(Beşinci yazı)
(Bəlli ki,) Vətən sevgisini də insanın dürüst qənaəti hasil etməlidir. Əgər bir insanın fərdi yanaşmasında sistemsiz anlamlar üstündürsə, o zaman onun dürüst olmaq şansı itir, çünki zatında zərrəvi qüsurlar – bəlağətsiz günahlar hədsiz nəzər çəkən şəxsin gəldiyi qənaət də yanlış məqsəddə olar.
Yalnız daxili sevgi iddiasında güclü olan insan canını vətənə sipər edə bilər. Necə ki, Milli Qəhrəman Sadiq Hüseynov içindəki qaynar sevgini ailəsinə həyat eşqi, vətənə mental ənənəçi vurğunluq kimi səciyyələndirdi. O, sanki vətənə olan sevgisinin əhatəsində bir asılılıq tapdı, bu bağlılığın yekun təsvirlərini zəruri deyil, batini mənaya sövq etdi. Bununla o, həm də bizə bəzilərinin içindəki yanlışla doğru arasındakı məsamələri israrla çözmək cəsarəti verdi...
Vətənə vurğun qəlblərdə hünər, qorxmazlıq, ən əsası da, qəhrəmanlıq parlaq libasdadır. O qəlblər sevgi adlı aynada min tərz üzə çıxarır, ancaq hər tərzin də bir doğru səmti olmalıdır. Sadiq Hüseynov bu səmti görə bildiyi üçün şəhadətə yüksələ bildi...
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi, bir əhatəli çevrə idi, başqa bir rakursda isə vətənin özü idi. Yəni, içindəki qaynar eşq onun silahı, döyüş meydanı idi...
Nə xoş ki, biz illərdir Vətən oğullarının hünər, əzm və qəhrəmanlıq dolu şücaətlərinin fövqündəyik. Nədənsə onları əhatə edən proseslər bəzən kövrək, bəzən utancaq, bəzən hədsiz çılğın təfərrüatlarla ovqatımızı cilalayır. Cəsur oğullar bizim üçün əbədiyyət dünyasının qapıları üstündə asılmış gur işıqlardır. Hər gün Allaha dua edəndə, bir ricamız da o olur ki, o oğulların - o gur işıqların şölələrini daha ötkəm, daha alovlu etsin.
Bu mənada, tam əminik ki, Azərbaycanın Milli Qəhrəmanı Sadiq Hüseynovun qəhrəmanlıq fövqündəki həyat günəşi heç vaxt Antarktida buzlağına ürcah olmaz, əksinə, Vətən sevdaları o buzlaqları əritmək gücündədir. Həm də təəssüf ki, vaxt-vədə bu buzlaqdan qopan soyuğun təsirini azaltmaq üçün çox gecikdi... Yəni, 34 il əvvəl Sadiq Hüseynov Vətən uğrunda şəhadətə ucaldı, gözlərini əbədi işıqlarla doldurdu. Ancaq o, KİŞİ dəyanətini qəhrəman fəhmi ilə bu soyuqdan qorumağa müvəffəqdir...
Əlbəttə, hər kəs öz yaradılış və təbiətindən qaynaqlanır. Bizim düşüncə və xəyal dünyamızda da kişi-qəhrəman xilqət hadisəsinin ən mühüm prosesidir...
Bu mənada, Vətən sevgili insan, ünvanına daha nə qədər yaraşıqlı söz deyə biləcəyimiz Sadiq Hüseynov ruhunun qapısı açıq Cənnət mələyidir. Əhvalı sabit olmasa da, öz məhvərində dolanır. Biganəliklər, soyuq münasibətlər girdabında üşüsə də, baxışındakı Vətən sevdaları buz bağlamır...
Qismət zahiri mənada könül titrətmək gücündədir, onun daxilə nüfuzu təlatümlər yaradır. Biz (bu israrda) Sadiq Hüseynovu tale və həyat, eləcə də azğın düşmən qarşısında inləyən ürək sahibi kimi görməmişik. İndi o, duyğularının çallaşdığı anlarla üz-üzədir. Vətənin müdafiəsinə gəlişi o çağların “buz dövrü”nə düşüb. Ancaq yorulmayıb, usanmayıb, bezməyib, silahı qoynunda ağır-ağır, bir növ, peşəkar alpinist kimi yüksək pillələrə qalxıb. Onun hər hansı (bir) dilemma qarşısında aciz qalmaq qorxusu olmayıb. O, Vətən duyğularının məzmunundakı sərrastlığı zahiri mənalara sığınacaq etmək zorunda da qalmayıb... Digər tərəfdən, o, heç vaxt ləngərli gələcək axtarmaq məqsədi də güdməyib. Həyat örnəklərində nə təhdid olub, nə qeyri-ciddi məna, mənfi ilə müsbətin çarpışdığı vadidən haqqa doğru səmt tapan arzularına boya sürtmək üçün Vətən naminə çək-çevirlər edib, çılğın fırtınalarında da, dəli rüzgarlarında da hədd gözləyib - sərhəd aşmayıb. O, biganə taleyə qarşı çıxmaq üçün də daim çarpışıb. O, arxa səmtdə azad yaşamağı, sevməyi, dünyanı dəyişdirməyi bəzən faydalı, bəzən faydasız sandığı üçün gözlərində sabaha tutqun baxışlar saxlamayıb. Yaxşı bilib ki, “özgə məkan”larda insanlıq ölmüş şəkildədir. İnsanlığın öldüyü ərazidə də mənəviyyat sınır. Mənən şikəst cəmiyyətin də sivil görünə bilmək gücü olmur. Belə olan halda insan-fərd özünə qısılıb zəlil olmamaq naminə susmağa üstünlük verir...
Allah, (gözü-könlü tox olduğu üçün) Sadiq Hüseynovu heç vaxt tərs ovqatlara tuş etmədi...
Sadiq Hüseynovun insan görkəmində diqqət çəkən əsas nüanslar mənlik, qürur, milli mənsubiyyət, böyük-kiçik öhdəçiliyi və s. olub. O, həmişə həyatı da milli sanıb, hadisələrə də milli ruhla nüfuz edib. Buna görə çox vaxt mental çırpıntıda can verib, sərbəst olmaq sevdasından (“könüllü”) əl çəkib. Əslində, bu, qlobal qayğılardır. Dünyada da əksər hallarda insanların (hətta) giley-güzarları, eyhamlı danışıqları istək atmosferindən yuxarıda olur...
Sadiq Hüseynovun içindəki təlatümün adı Sevgi olub; ailəsinə, doğmalarına və ən əsası da vətənə sevgi... Bu sevginin də bir adı olub: Sadiq Hüseynov.
Sevgi iki fərd arasında zahirdir - yəni 1+1=2. Eşq hisləri bir deyil, bir neçə şəxsə paylanırsa ciddi narazılıq, intensiv küskünlük baş verir – yəni 1+2,3, 4 və s.=10, 11, 12… Bu da bir sıra sual çək-çeviri yaradır, eşqdə mütilik də pis aura, dəyişən ovqata işarə vurur. Yəni 2-1=1 fərqi izhar olur. Qısası, iki sevən şəxs arasındakı qəti küskünlük azalma ilə müşayiət olunur, arada uzaqlıq artır, fərdlər təkliyə düçar olurlar. Əslində, Sadiq Hüseynovun sevgi hissinin düsturu ilk baxışdan 2-1=1 fərqi verir. Bu, diqqətimizdən zərrə qədər də yayınmır. Belə deyək, o, bu düsturla özünü, ailəsini deyil, yalnız vətəni daha üstün tutur.
Sevgi, riyazi olaraq da düz xətt ola bilməz, o, parça şəklində daha müfəssəldir. Çünki bir tərəfdə sevən, o biri tərəfdə də sevilən durur. Ortadakı aralığı da sevgi özü tutur (tutmalıdır). Sadiq Hüseynovun sevgi hissində bu, üçbucaq kəsbi verir: yəni bir təpədə sevən, o biri təpədə sevilən, digər təpədə də Vətən bərqərardır. Bu isə yalnız qəlbdə acı, gözdə yaş artırır... Və artırdı da. Yəni, Sadiq Hüseynov vətəni daha üstün hesab etdiyi üçün canını onun uğrunda fəda etdi, ailəsini və doğmalarını gözləri yaşlı qoydu...
Bəzən çəkisizlik də iztirab doğurur. İnsan sevdiyi an (şübhəsiz) vakuumda çırpınır, sanki boğulur. Bu an o, ümidsizlik acıları dadır. İçi işıqla dolu insanların mütiliyi də bir tərəfdən buna karlı səbəb yaradır. Sadiq Hüseynovun Vətən sevgisi (əslində) bizi belə bir qənaətlə üz-üzə qoyur.
Əlbəttə, Vətən sevgisi zahiri mənada da, batini şəkildə də çətin qəbul edilir. Yəni bu hissin kandarında itki başlıca zəmindir deyə hər kəs öz övladının ölümünə dürüstcə yanaşa bilmir...
Kimsə Sadiq Hüseynovun Vətən sevgisində hayküyçü pafos görmədi, əksinə, o sevgini həmişə inandırıcı istək, ideyalı və tövsiyəli təsir, səfərbəredici güc sardı. Buna görə də biz onun qəhrəmanlığını - Vətən sevgisini günümüzün reallığı kimi qəbul edir və qiymətləndiririk.
Əlbəttə, (qəfil) itki iç göynədir, kədər (də) çox vaxt bir niskil kimi insan gözlərinin dərinliyində əks edir. Burada belə bir zərurət yaranır: bəlkə də insan nə vaxtsa yaşayacağı anı qabaqcadan bildiyi üçün gözləri bulanır, dərinliklərdəki əkslərdə həyat pünhan məcralar çırpındırır...
Necə deyərlər, həyat başlanğıcdan sona qədər sadə bir təsəllidir. Bu təsəlli içində insan həm də Allaha, torpağa və Vətənə eşq tapır. Bu eşqlə də yaşayır, ölür, əbədiləşir. Sadiq Hüseynovun Vətən ruhunda da şərt bu qayədir. O, torpaqlarımız uğrunda canını fəda etməklə özünə əbədilik haqqı qazanıb, igid, cəsur və qəhrəman oğullarımızdan biri kimi yaddaşımızda qalıb. Onun vətəni əks etdirən əməllərində həyat bir salnamə, qəhrəmanlıqlar da o salnamənin ən parlaq səhifələridir.
Biz Sadiq Hüseynovun özündə də bir Vətən çırpıntısı görürük. Onun Vətən hissindəki şuxluq, gözlərindən tökülən Vətən hissi bizi məmnun edir. O, bununla hamımızda qaynar hislər yaradır: Vətən hissi, torpaq şərəfi xalqın milli-mənəvi dəyəridir, şəhidlik uca zirvə, orada qərar tutanlar ölməzdir, üçrəngli bayrağımız fəxarət hissimiz, şəhidi qoynuna alan tabut hər birimizin son haqqıdır və s.
Həyat öz duyğusal anlarını Vətən fədailərinin ömür səhifəsinə caladığı andan insan qəhərdən boğulur. Sadiq Hüseynovun qəhrəmanlıq səhifələri ilə cilalanan duyğuları saf və məsum qəlblərə ağrı kimi çökür, orada müdhiş təlatüm yaradır. Bu məsumluqda bir şəhid təravəti də var. Elə bir təravət ki, yalnız Cənnət insanlarından gəlir.
Demək, şəhidlik sözün həqiqi mənasında hər kəsə müəssər olmur. O zirvəni fəth edənlər nə qədər xoşbəxt və ucadırlar! Bu qənaəti də bizə Sadiq Hüseynovun Vətən sevgisi verir. Bu sevgi (həm də) bizdə başqa bir təəssürat da yaradır: Şəhidlik, əslində, bir zirvədir. Elə bir zirvə ki, hansı səmtdən baxsan Vətən görünür... Elə bir zirvə ki, haradan baxsan, şəhid oğullar, onların qəhrəmanlıqları görünür.
Ən əsası, Azərbaycan da bir Vətən olaraq zaman-zaman Sadiq Hüseynov kimi şəhid oğulların qanları ilə süslənib...
Əziz insanlardan miras qalan hər şey misilsiz həyat cövhəridir. Biz də bunun fərqindəyik və həyatımızı saran doğmalıqlar bəzən uzaq hədlərdə dövr edir deyə bir neçə fövqəladə yaşantını yaddaşımıza sığışdırır, onları daim əziz tutur, bir növ, onları tütyə hesab edirik.
Səmimi deyək ki, vətənin qəhrəman, cəsur oğlu Sadiq Hüseynovun qızı Sadiqə Hüseynovanın “imeil” poçtumuza göndərdiyi sözlər də bizim üçün çox əziz xatirədir, əminik ki, bu dəyərli sözlər zaman-zaman bir çox yeniyetmə və gənc üçün əlahiddə örnək olacaq...
Sadiqə xanım ünvanımıza bu məzmunda müraciət yollayıb:
“Salam. Sizə atam, Azərbaycanın Milli Qəhrəmanı Sadiq Dayandur oğlu Hüseynov haqqında hazırlanmış videonun linkini göndərirəm. Videonu nəzərdən keçirməyinizi xahiş edirəm. Atamın xatirəsi bizim üçün çox dəyərlidir və onun qəhrəmanlığının yaşadılması böyük qürurdur”.
Hörmətlə: Hüseynova Sadiqə Sadiq qızı
Ümid edirik ki, Milli Qəhrəman Sadiq Hüseynovun şərəfli həyat və döyüş yoluna həsr etdiyimiz kitabda zamanın yaddaş qatarı üçün lazım ola biləcək ən dəyərli mətn məhz Sadiqə xanımın bu səmimi sözləri olacaq...
13 aprel 1992-ci il. Havanın təlatüm çağı, küləyin pəjmürdə əsdiyi vaxt qapı döyülür, təəssüf ki, qapının arxasında Hüseynovlar ailəsini əbədi üzəcək bir vəhşət var... Sadiqin tabutunu gətiriblər, kənd əhli bir anda bu acı xəbərə qaçır. Hamı onun başı üzərindədir, təkcə uğrunda can fəda etdiyi Şuşa yoxdur bu izdihamın işində...
İnsanlar axın-axın barmaqlarını Sadiqin tabutuna toxundurur, bir neçəsi də fürsət tapıb tabutu bükən üçrəngli bayrağımızı öpür...
Hamı qəmlidir; hərəni bir pərişan qüssə didir, çoxunun övladı Vətən uğrunda şəhid olub, bir neçəsinin də övladı hələ döyüşür...
Hüseynovlar ailəsinin Sadiqi isə əsl fateh kimi yaddaşlara köçür, doğmalarını cismani yoxluq acıları ilə üzür.
Qəfildən ağsaç mələk-analardan biri bayatı üstündə şivən qoparır:
Limana gəmi gəlib,
Hicranın qəmi gəlib.
Qapıda tabut var, eh, -
Ayrılıq dəmi gəlib...
(Ardı var)
Hikmət Məlikzadə