Ramil Məmmədli: “Bu islahatların əsas üstünlüyü odur ki, döyüş təcrübəsindən çıxış edərək bunlar həyata keçirilir”
Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurlar dövlətimizin ümumi inkişaf modelinin mühüm nəticələrindən biridir. Güclü iqtisadiyyat, müasir ordu, peşəkar hərbi kadrlar və düzgün müəyyənləşdirilmiş strateji hədəflər ölkəmizin müdafiə qüdrətinin formalaşmasında mühüm rol oynayıb.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qalib dövlət olsa da arxayınlaşmadı. Orduda islahatlarını dayandırmadı. Müharibə təcrübəsindən çıxış edərək yeni ordu modeli qurulması istiqamətində səylərini artırdı. Komando qüvvələri yaradıldı. Azərbaycan silah ixrac edən dövlətə çevrildi. Azərbaycanın müdafiə strategiyasında Silahlı Qüvvələrin davamlı şəkildə modernləşdirilməsi, suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin etibarlı şəkildə qorunması mühüm yer tutur.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Qarabağ zəfərindən sonra ordumuzda islahatlar yeni müstəviyə keçdi: “Bu islahatların əsas üstünlüyü odur ki, döyüş təcrübəsindən çıxış edərək bunlar həyata keçirilir. Azərbaycan Ordusunda həyata keçirilən yeni ordu modeli əsasən NATO standartlarına uyğunlaşdırılmış çevik, peşəkar və müasir idarəetmə sisteminə əsaslanır. Xüsusi təyinatlı qüvvələrin və peşəkar hərbi qulluqçuların rolunun artırılması, müasir təhsil, hazırlıq sisteminin tətbiqi əsas prioritetlərdən biri oldu. Vətən müharibəsindən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradılması, müasir hərbi infrastrukturun qurulması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin strateji fəaliyyətinin davamı kimi həyata keçirilir. Müdafiə sahəsinə ayrılan vəsaitlərin mütəmadi olaraq artırılması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ən müasir texnika, silah və sursatların arsenala daxil edilməsi Silahlı Qüvvələrin texniki imkanlarını köklü şəkildə genişləndirib. Ölkəmizdə təhlükəsizliyin tam təmin olunması, strateji mövqelərə nəzarətin gücləndirilməsi və hərbi infrastrukturun müasir tələblərə uyğun qurulması dövlətin əsas prioritetlərindəndir. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan təkcə silah idxal etmir. Eyni zamanda hərbi sənayemiz inkişaf edir, bir sıra silah növləri ölkəmizdə istehsal edilir”.
Vidadi ORDAHALLI