Çərşənbə günü İtaliya üzrə yüzlərlə məktəb, elektron poçt vasitəsilə daxil olan bomba təhdidindən sonra təxliyə edilib. Mesajda, xüsusilə Baş nazirə qarşı yönəlmiş təhdid yer alıb. Elektron məktubda deyilir: "Baş nazirinizin avtomobilinin mühərrikinə bomba yerləşdirmişik". Göndərən şəxs özünü "Misoginistan Vilayətinin lideri Mixail Andropov" kimi təqdim edib. Təhsil müəssisələrinə göndərilən mətn belə başlayır: "Mən Misoginistan Vilayətinin lideri Mixail Andropovam. Sizi məhv etməyə gəlmişik". Mesaj təxminən yüz məktəbə daxil olub, lakin səlahiyyətli şəxslər təsirə məruz qalan müəssisələrin sayının daha çox ola biləcəyini düşünürlər. Təhsil naziri Cüzeppe Valditara bildirib ki, İtaliya üzrə bu cür təxminən 300 məlumat qeydə alınıb. Onun fikrincə, vəziyyətin arxasında "aydın bir strategiya" dayanır.
SAMİRƏ