ABŞ-nin vitse-prezidenti Cey di Vens respublikaçıların aralıq seçkilərində məğlubiyyətini əsasən İrandakı müharibə ilə əlaqələndirib. O, müharibənin siyasi baxımdan baha başa gəldiyini vurğulayaraq, Senatda itkilərin bu siyasətin nəticəsi olduğunu bildirib. Vens məğlubiyyətin digər səbəbləri sırasında ölkədə yaşayış xərclərinin yüksək olmasını və ABŞ-nin İsraillə münasibətlərini də qeyd edib.
Vensin İrandakı müharibə, İsraillə münasibətlər və bahalaşmanı respublikaçıların məğlubiyyətinin səbəbləri kimi göstərməsi Tramp administrasiyasında fikir ayrılıqlarının dərinləşdiyinə işarədirmi? Tramp siyasətini dəyişməsə, Vensin vitse-prezident postundan ayrılması və komandada digər istefaların baş verməsi nə dərəcədə realdır?
Oqtay Qasımov: "Respublikaçılara gələcəyə apara biləcək gənc, enerjili və cəmiyyət tərəfindən qəbul olunan lider lazımdır"
Politoloq Oqtay Qasımov ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini Donald Tramp administrasiyası üçün ciddi siyasi zərbə kimi qiymətləndirir. Onun sözlərinə görə, Trampın seçkilərdə məğlub olacağı gözlənilsə də, məğlubiyyətin bu miqyasda baş verməsi administrasiya daxilində fikir ayrılıqlarını daha da dərinləşdirəcək.
Politoloq "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, artıq vitse-prezident Cey di Vens İranla müharibə məsələsində administrasiyadan fərqli mövqe sərgilədiyini açıq şəkildə ortaya qoyub. O, müharibənin nəticələrini və seçkilərdəki məğlubiyyətin səbəblərini şərh edərkən bir neçə mühüm məqama diqqət çəkib. Bunların başında İranla müharibə, İsrail siyasətinə münasibət və ölkədə sosial-iqtisadi vəziyyətin, əhalinin yaşayış şəraitinin pisləşməsi dayanır.
Oqtay Qasımovun fikrincə, Vensin bu açıqlamaları Trampın seçkiqabağı vədlərinin yerinə yetirilməməsinin etirafı kimi də qiymətləndirilə bilər. Eyni zamanda, vitse-prezidentin mövqeyi yalnız mövcud vəziyyətə münasibət deyil, həm də gələcək siyasi hədəflərlə bağlı hesablanmış addımdır. Belə ki, Vens 2028-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq iddiasında olan əsas fiqurlardan biridir. Onun indidən İran siyasətindən narazı olan respublikaçıların dəstəyini qazanmağa çalışması da istisna edilmir.
Politoloq hesab edir ki, seçkilərin nəticələri Tramp administrasiyasında kadr dəyişikliklərinə səbəb ola bilər. Komanda üzvlərindən bəzilərinin istefaya göndərilməsi, digərlərinin isə tutduqları vəzifələrdən uzaqlaşdırılması mümkündür. Hazırda məğlubiyyətin əsas məsuliyyətinin daha çox müdafiə naziri Pit Heqsetin üzərinə qoyulduğunu deyən ekspert xatırladıb ki, onun vəzifəyə təyin olunması zamanı Senatda ciddi mübahisələr yaşanmışdı. Tramp isə, bütün etirazlara baxmayaraq, şəxsi iradəsi və israrı nəticəsində Heqsetin təyinatına nail olmuşdu.
Oqtay Qasımov Cey Di Vensin vəzifəsindən kənarlaşdırılacağını real hesab etmir. Onun sözlərinə görə, belə bir addım administrasiya və Respublikaçılar Partiyası daxilində daha mürəkkəb vəziyyət yarada bilər. Vensin özünün könüllü istefa verməsi də inandırıcı görünmür. Çünki o, Trampın komandasında mühüm siyasi mövqeyə malikdir və gələcəkdə partiyanın liderliyinə iddialı şəxslərdən biridir.
Politoloqun qənaətinə görə, Respublikaçılar Partiyasının hazırda əsas ehtiyaclarından biri gələcəkdə partiyanı irəli apara biləcək, gənc, enerjili və cəmiyyət tərəfindən qəbul olunan lider yetişdirməkdir. Vens isə bu xüsusiyyətləri özündə birləşdirən siyasi fiqurlardan biri hesab olunur.
Dəniz NƏSİRLİ