Məhərrəm Zülfüqarlı: “Həmin dövlətlər hər şeyi bilə-bilə Azərbaycanı işğalla barışmağa çağırırdılar”
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, Ermənistan əmin idi ki, Azərbaycan torpaqlarını hərbi yolla azad edə bilməyəcək:
“Bəzi yerlərdə 6-7 müdafiə xətti qurulmuşdu. Bütün yerlər minalanmışdır. Tikanlı məftil, istehkamlar, əlverişli mövqelər, təpələr, dağlar - bütün bunlar bizim üçün böyük çətinliklər yaradırdı. Ermənistan tərəfi əmin idi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edə bilməyəcək, yaxud da ki, kimsə bizə bu icazəni verməyəcək. Onlar səhv etdilər və Azərbaycan xalqı bir daha bütün dünyaya nə qədər böyük xalq olduğunu göstərdi. Bizim əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verib şəhid olmuşlar, yaralanmışlar, şəhadət zirvəsinə ucalmışlar. Yəni bizi irəliyə aparan milli ruhumuz idi”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Azərbaycan torpaqlarını nə Ermənistan, nə də Qarabağdakı ermənilər işğal etməmişdi: “Bu, birbaşa SSRİ dağılmaq ərəfəsində imperiyanı saxlamaq istəyənlərin planı idi. Ona görə də ərazilərimizin işğalı birbaşa Rusiya qoşunlarının iştirakı ilə həyata keçirilmişdi. Yəni ermənilərin arxasında Rusiya dayanmışdı. İndidə həmin siyasəti Rusiya Ukraynada həyata keçirir. Minsk qrupunun digər iki həmsədrinə gəldikdə isə, Fransa tarixən ermənipərəst siyasət yeridib. İndidə həmin siyasət aparır. Çünki Fransada çoxsaylı erməni yaşadığı üçün erməni lobbisi güclüdür. ABŞ da heç vaxt öz mənafeyində kənarda kimisə müdafiə etməyib. Bu da onların dövlət siyasətidir. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olarkən belə bir öhdəlik qəbul etdirdilər ki, problem sülh yolu ilə həll edilməlidir. Bu öhdəliyə görə Avropa İttifaqının təsisatları hər zaman bizə təzyiq edirdilər ki, danışıqlarla problemi həll etmək lazımdır. Hərb variantından uzaq olun. Bununla bizi zəif salırdılar və Ermənistan da bütün bunlara inanıb öz müdafiə xəttini gücləndirirdi. Üstəlik, vasitəçilər 7 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağın statusu şərtini qoyurdular. Yəni öz müqəddəratını təyin etmə ilə razı olun. Bu, Azərbaycana qarşı bir təxribat idi. Məsələnin digər tərəfi ondan ibarət idi ki, erməni tərəfi ümumiyyətlə ətraf rayonları qaytarmaq fikrində deyildi. Bunu həm də o sübut etdi ki, 26 illik atəşkəs dövründə çox güclü müdafiə istehkamları qurmuşdular”.
Professorun fikrincə, bütün bunları bizə diktə edən dövlətlər bilirdilər, amma riyakarlıq edirdilər: “Həmin dövlətlər hər şeyi bilə-bilə Azərbaycanı işğalla barışmağa çağırırdılar. Hətta 30 il əvvəl Azərbaycana gələn bir alman professor Azərbaycanı reallıqla, işğalla barışmağa çağırırdı. O vaxt ona sual verdim ki, Rusiya qoşunları Berlini işğal etsə bu reallıqla barışacaqsınızmı? O, buna konkret cavab verməkdən yayındı. Bizi zəif hesab etdikləri üçün işğalla barışmağa çağırırdılar. Bütün xristian dünyası bu məsələdə Azərbaycana təzyiq edirdi. Ancaq unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb. Çünki vətənpərvərlik bizim ailə tərbiyəsindən gəlir. Lakin əvvəlki dövrlərdə həm iqtisadi çətinliklər, həm ölkə daxilində ziddiyyətlər qətiyyətli mövqe qoymağa imkan vermirdi. 2020-ci ildə xalqımızın yumruq kimi birləşərək torpaqları azad etməsi nadir hadisə idi. Biz torpaqlarımızı azad edənə qədər nə Rusiya, nə Ermənistan riyakarlıq edərək separatçı qurumu tanımayıb. Məsələ ciddiləşəndə deyirdilər ki, əraziləri Ermənistan yox, Qarabağ erməniləri tütüb. Utanmadan bizi separatçılarla danışıqlara sövq edirdilər. Azərbaycan sona qədər buna getmədi. Hətta 44 günlük müharibə zamanı BMT-də bizə qarşı qətnamə qəbul etmək istədilər. Böyük Britaniya buna veto qoydu. Bloklara qoşulmayan ölkələr bizi müdafiə etdi”.
Vidadi OORDAHALLI