Rəşad Bayramov: “Münaqişənin hərbi həllinin olmadığı barədə səsləndirilən fikirlər Azərbaycanın suverenliyinin və...”
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, Ermənistanın arxasında dayanan ölkələr bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər:
“Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Prezident Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətində Ermənistanın arxasında dayanan ölkələrin Azərbaycana təzyiq göstərməsi, münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünün təlqin edilməsi və ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları ilə bağlı səsləndirdiyi fikirlər əslində Qarabağ münaqişəsinin yalnız Azərbaycan-Ermənistan qarşıdurmasından ibarət olmadığını bir daha gündəmə gətirir: “Bu fikirlər, eyni zamanda, münaqişənin həlli prosesində beynəlxalq güc mərkəzlərinin maraqlarının, diplomatik təzyiq mexanizmlərinin və regional geosiyasi hesablamaların rolunu qiymətləndirmək baxımından da əhəmiyyətlidir. Məlumdur ki, uzun illər ərzində Qarabağ münaqişəsinin həlli beynəlxalq vasitəçilik formatları çərçivəsində müzakirə olunsa da, danışıqlar prosesi işğalın aradan qaldırılmasına gətirib çıxarmadı. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti dövründə münaqişənin mərhələli və ya paket həlli, status məsələsi, təhlükəsizlik təminatları və digər mövzular ətrafında müxtəlif yanaşmalar irəli sürülürdü. Bununla belə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycan ərazilərinin işğalına son qoyulmasını tələb edən qətnamələrinin icrası təmin edilmədi. Belə bir şəraitdə münaqişənin hərbi həllinin olmadığı barədə səsləndirilən fikirlər Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası məsələsini faktiki olaraq qeyri-müəyyən müddətə təxirə salan yanaşma kimi qəbul edilirdi. Azərbaycanın mövqeyi isə ondan ibarət idi ki, danışıqlar prosesi sonsuz xarakter daşımamalı, beynəlxalq hüququn prinsipləri real nəticələrlə müşayiət olunmalıdır. Bu baxımdan, Prezidentin çıxışında vurğulanan təzyiqlərə müqavimət məsələsi ölkənin müstəqil xarici siyasət kursunun və milli maraqlara əsaslanan qərarvermə prinsipinin tərkib hissəsidir deyə bilərik.
Burada diqqət çəkən digər mühüm məqam informasiya müharibəsidir. Prezidentin Azərbaycana qarşı genişmiqyaslı qarayaxma və şər-böhtan kampaniyaları ilə bağlı fikirləri münaqişənin informasiya müstəvisində də davam etdiyini xatırlatmaq baxımından önəmlidir. Müasir beynəlxalq münasibətlər sistemində informasiya və ictimai rəyin siyasi təsir vasitəsinə çevrildiyi məlumdur. O da məlumdur ki, münaqişə tərəfləri ilə yanaşı, onların beynəlxalq tərəfdaşları da media, diplomatik bəyanatlar və müxtəlif ictimai platformalar vasitəsilə hadisələrin təqdimatına təsir göstərməyə çalışırlar. Bu baxımdan, Azərbaycanın öz mövqeyini beynəlxalq auditoriyaya çatdırmaq, tarixi faktları və hüquqi arqumentləri təqdim etmək istiqamətində fəaliyyəti xüsusi əhəmiyyət daşıyır”.
R. Bayramov hesab edir ki, Prezidentin çıxışının əsas siyasi mesajlarından biri də Azərbaycanın milli maraqlarını xarici təzyiqlər qarşısında güzəşt predmetinə çevirməmək prinsipidir: “2020-ci il müharibəsinin nəticələri göstərdi ki, uzun müddət davam edən diplomatik prosesin nəticəsiz qalması fonunda münaqişənin gedişi hərbi və siyasi vasitələrin qarşılıqlı təsiri ilə dəyişdi. Sonrakı mərhələdə, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazisi üzərində bərpası ilə yeni reallıq formalaşdı. Beləliklə, Prezidentin Zəfər Günü müraciətində səsləndirdiyi fikirlər təkcə keçmiş münaqişə dövrünə siyasi qiymət vermək məqsədi daşımır. Bu mesajlar həm də Azərbaycanın bundan sonrakı mərhələdə xarici siyasət prioritetlərini, suverenlik və təhlükəsizlik məsələlərinə yanaşmasını ifadə edir. Eyni zamanda, regionda davamlı sülhün təmin olunması üçün beynəlxalq münasibətlərin qarşılıqlı hörmət, suverenliyə ehtiram və hüquqi öhdəliklər əsasında qurulmasının vacibliyini ön plana çıxarır”.
Vidadi ORDAHALLI