Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında mümkün üçtərəfli görüşlə bağlı Moskva və Vaşinqtonla danışıqlar aparıldığını təsdiqləyib. Görüşün noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində baş tuta biləcəyi bildirilir.
Məlumata görə, üçtərəfli görüş ideyasını Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı irəli sürüb. Kreml Ukraynadakı müharibənin başa çatması şərtlərini Avropa İttifaqı və Ukrayna nümayəndələrinin iştirakı olmadan müzakirə etmək istəyir.
Donald Tramp belə bir görüşə hazır olduğunu bildirsə də, əsas müzakirə mövzusu kimi Ukrayna müharibəsini deyil, nüvə silahlarının məhdudlaşdırılması və silahsızlanma məsələlərini görür.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer isə Çin lideri Si Cinpinlə mümkün üçtərəfli sammit məsələsini müzakirə etdiyini açıqlayıb. Onun sözlərinə görə, Si Cinpin Ukrayna münaqişəsinin Avropa münaqişəsi olduğunu və avropalıların sülh danışıqlarında mütləq iştirak etməli olduqlarını vurğulayıb.
Beləliklə, mümkün üçtərəfli görüşlə bağlı diplomatik təmaslar aparılsa da, görüşün formatı, gündəliyi və Ukrayna müharibəsinin müzakirə olunub-olunmayacağı hələ də dəqiqləşməyib.
Tramp, Si Cinpin və Putinin mümkün üçtərəfli görüşü dünya siyasətində hansı yeni geosiyasi reallıqların formalaşmasına səbəb ola bilər? Bu görüşdə Ukrayna müharibəsinin taleyi ilə bağlı razılaşma əldə olunması nə dərəcədə realdır?
Kremlin Ukrayna və Avropa İttifaqının iştirakı olmadan müharibənin başa çatması şərtlərini müzakirə etmək istəməsi hansı siyasi məqsədlərdən irəli gəlir? Belə bir formatda əldə ediləcək razılaşmanın legitimliyi və davamlılığı mümkün olarmı?
Tofiq Abbasov: "Daha əlverişli mövqedə olan Çin Xalq Respublikasıdır"
Politoloq Tofiq Abbasov "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, gözlənilən görüş beynəlxalq münasibətlərdə yeni siyasi və iqtisadi reallıqların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əsas məsələ görüş iştirakçılarının hansı mövqedən çıxış edəcəyi, danışıqlar masasına hansı şərtlərlə gələcəyi və hansı dividendləri əldə etməyə çalışacağıdır.
Politoloq qeyd edib ki, belə görüşlərdən əvvəl tərəflər arasında ciddi hazırlıq prosesi gedir. Hər bir iştirakçı öz iddialarını, gözləntilərini və mümkün razılaşmalarla bağlı şərtlərini əvvəlcədən müəyyənləşdirməyə çalışır. Hazırkı şəraitdə isə ABŞ Prezidenti Donald Trampın mövqeyi əvvəlki dövrlə müqayisədə müəyyən qədər zəifləyib. Bunun səbəblərindən biri aralıq seçkilərində respublikaçıların üzləşdiyi uğursuzluq, digəri isə İranla bağlı hərbi-siyasi proseslərin hələ də arzuolunan nəticəni verməməsidir.
T.Abbasovun fikrincə, Tramp İran məsələsindən müəyyən siyasi dividend əldə etməyə və Amerika ictimaiyyətinə qarşıya qoyduğu məqsədlərə nail olduğunu göstərməyə çalışacaq. ABŞ-ın Fars körfəzi ətrafında hərbi qüvvələrini cəmləşdirməsi də regionda gərginliyin artması ehtimalını gücləndirir. Bununla belə, hərbi qarşıdurmanın qaçılmaz olduğunu söyləmək hələ tezdir. Diplomatik manevrlər vəziyyətin başqa istiqamətdə inkişafına da şərait yarada bilər.
Politoloq hesab edir ki, Rusiya üçün əsas gözləntilərdən biri ABŞ və Çin liderləri ilə aparılacaq danışıqlarda Ukrayna məsələsində Kiyevə təzyiq imkanlarının artırılmasıdır. Moskva bu məsələdə Vaşinqtonun və digər beynəlxalq aktorların təsirindən yararlanmağa çalışır. Lakin Çinin mövqeyi daha mürəkkəbdir. Pekin həm Rusiya ilə strateji münasibətlərini qoruyur, həm də Ukrayna ilə iqtisadi və ticarət əlaqələrini davam etdirir. Çinin əsas üstünlüyü müxtəlif tərəflərlə münasibətlərini paralel şəkildə inkişaf etdirməsi və özünü yalnız bir siyasi xəttə bağlamamasıdır.
Onun sözlərinə görə, müharibə nəticəsində Rusiyanın Qərbə doğru ənənəvi nəqliyyat və ticarət marşrutlarının imkanları məhdudlaşıb. Bu boşluqdan Türkiyə və Şərqi Avropa ölkələri də daxil olmaqla digər dövlətlər yararlanmağa çalışır. Müharibə yalnız dağıntılar yaratmır, eyni zamanda iqtisadi və logistika əlaqələrinin yenidən qurulmasına səbəb olur. Rusiya üçün bu, ciddi itkilərlə yanaşı, geosiyasi mövqelərinin zəifləməsi riskini də artırır.
T.Abbasovun qənaətinə görə, hazırkı beynəlxalq şəraitdə daha əlverişli mövqedə olan tərəf Çindir. Pekin tələsmədən, digər güclərin addımlarını diqqətlə izləyərək yaranmış imkanlardan maksimum yararlanmağa çalışır. Çin diplomatiyasının əsas xüsusiyyətlərindən biri müxtəlif ssenarilərə hazır olmaq və alternativ əlaqələri qoruyub saxlamaqdır. Politoloq bunu Çin siyasi düşüncəsindəki təmkin və müşahidəçilik ənənəsi ilə əlaqələndirir.
Politoloq dünya nizamının ciddi böhran keçirdiyini də vurğulayıb. Onun fikrincə, beynəlxalq hüquq və mövcud qaydalar əvvəlki təsir gücünü itirib, böyük dövlətlər öz maraqlarını təmin etmək üçün daha çox güc amilinə üstünlük verirlər. Belə şəraitdə əldə edilən razılaşmaların uzunmüddətli və dayanıqlı olacağına təminat vermək çətindir. Çünki tərəflər arasında etimad zəifləyib, hər bir dövlət mümkün risklərdən qorunmaq və öz mövqelərini gücləndirmək istəyir.
O hesab edir ki, gözlənilən görüşdən fundamental və uzunmüddətli razılaşmalar əldə olunması ehtimalı yüksək deyil. Rusiya Ukrayna cəbhəsində mövqelərini möhkəmləndirməyə, ABŞ İranla bağlı hərbi-siyasi təzyiqləri artırmağa, Çin isə həm iqtisadi, həm də geosiyasi imkanlarını genişləndirməyə çalışacaq. Eyni zamanda, Vaşinqtonla Pekin arasında tarif və ticarət müharibəsi də münasibətlərin gələcək istiqamətinə təsir göstərən əsas amillərdən biri olaraq qalır.
Politoloqun fikrincə, qarşıdakı dövr dünya gücləri arasında nüfuz və təsir dairələrinin yenidən bölüşdürülməsi uğrunda mübarizənin daha da kəskinləşməsi ilə yadda qala bilər. Çin bu prosesdə öz mövqelərini gücləndirməyə, ABŞ isə qlobal liderliyini qoruyub saxlamağa çalışacaq.
Dəniz NƏSİRLİ