CNN-in iki ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi qüvvələri İrana qarşı yeni genişmiqyaslı hücumlara hazır vəziyyətə gətirilib. Bildirilir ki, prezidentin müvafiq əmri veriləcəyi təqdirdə, ABŞ qüvvələri 96 saat ərzində əməliyyatlara başlaya bilər. Bununla belə, hücumların başlanması barədə yekun qərarın qəbul edildiyi təsdiqlənməyib. Əməliyyatların həyata keçirilməsi ABŞ prezidentinin qərarından asılıdır.
ABŞ-ın İrana qarşı yeni genişmiqyaslı hücuma hazırlaşması Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması riskini nə dərəcədə artırır? Mümkün hücum İranın cavab addımlarına, regionda təhlükəsizlik vəziyyətinə və qlobal enerji bazarına necə təsir göstərə bilər?
Murad Sadəddinov: "...Azərbaycan üçün mümkün miqrasiya riskləri gündəmə gələ bilər"
Politoloq Murad Sadəddinov "Bakı-Xəbər" qəzetinə açıqlamasında ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatlarının Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirəcəyini bildirib. Onun sözlərinə görə, İranın əvvəlki dövrlə müqayisədə hərbi imkanları məhdudlaşıb və bu, ölkənin mümkün hücumlara cavab vermək potensialına da təsir göstərir. Bununla belə, hərbi əməliyyatların miqyası və istiqaməti regiondakı proseslərin gələcək inkişafını müəyyən edəcək.
Politoloq hesab edir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ilk növbədə qonşu ölkələr üçün təhlükəsizlik risklərini artıra bilər. İranın cavab zərbələri əsasən pilotsuz uçuş aparatları və ballistik raketlər vasitəsilə həyata keçirilə bilər. Bununla yanaşı, Tehran ABŞ-la müxtəlif səviyyələrdə münasibətləri olan region ölkələrinə qarşı da müəyyən addımlar ata bilər.
Murad Sadəddinovun fikrincə, İranın əvvəlki müharibədən sonra hərbi potensialı zəiflədiyindən, bu dəfə əks-zərbələrin miqyası da məhdud ola bilər. İranın Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etmək imkanları da əvvəlki dövrlə müqayisədə dəyişib. Onun sözlərinə görə, region ölkələrinin alternativ enerji marşrutları axtarması dünya bazarının bu boğazdan asılılığını müəyyən qədər azaldıb.
Politoloq qeyd edib ki, hərbi əməliyyatlar beynəlxalq bazarlarda neft qiymətlərinin artmasına səbəb ola bilər. Belə vəziyyətlərdə qiymətlərə yalnız real təchizat problemləri deyil, həm də birjalardakı spekulyativ əməliyyatlar təsir göstərir. Onun qənaətinə görə, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşması neftin qiymətini qısamüddətli artıra bilər, lakin bunun uzunmüddətli və kəskin bahalaşmaya çevriləcəyini düşünmür.
M.Sadəddinov bildirib ki, mümkün hərbi əməliyyatların əvvəlkilərdən əsas fərqi İranın iqtisadi və enerji infrastrukturunun hədəfə alınıb-alınmayacağı ilə bağlı ola bilər. Onun sözlərinə görə, əvvəlki qarşıdurmada əsas zərbələr hərbi obyektlərə yönəldilmiş, neft-qaz sənayesinə isə genişmiqyaslı hücumlar həyata keçirilməmişdi. Bu dəfə elektrik stansiyaları və enerji şəbəkələri də hədəfə alınarsa, İranın böyük şəhərlərində su və elektrik təchizatında ciddi problemlər yarana bilər.
Politoloq vurğulayıb ki, belə bir ssenari əhalinin yaşayış şəraitini ağırlaşdıra, insanların şəhərlərdən kəndlərə köçməsinə və ölkəni tərk etməsinə səbəb ola bilər. Bu isə qonşu dövlətlər, o cümlədən Azərbaycan üçün mümkün miqrasiya riskləri gündəmə gələ bilər. Bununla belə, o, əvvəlki qarşıdurma zamanı mülki əhaliyə və iqtisadi infrastruktura genişmiqyaslı zərbələrin endirilməyəcəyini gözlədiyini, bu səbəbdən də qaçqın axını ehtimalını aşağı qiymətləndirdiyini xatırladıb.
M.Sadəddinovun fikrincə, yeni hərbi qarşıdurma enerji bazarlarına müəyyən təsir göstərsə də, dünya neft bazarında uzunmüddətli və kəskin böhran yaradacağı qənaətində deyil. O hesab edir ki, qiymətlərdə mümkün artım əsasən qısamüddətli xarakter daşıya bilər.
Akif NƏSİRLİ