Afsəddin Nəbiyev: “Heç bir pilotsuz uçuş aparatı Vətən sevgisinin, əsgər iradəsinin, qəhrəmanlığın və torpaq...”
Azərbaycan tarixində elə günlər var ki, onların mənası təqvimdəki bir tarixlə məhdudlaşmır. Belə günlər xalqın taleyini dəyişir, milli yaddaşın zirvəsinə yüksəlir, azadlığın və dövlətçilik iradəsinin rəmzinə çevrilir.
8 Noyabr - Zəfər Günü məhz belə müqəddəs tarixdir. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin yeni səhifəsi açıldı.
Bəzən yanlış olaraq Azərbaycanın Qarabağ Zəfərini müasir silahlarla, texnologiyalarla və pilotsuz uçuş aparatlarından (PUA) geniş müstəvidə tətbiq etməsi ilə əlaqələndirirlər. Bu, əsla belə deyil. Qələbənin arxasında hansısa texnologiyaların yox, Azərbaycan əsgərinin peşəkarlığı, qəhrəmanlığı dayanırdı. Ötən dövrdə xalqımız, gənc nəsil heç vaxt Qarabağın işğalı ilə barışmadı. Ona görə də müharibənin ilk günündən hamı Ali Baş Komandanın ətrafında sıx birləşdi. Bu səhifəyə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə Zəfər yazıldı.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, həqiqətən də bəzən Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəni müasir silahların, hərbi texnologiyaların tətbiqi ilə izah etməyə çalışırlar: “Əlbəttə, müasir texnologiyalar döyüş meydanında mühüm üstünlüklər yaratdı. Lakin bir həqiqəti unutmamalıyıq, texnologiya müharibənin vasitəsidir, qələbənin ruhu isə insandır. Heç bir pilotsuz uçuş aparatı Vətən sevgisinin, əsgər iradəsinin, qəhrəmanlığın və torpaq uğrunda canından keçməyə hazır olmağın yerini verə bilməz. Qarabağ Zəfərinin mahiyyətini hərbi-texniki üstünlüklə izah etmək, əslində, bu tarixi Qələbənin arxasında dayanan böyük mənəvi gücü kölgədə qoymaqdır. Azərbaycan Ordusunun gücü silahlarla bərabər o silahı idarə edən əsgərin peşəkarlığı, döyüş əzmi, qətiyyəti və Vətənə bağlılığı ilə ölçülürdü. Xalqımız 30 ilə yaxın müddətdə torpaqlarının işğalı ilə barışmadı. Qarabağ dərdi bir nəslin yaddaşından digər nəslin yaddaşına ötürüldü. Məcburi köçkünlərin doğma yurd həsrəti, şəhid ailələrinin ağrısı, qazilərin yaraları, işğal altında qalan torpaqlarımızın nisgili bütöv bir xalqın milli yaddaşına çevrildi. Azərbaycan gəncliyi Qarabağı görmədən də Qarabağ sevgisi ilə böyüdü. Onlar üçün bu mübarizə tarixi ədalətin bərpası, milli ləyaqətin və dövlət suverenliyinin müdafiəsi idi”.
A.Nəbiyev onu da qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də həmin milli iradə hərəkətə gəldi: “Müharibənin ilk günündən Azərbaycan cəmiyyətində görünməmiş həmrəylik nümayiş olundu. Xalq öz Ordusunun arxasında dayandı, müxtəlif siyasi baxışlara malik insanlar ümummilli məqsəd ətrafında birləşdi. Bu birliyin siyasi mərkəzində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və rəhbərliyi dayanırdı. Cəbhədə Azərbaycan əsgəri irəliləyirdi, arxa cəbhədə isə bütöv bir xalq onunla birlikdə nəfəs alırdı. Hər azad edilən kənd, hər yüksəklik, hər şəhər xalqın illərlə ürəyində daşıdığı ümidin gerçəkləşməsi idi. Bu Qələbə bir neçə amilin vəhdətindən doğdu, güclü dövlət, müasir və peşəkar ordu, Ali Baş Komandanın siyasi iradəsi, düzgün hərbi strategiya, xalq-ordu birliyi. Ən əsası, Vətən uğrunda canından keçməyi şərəf bilən Azərbaycan əsgəri. Ona görə də Qarabağ Zəfərindən danışarkən ilk növbədə PUA-ları, raketləri və hərbi texnologiyaları vurğulamaqla yanaşı, ən vacibi texnologiyalara həyat verən insan amilini xatırlamalıyıq. Çünki silahı güclü edən onu idarə edən iradədir, ordunu yenilməz edən isə onun mənəvi ruhudur. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız 30 illik həsrətin, milli birliyin, şəhid qanının və xalqımızın sarsılmaz iradəsinin rəmzidir. Qarabağ Zəfəri texnologiyanın nümayişi olmaqdan daha böyük məna daşıyır. Silahlar dəyişə, texnologiyalar yenilənə bilər. Ancaq bir həqiqət dəyişməz qalır. Vətənini sevən, azadlığına sahib çıxan və milli iradəsini qoruyan xalqı heç bir qüvvə öz tarixi haqqından məhrum edə bilməz”.
Vidadi ORDAHALLI