Xaqani Cəfərli: “...Braziliya və Serbiya seçkilərinin də təsiri var”
Noyabrda keçirilən ABŞ aralıq seçkilərində Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının uğursuzluqla qarşılaşması və Demokratların Konqresdə üstünlüyü ələ alması, Vaşinqton-Təl-Əviv xəttində ciddi geosiyasi dəyişikliklərə yol açır.
Təhlilçilərə görə, bundan əlavə, İsrailin Baş naziri Binyamin Netanyahu İsrail, ABŞ, Braziliya və Serbiyadakı siyasi və seçki prosesləri fonunda qısa müddətdə dörd əsas siyasi zərbə alıb. Bu proseslər fonunda İsraildə hökumət qurmaq üçün lazımi mandat çoxluğu əldə edilə bilməyib, ABŞ-nin İsrailə illik hərbi yardımının dayandırılması gündəmə gəlib, eləcə də Təl-Əvivin Braziliya və Serbiyadakı mövqelərində ciddi dəyişikliklər qeydə alınıb.
Bu baxımdan, son günlər beynəlxalq siyasi gündəmdə diqqətçəkən bir məsələ müzakirə olunur, müxtəlif ölkələrdə keçirilən seçkilərin nəticələri İsrailin baş naziri Benyamin Netanyahunun siyasi mövqelərinə və onun beynəlxalq dayaqlarına nə dərəcədə təsir göstərə bilər?
Dünya mediasında belə bir yanaşma formalaşır ki, qısa müddət ərzində İsrail, ABŞ, Serbiya və Braziliyada baş verən siyasi dəyişikliklər Netanyahu üçün ciddi diplomatik və siyasi zərbə xarakteri daşıyır.
İsraildə Netanyahunun rəhbərlik etdiyi siyasi blok parlament çoxluğunu itirib. ABŞ-da Donald Trampın Respublikaçılar Partiyası aralıq seçkilərdə ciddi məğlubiyyətlə üzləşib və demokratlar Konqresin hər iki palatasında üstünlük əldə ediblər. Serbiyada Aleksandar Vuçiçin siyasi müttəfiqləri hakimiyyəti itiriblər. Braziliyada isə Trampın yaxın siyasi tərəfdarlarından hesab edilən Bolsonaro ailəsinin namizədi Flavio Bolsonaro prezident seçkilərində məğlub olub.
Bu hadisələrin hər birinin öz daxili siyasi səbəbləri olsa da, onların eyni zaman kəsiyində baş verməsi beynəlxalq siyasətdə maraqlı mənzərə yaradıb.
Donald Trampın seçkilərdə məğlubiyyəti onun siyasi nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, İsrailə münasibətdə də müəyyən dəyişikliklərə yol aça bilər. Demokratların Konqresdə üstünlük əldə etməsi İsrailin hərbi əməliyyatlarına, ABŞ-ın ona göstərdiyi maliyyə və hərbi yardımlara daha ciddi nəzarət edilməsinə səbəb ola bilər.
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, 4 noyabrda Konqresə keçirilən seçkilərdə Demokratların qələbəsini Trampın məğlubiyyəti kimi dəyərləndirmək tam doğru deyil. “Doğrudur, bu seçkilər Trampın mövqeyini zəiflədib. Ancaq xarici siyasət bütövlükdə prezidentin müstəsna səlahiyyəti olduğu üçün Trampın öz siyasətini davam etdirmək imkanı var.
Konqresə seçkilərdə İsrailin qəti əleyhidarı olan bir neçə siyasətçinin, xüsusilə ərəb mənşəli Abdul el-Sayedin qələbəsi belə təəssürat yaradır ki, ABŞ İsrail münasibətləri kəskin dəyişikliyə məruz qalacaq. Ancaq bu çox yanlış təəssüratdır. Seçki ərəfəsi ritorika keçəcək. İsrailin ABŞ-dan aslı olduğu kimi, ABŞ-ın da İsraildən aslılığı var. Vaşinqtonda yaxşı başa düşürlər ki, İsrail olmadan ABŞ-ın Asiyaya dönüş strategiyası uğurlu olmayacaq. Ona görə də bu seçki ritorikası keçəndən sonra real politik öz təsirini göstərməyə başlayacaq. Sadəcə olaraq müəyyən zamana ehtiyac var”-deyə ekspert qeyd etdi.
X.Cəfərli eyni zamanda vurğuladı ki, Konqresə seçkiləri Demokratların qazanması Trampın mövqelərini zəiflətdiyi üçün İsrailin Baş naziri Binyamin Netanyahunun da mövqeyini zəiflədir. “Eləcə də Braziliya və Serbiya seçkilərinin də təsiri var. Ancaq həlledici olan İsraildəki parlament seçkilərindən sonra Binyamin Netanyahun hökumət qurmaq üçün çoxluğu qazana bilməməsidir. Binyamin Netanyahun lideri olduğu partiya və seçki bloku seçkidən birinci olaraq çıxsa da, hökuməti qura biləcək qədər mandat qana bilmədi. Müxalifət isə Binyamin Netanyahu ilə işbirliyinə getmir və bu o deməkdir ki, yeni hökumət qurula bilər. Azlıq hökuməti isə uzun müddət davamlı olmayacaq. Çox böyük ehtimalla yaxın bir ildə İsraildə yenidən seçkilər keçiriləcək.
Ancaq bir məsələni dəqiq bilmək lazımdır ki, İsraildə hökumətin başında kimin dayanmasından asılı olmayaraq İsrailin dövlət siyasəti ciddi dəyişməyəcək. Bəlkə də Binyamin Netanyahu güzəştlərə gedə biləcək əsas liderdir. Ona görə də İsraildə hökumət dəyişikliyinə, Binyamin Netanyahun hakimiyyətən gedişinə sevinənlərə tələsməməyi məsləhət görərdim”-deyə X.Cəfərli vurğuladı.
İradə SARIYEVA