Türkiyə polisi Polşadakı "Starlink" peyk interneti yerüstü stansiyasına qarşı törədilən yanğın hücumunda əli olduğu şübhəsi ilə "Daltonlar" cinayət qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirərək 85 nəfəri saxlayıb.
Çərşənbə axşamı 30 vilayətdə eyni vaxtda reydlər həyata keçirilib. “Turkish Minute” nəşrinin məlumatına görə, saxlanılanlar arasında 35 yetkinlik yaşına çatmayan şəxs də var. Əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən koordinasiya edilib. İstintaqçılar hesab edirlər ki, qruplaşma üzvləri sosial media vasitəsilə insanları cəlb edərək onları "WhatsApp" qruplarına əlavə edib və hücumların həyata keçirilməsi üçün təlimatlar veriblər. Növbəti hücumları planlaşdırdıqları ehtimal edilən şübhəliləri müəyyən etdikdən sonra polis axtarışlar aparıb və həmin şəxsləri dindirilmək üçün nəzarətə götürüb.
İstintaq həmçinin Almaniyada iki Türkiyə vətəndaşının saxlanılmasına gətirib çıxarıb. Oktyabrın 12-də Ştutqart yaxınlığındakı Nürtingen şəhərində hüquq-mühafizə orqanları Polşanın tələbi ilə verilmiş Avropa həbs orderləri əsasında 38 yaşlı Ümit E. və 34 yaşlı Müslüm T.-ni saxlayıblar. Ertəsi gün Almaniya məhkəməsi onların Polşa hakimiyyət orqanlarına təhvil verilənə qədər həbsdə saxlanılması barədə qərar çıxarıb. Polşanın Daxili Təhlükəsizlik Agentliyinin oktyabrın 16-da verdiyi məlumata görə, onlar təxribat törətməkdə və xarici kəşfiyyatla əməkdaşlıq etməkdə şübhəli bilinirlər. Almaniyanın “Der Spiegel” jurnalı və ARD ictimai yayım şirkətinin jurnalistləri şübhəlilərin "Daltonlar" qruplaşması ilə əlaqələrini üzə çıxarıblar. Lakin təşkilata rəsmi üzvlüyü sübut etmək çox vaxt çətin olur: qruplaşmanın ittifaqları dəyişir, yerli qolları yaranır və digər cinayətkarlar da onun adından istifadə edə bilirlər.
Yanğın hadisəsi sentyabrın 23-də Varşavanın cənubundakı Vola Krobovska kəndində yerləşən "Starlink" yerüstü stansiyasında baş verib. Yanğın nəticəsində enerji təchizatı sistemi və generator zədələnib. Xəsarət alan olmayıb və stansiya sonradan fəaliyyətini bərpa edib. Qeyd edək ki, İlon Maskın "SpaceX" şirkətinə məxsus olan "Starlink" peyk rabitəsi xidmətindən Ukrayna ordusu Rusiya ilə müharibə zamanı əlaqə və koordinasiya üçün istifadə edir. Polşanın kəşfiyyat xidmətlərinə nəzarət edən naziri Tomaş Semonyak hücuma görə Rusiya kəşfiyyatını məsuliyyətli hesab edib. Türkiyə müstəntiqlərinə görə, "Daltonlar" qruplaşması Rusiyadan idarə oluna bilər. Qruplaşmanın lideri olduğu iddia edilən və İnterpolun "qırmızı bülleten"i ilə axtarışda olan Beratcan Gökdemir ("Can Dalton" ləqəbi ilə tanınır) hazırda Rusiyadadır. O, 2024-cü ildə Rusiyada saxlanılsa da, Ankaranın tələblərinə baxmayaraq, Moskva onu Türkiyəyə ekstradisiya etməyib. Qruplaşma öz adını "Lucky Luke" (Şanslı Lyuk) komiks seriyasındakı "Dalton qardaşları" personajlarından götürüb. Bu qrup gəncləri internet vasitəsilə öz sıralarına cəlb edən və sosial şəbəkələrdə silahların, həmçinin hücumların əks olunduğu görüntüləri paylaşan cinayət şəbəkəsinin bir hissəsidir. Türkiyə prokurorları iddia edirlər ki, qruplaşma üzvləri qətl, silahlı hücum, hədə-qorxu ilə pul tələb etmə və narkotik ticarəti kimi cinayətlərdə iştirak edirlər. 2025-ci ilin dekabrında İstanbul məhkəməsi 362 təqsirləndirilən şəxsin iştirak etdiyi iş çərçivəsində, qruplaşmanın iki yüksək rütbəli üzvü olan Bahadır Akdağ və Zəfər Boyunun hər birini 12 dəfə ömürlük həbs cəzasına məhkum edib. 2026-cı ilin avqustunda isə Türkiyə "Daltonlar" qruplaşmasının fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində 399 şübhəli şəxsə məxsus aktivlərin dondurulduğunu elan edib.
SAMİRƏ