlxalq ticarətə təsir göstərir. Hörmüz boğazı ətrafındakı vəziyyət xüsusi əhəmiyyət daşıyır.
ABŞ-da müharibənin uzanması Tramp administrasiyasına siyasi təzyiqləri artırır. Respublikaçıların aralıq seçkilərdə ağır məğlubiyyəti də bu məsələnin siyasi əhəmiyyətini artırıb.
Qətər vasitəçiliyi ilə münaqişənin dayandırılması istiqamətində təmaslar aparılır.
Müharibə həqiqətən bitirmi?
Ekspertlərin fikrincə, hazırkı məlumatlara əsasən, bunu demək tezdir.
ABŞ hərbi əməliyyatları genişləndirməmək niyyətini ifadə etsə də, İran ərazisində zərbələr barədə məlumatlar mövcuddur. ABŞ-ın dəniz blokadası da davam edir. İran isə Vaşinqtonun irəli sürdüyü danışıqlar perspektivini qəbul etmir.
Tramp hərbi nəticələri qələbə kimi təqdim edir, İran isə məğlubiyyət görüntüsünü qəbul etmir. Vaşinqton müharibənin dayandırılması üçün siyasi və diplomatik imkanları gündəmə gətirir, Tehran isə öz şərtlərini irəli sürür.
Hələlik tərəflər arasında müharibənin başa çatdığını təsdiqləyən yekun razılaşma yoxdur.
Ekspertlər deyirlər ki, bir məqamı da unutmaq olmaz: müharibənin bitməsi barədə bəyanat vermək başqa, müharibəni faktiki dayandırmaq başqadır. Əsl sülh yalnız hərbi əməliyyatların dayanması, blokadanın taleyinin müəyyənləşməsi və tərəflərin konkret razılaşması ilə mümkün olacaq.
Politoloq Əli Orucov baki-xeber.com-a bildirdi ki, ABŞ-İran arasında böhran və gərginlik hələ də qalmaqdadır. “Baxmayaraq ki, aktiv hərbi əməliyyatlar aparılmır və tərəflər yaranmış fürsətdən istifadə edərək mövqelərini möhkəmləndirməkdə və bərpa işləri ilə məşğul olmaqdadır. Faktiki olaraq Donald Tramp Tehrandan istədiklərini tam ala və qarşıya qoyduğu hədəflərə çata bilməyib. Əksinə problemləri bir qədər də dərinləşib, Körfəzlər problemi yaranıb”. Ə.Orucov qeyd etdi ki, ABŞ prezidenti 28 fevraldan, yəni ikinci İran müharibəsindən indiyədək dəfələrlə oxşar bəyanatlar verib. “İranın tamamilə məğlub edildiyini bildirib. Mən hesab edirəm ki, Donlad Trampın “İranla müharibə bitmək üzrədir” bəyanatı əslində nefin bahalaşmasının qarşısını almaq və dalğalanmanı sabitləşdirməyə hədəflənib. Eyni zamanda 3 noyabr məğlubiyyətindən sonra daxili etirazları səngitmək istəyir. Çünki İranla müharibə Amerika cəmiyyətində də etirazları və narazılıqları artırmaqdadır. Trampın ziddiyyətli fikirləri və ardıcıl olmayan addımları İranla bağlı siyasətinə bir qədər inamsızlıqlar yaradıb. Onu da qeyd etmək lazımdır ki, yeni ildən fəaliyyətə başalayan Konqres D.Trampın manevr imkanlarını da məhdudlaşdıracaq. Odur ki, Ağ Ev paralel olaraq da Konqresin davamlı təzyiqlərinə məruz qalacaq. Artıq ilkin işartılar var. Məhz Respublikaçı konqresmen tərəfindən müharibə naziri P.Heqsetin impiçmenti ilə bağlı hazırlanan qanun layihəsi alt komitəyə təqdim olunub. Müharibə bitməyinə bitəcək, ancaq ABŞ və İran bu müharibədən necə çıxacağı daha çox müzakirə edilən mövzudur”-deyə Ə.Orucov vurğuladı.
İradə SARIYEVA