Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı ildən baş müşaviri vəzifəsini tutmuş Oktay Saral Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırıldığı iddiası ilə çıxış edərək ölkəmizi tənqid etmiş, bunu “qəbuledilməz” adlandırmış və Azərbaycanı bu addımdan geri çəkilməyə çağırmışdı. Onun bu açıqlamaları Azərbaycanda daxili işlərə müdaxilə kimi qiymətləndirilmiş və ciddi narazılıq doğurmuşdu. Oktyabrın 26-da Saral tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. O, istefasının inandığı dəyərlərdən və xalqa xidmət amalından geri çəkilmək demək olmadığını, bundan sonra da Ərdoğanın yanında olacağını bildirib.
Saralın bu açıqlaması onun Azərbaycana qarşı əvvəlki mövqeyindən geri çəkilmədiyi, əksinə, həmin mövqeyi özünün müdafiə etdiyi dəyərlərin tərkib hissəsi hesab etdiyi kimi başa düşülür.
Oktay Saral 2016-cı ildən Türkiyə Prezidentinin baş müşaviri kimi fəaliyyət göstərib, əvvəllər bələdiyyə sədri və millət vəkili olub. Belə uzun siyasi təcrübəyə malik bir şəxsin Azərbaycanın daxili məsələsi ilə bağlı sərt ittihamlar səsləndirməsini və istefasından sonra da inandığı dəyərlərdən geri çəkilmədiyini vurğulamasını necə qiymətləndirmək olar? Bu bəyanat onun Azərbaycana qarşı tənqidini haqlı hesab etdiyini və mövqeyində israr etdiyini göstərirmi, yoxsa istefasının siyasi məsuliyyətini fərqli şəkildə təqdim etmək cəhdidir?
Elşad Həsənov: "Azərbaycan heç kimin vassalı və kiçik qardaşı deyil"
Politoloq Elşad Həsənov "Bakı-Xəbər" qəzetinə müsahibəsində Azərbaycanla Türkiyə arasında məktəblərdə hicab məsələsi ətrafında yaranan müzakirələrə və bunun fonunda baş verən siyasi proseslərə münasibət bildirib. O, Azərbaycanın daxili işlərinə kənardan müdaxilə cəhdlərini qəbuledilməz hesab etdiyini vurğulayıb.
Politoloqun sözlərinə görə, Azərbaycanda məktəb forması ilə bağlı tələblərin icrası bəzi valideynlərin, xüsusilə hicablı uşaqların valideynlərinin narazılığına səbəb olub. Bu məsələ sonradan ölkə hüdudlarından kənarda da müzakirələrə yol açıb, Türkiyədə və İranda Azərbaycanın mövqeyinə qarşı etiraz aksiyaları keçirilib. Həsənovun fikrincə, belə hadisələrdən Azərbaycanın daxili siyasətinə müdaxilə etmək üçün istifadə olunması yolverilməzdir.
Elşad Həsənov, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş baş müşaviri olmuş Oqtay Sarıalın Azərbaycanla bağlı açıqlamalarını tənqid edib. Onun fikrincə, başqa ölkənin nümayəndəsinin Azərbaycanın daxili məsələləri ilə bağlı təzyiq və tənqid xarakterli mövqe sərgiləməsi düzgün deyil. Politoloq hesab edir ki, belə çıxışlar cəmiyyətdə həmin fikirlərin Türkiyə rəhbərliyinin mövqeyini əks etdirdiyi barədə yanlış təsəvvür yarada bilər.
"Azərbaycan dünyəvi dövlətdir və heç kimin vassalı, heç kimin kiçik qardaşı deyil. Türkiyə ilə münasibətlərimiz qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanır. Biz bərabərhüquqlu tərəfdaşlarıq və bu münasibətlər çərçivəsində Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini qəbul edə bilmərik", – deyə politoloq bildirib.
Həsənovun sözlərinə görə, Azərbaycanla bağlı sərt açıqlamalar və etiraz aksiyaları iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək amillərdir. O, Türkiyədə Azərbaycan əleyhinə keçirilən aksiyalarda səsləndirilən fikirlərin və bu proseslərdə iştirak edən şəxslərin fəaliyyətinin araşdırılmasının vacibliyini qeyd edib. Politoloq, həmçinin, Azərbaycana girişinə qadağa qoyulan 31 Türkiyə vətəndaşı ilə bağlı qərarı bu kontekstdə dəyərləndirib.
İstanbulda Azərbaycan konsulluğunun qarşısında keçirilən aksiyada çıxış etmiş Məhəmməd Emin Yıldırımın saxlanılması barədə yayılan məlumatlara da toxunan Həsənovun fikrincə, Azərbaycan-Türkiyə münasibətlərinə zərər vura biləcək fəaliyyətlərə hüquqi qiymət verilməlidir. Bununla belə, o, konkret şəxslərin hərəkətləri ilə Türkiyə cəmiyyətinin və ya dövlət rəhbərliyinin mövqeyini eyniləşdirməyin düzgün olmadığını vurğulayıb.
Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün də əhəmiyyətlidir. Onun sözlərinə görə, əhalisi, iqtisadi potensialı, enerji resursları və hərbi imkanları ilə seçilən türk dövlətlərinin daha sıx əməkdaşlığı bəzi regional və beynəlxalq aktorları narahat edə bilər. Həsənov bu proseslərə mane olmaq istəyən qüvvələrin mövcudluğunu istisna etməyib, lakin belə iddiaların konkret faktlarla əsaslandırılmasının vacibliyini də nəzərə almağın lazım olduğunu deyib.
Elşad Həsənov hesab edir ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin qorunması üçün hər iki ölkənin müvafiq qurumları təxribat xarakterli fəaliyyətlərə və mümkün müdaxilə cəhdlərinə diqqətlə yanaşmalıdır. O, belə halların arxasında dayanan məqsədlərin və maliyyəa mənbələrinin araşdırılmasını vacib sayıb.
Politoloqun qənaətinə görə, Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanmalıdır. Bu münasibətlərin möhkəmlənməsi üçün ayrı-ayrı şəxslərin açıqlamalarının iki ölkə arasında etimadı sarsıtmasına imkan verilməməlidir.
Akif NƏSİRLİ