Moskvada Azərbaycan ilə Rusiya arasında enerji əməkdaşlığının gündəliyində duran aktual məsələlər müzakirə olunub. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
Nazir bildirib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Tsivilyovla görüşüb. Görüş zamanı həm GECF çərçivəsində tərəfdaşlıq, həm də Azərbaycan-Rusiya enerji əməkdaşlığının aktual bəndləri ətrafında fikir mübadiləsi aparılıb. Bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, rəsmi Bakı Rusiyanın "Qazprom" şirkətindən yenidən qaz almaq niyyətindədir. Azərbaycan 2022-ci ildə də sözügedən şirkətlə qaz tədarükünə dair müqavilə imzalamışdı. Həmin razılaşmaya əsasən, 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər Rusiyadan Azərbaycana 1 milyard kubmetrə yaxın qazın nəqli nəzərdə tutulurdu. Lakin son illərdə Azərbaycanın sanksiyalar altında olan şimal qonşusundan qaz idxalını əhəmiyyətli dərəcədə azaltdığı bildirilirdi. Bu arada, Qaz İxrac Edən Ölkələr Forumunda müəyyən maraqlı təkliflər də səslənib. Forum iştirakçıları GECF üzv ölkələrində qaz layihələrinə dəstək vermək üçün bankın yaradılması məsələsini müzakirə edirlər. Rusiyanın energetika naziri Sergey Tsivilev bildirib: "Biz Qaz Bankının yaradılması təşəbbüsünü irəli sürürük. Belə bir qurumun yaradılması Afrika və digər qitələrdə qaz infrastrukturunun inkişafı üçün uzunmüddətli maliyyələşdirmə aləti təmin edəcək". Tsivilev əlavə edib ki, Qaz Bankı qlobal enerji bazarının inkişafının hərəkətverici qüvvəsinə çevrilə və ölkələrə yalnız maliyyə məhsulları ilə deyil, həm də ən böyük bazar oyunçularından məsləhət dəstəyi və biznes həlləri təqdim edə bilər.
Xatırladaq ki, Qaz İxrac Edən Ölkələr Forumu beynəlxalq hökumətlərarası təşkilatdır. GECF-in əməliyyat müqaviləsi 30 sentyabr 2009-cu ildə qüvvəyə minib. Onun tamhüquqlu üzvləri Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, BƏƏ və Venesueladır. 2011-ci ildən bəri forumun iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşləri hər iki ildən bir keçirilir. Lakin bütün qaz ixrac edən ölkələr GECF-də iştirak etmir. Məsələn, dünyanın ən böyük təbii qaz istehsalçısı və ixracatçısı olan ABŞ Qaz İxrac Edən Ölkələr Forumunda iştirak etmir. Hazırda Avropa bazarlarına ən böyük qaz tədarükçüsü olan Norveç də GECF-də iştirak etmir. GECF-in məlumatına görə, qlobal qaz istehsalı son bir ildə 1,2% artaraq 4,23 trilyon kubmetrə çatıb ki, bu da Şimali Amerika, Yaxın Şərq və Afrikada istehsalın artması ilə əlaqədardır. ABŞ-da qaz istehsalında 43 milyard kubmetr artım müşahidə olunub, Çin və Kanada isə müvafiq olaraq 12 milyard kubmetr və 8 milyard kubmetr əlavə ediblər. GECF üzv ölkələri qlobal təchizatın mərkəzi sütunu kimi çıxış edərək ümumi qaz istehsalının 38%-ni təşkil edib. GECF üzv ölkələri dünyanın təsdiqlənmiş təbii qaz ehtiyatlarının təxminən 70%-ni və qlobal qaz ixracının 42%-ni təşkil edir. GECF ölkələrinin qlobal mayeləşdirilmiş təbii qaz ixracındakı payı təxminən 47% olaraq qiymətləndirilir. Qlobal qaz ticarəti ötən il 3% artaraq 1,2 trilyon kubmetrə çatıb ki, bu da əsasən mayeləşdirilmiş təbii qazın istehsalının kəskin artması ilə əlaqədardır.
Tahir TAĞIYEV