İran hakimiyyətində Ruhani xofu ABŞ-nin planı, yoxsa daxili siyasi parçalanmanın əlamətidir?
İran parlamentinin üzvü Əhməd Bəxşayeş Ərdəstaninin ABŞ-nin ölkənin ali rəhbərini hədəfə almaqla keçmiş prezident Həsən Ruhaninin yenidən hakimiyyətə gəlməsinə şərait yaratmağa çalışması barədə iddiası Tehranın siyasi elitasında mövcud olan narahatlıqları və hakimiyyət daxilindəki ziddiyyətləri yenidən gündəmə gətirib. Deputatın fikrincə, Vaşinqtonun üstünlük verdiyi mümkün namizəd Ruhani ola bilər. O, ABŞ-nin bölgəyə əlavə hərbi qüvvələr və silah göndərməsini də İrana qarşı yeni hərbi əməliyyatlara hazırlıq əlaməti kimi qiymətləndirib.
Əslində, bu açıqlamada diqqət çəkən əsas məsələ ABŞ-nin Həsən Ruhanini yenidən hakimiyyətə gətirmək istəyib-istəməməsindən daha çox, belə bir ehtimalın İran parlamentində müzakirə mövzusuna çevrilməsidir. Çünki Vaşinqtonun konkret olaraq Ruhaninin hakimiyyətə qayıtmasını nəzərdə tutan planının olması barədə açıq və etibarlı sübut yoxdur. ABŞ-nin İran siyasətinin əsas hədəfi də konkret bir şəxsin hakimiyyətə gətirilməsindən daha çox, Tehranın regional siyasətini, nüvə proqramını və təhlükəsizlik strategiyasını öz maraqlarına uyğun dəyişdirməkdir.
Həsən Ruhaninin siyasi mövqeyinə nəzər saldıqda onun İranın mühafizəkar siyasi dairələrindən müəyyən mənada fərqləndiyini görürük. Ruhani prezident olduğu dövrdə Qərblə dialoqa, xüsusilə nüvə proqramı ətrafında danışıqlara üstünlük verirdi. 2015-ci ildə əldə edilən nüvə sazişi də onun prezidentliyi dövrünün ən mühüm siyasi nəticələrindən biri idi. O, beynəlxalq sanksiyaların yumşaldılması və İran iqtisadiyyatının xarici dünyaya açılması istiqamətində diplomatik imkanlardan istifadə etməyə çalışırdı.
Bu baxımdan Ruhaninin yenidən siyasi proseslərdə ön plana çıxması Qərblə münasibətlərin normallaşmasını istəyən qüvvələr üçün cəlbedici görünə bilər. Ancaq onun diplomatik yanaşmasını ABŞ-nin siyasi maraqlarına xidmət etmək kimi qiymətləndirmək düzgün deyil. Ruhani də İran siyasi sisteminin daxilində formalaşmış siyasətçidir və onun Qərblə danışıqlara üstünlük verməsi İranın milli maraqlarından imtina etməsi anlamına gəlmir.
Fikrimizcə, deputatın açıqlamasının arxasında daha çox İran daxilindəki siyasi mübarizə dayanır. Belə ittihamlar vasitəsilə Ruhani və onun kimi diplomatik xətti müdafiə edən siyasi qüvvələr xarici güclərlə əlaqədə olmaqda şübhəli göstərilə bilər. Bu isə onların gələcəkdə siyasi proseslərdə fəallaşmasının qarşısını almağa yönəlmiş taktika təsiri bağışlayır. Xüsusilə İranın xarici hərbi təzyiqlərlə üzləşdiyi, ali rəhbərlik və ölkənin gələcək idarəçilik modeli ilə bağlı sualların aktuallaşdığı bir vaxtda daxili siyasi rəqiblərin xarici qüvvələrlə əlaqələndirilməsi daha təhlükəli xarakter alır.
Burada İran hakimiyyəti daxilində mövcud olan iki fərqli siyasi yanaşmanın toqquşması da özünü göstərir. Bir qrup hesab edir ki, ABŞ və İsraillə qarşıdurmada hər hansı güzəşt İranın zəifliyi kimi qəbul ediləcək və ölkənin regional mövqelərini sarsıdacaq. Digər qüvvələr isə davamlı qarşıdurmanın iqtisadiyyata, əhalinin sosial vəziyyətinə və dövlətin beynəlxalq mövqelərinə ciddi zərbə vurduğunu düşünür. Onların fikrincə, İranın təhlükəsizliyini qorumağın yollarından biri də diplomatik imkanlardan istifadə etmək, beynəlxalq təcriddən çıxmaq və iqtisadi təzyiqləri azaltmaqdır.
Ruhani ətrafında yaranan müzakirələr məhz bu siyasi ziddiyyətlərin fonunda qiymətləndirilməlidir. Onun adı ilə əlaqələndirilən mümkün siyasi dönüş mühafizəkar dairələrdə narahatlıq yarada bilər. Çünki belə bir dönüş yalnız bir şəxsin hakimiyyətə qayıtması demək olmaz. Bu, eyni zamanda, İranın xarici siyasətində prioritetlərin dəyişməsi, Qərblə münasibətlərə yenidən baxılması və ölkə daxilində siyasi qüvvələr nisbətinin dəyişməsi ehtimalını gündəmə gətirər.
Belə şəraitdə deputatın açıqlaması hakimiyyət daxilində qarşılıqlı şübhələri daha da gücləndirə bilər. Xarici təhdid qarşısında siyasi qüvvələrin bir araya gəlməsi vacib olduğu halda, diplomatik yanaşmanı müdafiə edən şəxslərin xarici dövlətlərin maraqlarına xidmət etməkdə ittiham olunması daxili etimadı zəiflədir. Siyasi rəqabətin təhlükəsizlik məsələsinə çevrilməsi isə dövlət idarəçiliyində ciddi problemlər yarada bilər.
Məsələnin ən maraqlı tərəfi də budur ki, belə açıqlamalar istəmədən ABŞ-nin maraqlarına xidmət edən nəticələr doğura bilər. Çünki rəqib dövlətə qarşı təzyiqin səmərəliliyi yalnız hərbi imkanlardan asılı deyil. Həmin ölkənin daxilində siyasi parçalanmanın dərinləşməsi, hakimiyyət strukturları arasında etimadsızlığın yaranması və gələcək idarəçiliklə bağlı qeyri-müəyyənliyin artması da xarici təzyiqlərin təsirini gücləndirə bilər. Bu mənada, İran parlamentinin üzvünün açıqlaması müəyyən mənada siyasi "ayı xidməti"nə çevrilə bilər.
Ancaq burada bir məqamı da nəzərə almaq lazımdır: İran hakimiyyəti daxilində fərqli mövqelərin mövcudluğu özlüyündə dövlətin parçalanması demək deyil. Siyasi sistemlərdə xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqları normaldır. Əsas təhlükə bu fikir ayrılıqlarının qarşılıqlı ittihamlara, siyasi təqiblərə və idarəetmə institutları arasında qarşıdurmaya çevrilməsidir. Əgər İranın siyasi elitası xarici təhlükəni bəhanə edərək daxili rəqiblərini sıradan çıxarmağa çalışarsa, bu, ölkənin onsuz da mürəkkəb olan siyasi və iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər.
Digər tərəfdən, ABŞ-nin bölgəyə hərbi qüvvə və silah göndərməsi məsələsi də ayrıca qiymətləndirilməlidir. Bu cür hərbi yerdəyişmələr mümkün əməliyyatlara hazırlıqla əlaqəli ola bilər, lakin onların avtomatik olaraq İrana qarşı yeni müharibənin başlanacağı anlamına gəldiyini söyləmək olmaz. Vaşinqton bununla Tehrana təzyiq göstərmək, mümkün hərbi ssenarilərə hazır olmaq və danışıqlar prosesində mövqeyini gücləndirmək məqsədi də güdə bilər. Hərbi güc nümayişi bəzən müharibəyə başlamaqdan daha çox qarşı tərəfi siyasi güzəştlərə məcbur etmək üçün istifadə olunur.
Nəticə etibarilə, Əhməd Bəxşayeş Ərdəstaninin açıqlaması ABŞ-nin Həsən Ruhanini hakimiyyətə gətirmək planının mövcudluğunu sübut etmir. Lakin bu bəyanat İranın siyasi elitasında gələcək hakimiyyət modeli, Qərblə münasibətlər və ölkənin təhlükəsizlik strategiyası ətrafında ciddi fikir ayrılıqlarının olduğunu göstərir. İran üçün əsas təhlükə, xarici təzyiqlə yanaşı, həmin təzyiq qarşısında daxili siyasi birliyin zəifləməsidir. Tehran siyasi rəqiblərini xarici qüvvələrin əlaltısı kimi təqdim etməklə ölkəni daha dayanıqlı edə bilməz. Əksinə, belə yanaşma hakimiyyət daxilində etimadsızlığı artıraraq ölkənin müdafiə, idarəetmə və böhranlardan çıxış imkanlarını zəiflədə bilər. Beləliklə, ABŞ-nin İrana qarşı həyata keçirə biləcəyi hər hansı strategiyadan asılı olmayaraq, daxili siyasi parçalanmanın dərinləşməsi Vaşinqtonun əlavə səy göstərmədən əldə edə biləcəyi ən əlverişli nəticələrdən birinə çevrilə bilər.
Akif NƏSİRLİ