Türkiyənin İğdır şəhərində Azərbaycanın 8 Noyabr - Zəfər Günü böyük coşqu ilə keçirilib, bu münasibətilə bir sıra tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində Zübeydə xanım bulvarından başlayan Türkiyə-Azərbaycan qardaşlıq yürüşündə təxminən 2 min nəfər iştirak edib. Yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb, “Bir millət, iki dövlət” şüarı səsləndirilib.
İğdır Mədəniyyət Mərkəzində keçirilən rəsmi mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad edilib. Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, İğdır valisi Mustafa Fırat Taşolar və digər qonaqlar çıxış edib.
Proqram çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konserti, milli rəqs nümunələri və “Xarıbülbül” sənətkarlıq sərgisi təqdim olunub.
İğdırda keçirilən tədbirlər Azərbaycan xalqının tarixi Zəfərinin qardaş Türkiyədə də böyük sevgi və qürur hissi ilə qeyd olunduğunu, iki ölkə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin daha bir təzahürünü nümayiş etdirib.
SAMİRƏ