ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bir neçə günlüyə bərpa etmək imkanını nəzərdən keçirir. Amma bu dəfə İranın vurulması üçün Əfqanıstan ərazisindən istifadə xüsusi diqqət mərkəzindədir. Əfqanıstanda mövcud hava limanlarından istifadə olunması İsrailin də xüsusi maraq dairəsindədir. Daha bir mühüm məqam odur ki, ABŞ həm də bu yolla Əfqanıstanı İrana qarşı müharibəyə cəlb etməyə çalışır.
Yüksək döyüş təcrübəsinə malik əfqanlar ölkənin İranla sərhədindən asanlıqla cənub qonşumuzun ərazisinə nüfuz edə bilərlər. Belə bir vaxtda İraq və Pakistanın İranla sərhəd keçid məntəqələrini bağlaması da regionda mümkün müharibəyə hazırlıq hesab olunur. Hadisələrin bu səpkidə inkişafından narahat olan Tehran isə müharibəni ABŞ ərazisinə köçürmək üçün planlar hazırlayır. Bir sözlə, Yaxın Şərqdə vəziyyət yenidən qarışır. “The Atlantic” nəşrinin məlumatına görə, Tramp administrasiyası iqtisadi təzyiqlə hərbi əməliyyatların birləşdirilməsi variantını nəzərdən keçirir. “ABC News” telekanalı da bildirir ki, ABŞ və İsrail orduları yaxın günlərdə İrana mümkün birgə zərbələr endirməyi planlaşdırır. Plandan xəbərdar olan iki israilli mənbə iddia edir ki, İsrail ABŞ-dakı aralıq seçkilərindən sonra İrana birtərəfli qaydada da hücuma keçə biləcəyini Vaşinqtonun diqqətinə çatdırıb. ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Vəli Nəsr bildirir: “ABŞ və İran üçün razılığa gəlmək asan deyil. Beləliklə, biz münaqişənin yenidən alovlanmasına doğru irəliləyirik. Sursat ehtiyatlarının azalmasına baxmayaraq, ABŞ İrana ağır zərbə vurmaq üçün atəş gücünü saxlayır. Tramp nüvə silahlarının istifadəsini rədd etsə də, onun seçimlərinə İran infrastrukturuna, məsələn, elektrik və duzsuzlaşdırma zavodlarına “bütün bombaların anası”nı atmaq daxildir. İsrail də arsenalını İrana qarşı hazır vəziyyətə gətirib”. Aktiv hərbi əməliyyatlara hazırlıqla yanaşı, son aylarda Ağ Ev İran limanlarının dəniz blokadasını gücləndirib. Blokada İrana əhəmiyyətli dərəcədə təsir göstərməyə davam edir. Bu fonda İran xarici ticarətdə daha bir məhdudiyyətlə üzləşir. ABŞ-ın dəniz blokadasının tətbiqindən sonra onun quru yolları da təhlükə altındadır. İraq və Pakistan İran malları və ixracı üçün istifadə edilən bir neçə əsas sərhəd keçid məntəqəsini bağlayıb. İraq hakimiyyəti qaçaqmalçılıqla mübarizə aparmaq üçün keçidlərin bağlanmasının zəruri olduğunu iddia edir, Pakistan rəsmiləri isə öz hərəkətlərini İrana qarşı sanksiyalara riayət etməklə əlaqələndirirlər. Amerika administrasiyası Tehranın istifadə etdiyi ticarət yollarını bağlamaq üçün Türkiyə ilə də sıx işləyir. İran üçün əsas təhdidlərdən biri də qonşu Əfqanıstandan qaynaqlanır. ABŞ və İsrail Əfqanıstandakı hava limanlarından İrana yeni zərbələr endirmək üçün istifadə etmək niyyətindədirlər. Əfqanıstan ərazisində ABŞ və NATO-nun hərbi mövcudluğu dövründə tikilmiş böyük hava limanları mövcuddur və bəzi ekspertlərin fikrincə, onlar İran əleyhinə koalisiya tərəfindən Tehrana qarşı növbəti təcavüz planlaşdırılarkən istifadə edilə bilər. Bu məsələ ilə bağlı artıq Vaşinqton emissarları ilə Taliban nümayəndələri arasında gizli danışıqlar aparılıb. Müzakirə mövzusu məhz Əfqanıstandakı hava limanları olub. Amerikalılar rəsmi Kabilin İran əleyhinə cəbhədə Vaşinqtonla bir yerdə olmasını istəyirlər. Maraqlıdır ki, bu fonda Moskvada müxtəlif dairələr tərəfindən ABŞ hərbi infrastrukturunun Əfqanıstana və regiona qaytarılmasının yolverilməzliyi barədə bəyanatlar verilir. Aydındır ki, Tehran kimi Rusiya da Talibanın İran əleyhinə koalisiyaya effektiv şəkildə qoşulmasını qəbul etmək istəmir. “Chatham House”un əməkdaşı Culia Norman qeyd edir: “ABŞ-ın hazırlıqları həm qısamüddətli mövqe tutma, həm də gələn ay mümkün uzunmüddətli hərbi məqsəd kimi xidmət edib. Düşünürəm ki, Tramp həmişə variantları masada saxlayır. İran da enerji infrastrukturu və ABŞ ilə əlaqəli dövlətləri də əhatə etmək üçün öz hədəf siyahılarını tərtib edir. Bura ilk növbədə İrana qarşı çıxan, ABŞ-nin yanında yer alan qonşu ölkələr daxildir. Beləliklə, hər iki tərəf, şübhəsiz ki, növbəti eskalasiya mərhələsinə çox hazırdır”.
Yayılan məlumatlar göstərir ki, hələ 2022-ci ilin sentyabr ayından ABŞ və İsraillə sıx təmaslara malik şirkət olan “GAAC Holding SPV MMC” Əfqanıstanın hava limanlarının inteqrasiya olunmuş idarəçiliyi ilə məşğul olur. Şirkət Kabil, Qəndəhar, Məzari-Şərif və Herat hava limanlarında yerüstü xidmət və təhlükəsizlik işlərini həyata keçirir. Herat hava limanı hazırkı vəziyyətdə xüsusilə vacibdir, çünki o, İran sərhədinə yaxın yerdə yerləşir. Herat, eləcə də Kabil və Qəndəhar hava limanlarının uçuş-enmə zolaqlarının Amerika ordusu tərəfindən İslam Respublikasına qarşı yeni hücumda istifadə ediləcəyi ehtimalı da bu fonda yüksəlir. Bunlar fonunda Tehrana qarşı çıxan müxtəlif ərəb, kürd və bəluc qrupları sürətlə silah və sursat əldə edir və bu silahlı qrupların yaraqlıları sərhəd boyunca təxribatlarda İran təhlükəsizlik qüvvələri üçün ciddi problemə çevrilir. Cavab tədbiri kimi İran regionda ABŞ bazalarını, diplomatik korpuslarını, infrastrukturu, müttəffiq ölkələri hədəfə alacağını bildirir. Eyni zamanda, Amerika kəşfiyyatı iddia edir ki, İranın ABŞ daxilindəki əməliyyatçıların gizli hücrələrindən sui-qəsd planları qurmaq üçün istifadə edə biləcəyinə dair məlumatlar əldə edib. Bütün bunlar budəfəki savaşın miqyasının daha böyük olacağını göstərir.
Tahir TAĞIYEV